Ermənistanda 362 nəfərə qarşı fərarilik ittihamı irəli sürülüb

Ermənistan Prokurorluğu. Foto: “arka.am”

Onları 44 günlük müharibə zamanı fərarilikdə ittiham edirlər

Ermənistanda 756 nəfərə qarşı fərarilik və hərbi xidmətdən imtina etmə maddələri ilə ittiham irəli sürülüb.

Onları 2020-ci ildə baş verən 44 günlük müharibə zamanı fərarilikdə ittiham edirlər.

Bu barədə aprelin 25-də Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq Cinayət Məcəlləsinin 361 (hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə), 362 (fərarilik) və 364 (hərbi xidmətdən imtina) maddələr ilə 10 687 şəxs barəsində 1786 cinayət işinin başlandığını deyib:

“İbtidai istintaq zamanı icraatın birləşdirilməsi nəticəsində onların sayı hazırda 226-dır. 143 şəxs üzrə 118 iş məhkəməyə göndərilib. Onlardan 58-i (təqsirləndirilən şəxslərin sayı 64-dür) üzrə məhkəmə prosesi başa çatıb. Daha 60 iş (müttəhimlərin sayı 79-dur) məhkəmə mərhələsindədir”.

“Sputnik-Ermənistan” yazır ki, Müdafiə Nazirliyi Baş Prokurorluğun açıqlamasını şərh etməkdən imtina edib.

Bundan əvvəl Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan 44 günlük müharibə zamanı 11 min fərarinin olduğunu söyləmişdi.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəDünyaErmənistanda 362 nəfərə qarşı fərarilik ittihamı irəli sürülüb