Əsirlərə qarşı bir neçə ittiham irəli sürülüb
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanda əsir götürülən iki hərbçisinə qarşı cinayət işi açılıb.
Bu barədə aprelin 17-də Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
“Azərbaycan vətəndaşları Aqşin Bəbirov və Hüseyn Axundov bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah, döyüş sursatını gömrük nəzarətindən gizlədərək qanunsuz daşımaqda ittiham olunurlar”, – deyə məlumatda qeyd olunub.
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bonola ilə görüşündə əsirlərin məsələsini gündəmə gətirib.
Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.
Bununla yanaşı, nazir Azərbaycanın iki hərbçisinin əsir götürüldüyünü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyini və onların dərhal azad edilməsinin vacibliyini vurğulayıb.
Aprelin 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Aqşin Bəbirov və Hüseyn Axundov barədə məlumat yayıb.
Bildirilir ki, 2004-cü il təvəllüdlü A.Bəbirovun və 2003-cü il təvəllüdlü H.Axundovun zəruri axtarış və araşdırma davam etdirilir.
Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki hərbi qulluqçusunun yolu itirərək azması haqda məlumat yaymışdı.
Nazirlik hərbçilərin kimliyinə aydınlıq gətirməsə də, onların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü qeyd etmişdi.
Hərbçilərdən Aqşin Bəbirovun dayısı Yaşar Musayev xəbəri Meydan TV-yə təsdiqləmişdi.
Sonradan Ermənistan sosial şəbəkəsində A.Bəbirovun saxlanılması barədə video yayılsa da, Hüseyn Axundovun taleyi naməlum qalmışdı.
Hüseyn Axundovun Lənkəran rayonundan hərbi xidmətə çağırıldığı qeyd olunur.
Onlar 1 ilə yaxındır ki, hərbi xidmətdədirlər.
ABŞ-ın Azərbaycandakı səfriliyi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu gün hərbçilərə qarşı zorakı rəftarla bağlı açıqlama yayıblar.
Bildirilir ki, Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qeyd edib ki, hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərdən məlumatlıdır.
Qurum müvafiq mandatla onlarla görüşmək üçün hakimiyyət nümayəndələri və saxlanılan şəxslərin ailələri ilə təmasda olduğunu bildirib.