Ermənistana qaçqınların axını nəticəsində ölkədə evlərin kirayəsi xeyli artıb

Qarabağdan köçənlər. Foto: Alvard Qriqoryan

Hakimiyyət Qarabağdan gələn sakinlərin status məsələsini müzakirə edir

“Kavkazski uzel”in materialı

Qarabağın Ermənistana gəlmiş sakinləri iki proqram üzrə yardım ala bilərlər. Onların statusu hakimiyyət tərəfindən müzakirə olunur.

 Əmək Nazirliyi və Miqrasiya Xidmətinin nümayəndələri belə xəbər verib.

“Hakimiyyətin nəzərdə tutduğu ödəmə şəhərlərdə evlərin kirayəsinə çatmayacaq, belə ki, Ukraynada hərbi əməliyyat fonunda rusların Ermənistana axınından sonra artan qiymətlər Dağlıq Qarabağdan qaçqınların gəlməsi nəticəsində daha da yüksəlib”, – daşınmaz əmlak üzrə mütəxəssis söyləyib.

“Kavkazski uzel” Ermənistan hakimiyyətinin məlumatına əsasən yazır ki, oktyabrın 1-də Qarabağdan gələn qaçqınların sayı 100 514 nəfərə çatıb.

“Sonuncu avtobus evini özü tərk edə bilməyən 15 adamı gətirib”,- Qarabağ “ombudsman”ı oktyabrın 1-də xəbər verib. Oktyabrın 2-də BMT missiyası bəyan edib ki, Qarabağda yerli əhalidən 1000-ə yaxın adam qalıb. Ermənistan hökuməti birdəfəlik yardım verilməsi və aylıq ödəmə üçün qaçqınların qeydiyyatına başlayıb.

“Dağlıq Qarabağdan gələn ermənilərə maliyyə yardımı üzrə iki proqram işlənib hazırlanıb”. Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Zara Manuçaryan “Kavkazski uzel”in müxbirinə belə söyləyib.

Onun dediyinə görə, ilk proqram sentyarın 24-dən sonra Qarabağı tərk edən hər adama 100 min dram (təxminən 248 ABŞ dolları) həcmində birdəfəlik ödəməni nəzərdə tutur.

“İkinci proqram ev kirayəsi üçün 40 min dram (təxminən 100 ABŞ dolları) və hər bir ailə üzvü üçün kommunal xidmətə görə 10 min dram (təxminən 25 ABŞ dolları) həcmində kompensasiya nəzərdə tutur. Ödəmələr yarım il ərzində həyata keçiriləcək. Ev kirayəsi və kommunal xidmətlərə görə kompensasiyanın alınması üçün qeydiyyat proseduru bu günlərdə təsdiqlənəcək”, – o qeyd edib.

“Birinci proqramda nəzərdə tutulmuş ödəmə bank kartlarına köçürüləcək. Kartı olmayanlar onu Ermənistanın istənilən bankında pulsuz əldə edə bilər”, – nazirliyin nümayəndəsi əlavə edib.

“Hakimiyyət Dağlıq Qarabağdan gedən sakinlərin status məsələsini müzakirə edir”. Miqrasiya Xidmətinin mətbuat katibi Nelli Davtyan xəbər verib.

“Onlara status veriləcək, hansı status veriləcəyi isə hələlik məlum deyil. Qaçqınlar və Ermənistan vətəndaşları eyni sosial hüquqa, həmçinin təhsil hüququna malikdir. Ayrı-ayrı məhdudiyyətlər var. Bu məhdudiyyətlərə həmçinin əmlak hüququ və xaricə çıxmaq hüququ daxildir”, – o, “Kavkazski uzel”in müxbirinə deyib.

“Əmək bazarının, tibb sahəsinin, məktəb və uşaq bağçalarının əlçatanlığı qaçqın statusu ilə bağlı deyil, bu, lokal qərardır və o müəyyən şərtlər nəzərə alınmaqla qəbul edilir”, – mətbuat katibi əlavə edib.

“Qaçqınların seçmək hüququ və dövlət xidmətlərinə seçilmək hüququ yoxdur”, – Azərbaycan Erməniləri Assambleyasının rəhbəri Qriqori Ayvazyan qeyd edib.

“Qaçqınlar həmçinin icbari səfərbərliyə və orduya çağırılmır. Qaçqınlara de-yure və de-fakto digər ölkələrə getmək qadağan olunub. Qaçqınların sənədinə viza vurulmur, belə ki, onun geri dönməyəcəyindən qorxurlar”, – o, “Kavkazski uzel”in müxbirinə izah edib.

“Sosial sahədə qaçqınlarla Ermənistan vətəndaşları arasında hər hansı bir fərq yoxdur”, – Ayvazyan əlavə edib.

“Ermənistanda evlərin kirayəsi süni şəkildə artıb“, – broker Vardan Arutyunyan “Kavkazski uzel”in müxbirinə bəyan edib. Onun dediyinə görə, daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi Ukraynada münaqişənin başlanması və Rusiyada səfərbərliyin elan olunması ilə bağlıdır.

“Yazda bazar nisbətən sabitləşmişdi, hərçənd əvvəlki göstəricilər qayıtmamışdı. Və budur, indi Artsax (“Dağlıq Qarabağ Respublikası”) veriləndən və oradakı ermənilər bura gələndən sonra daşınmaz əmlak bazarında qiymət yenidən kəllə-çarxdadır”, – broker qeyd edib.

“Üç nəfərdən ibarət ailə Yerevanda 300 ABŞ dollarına ev tuta bilməz”, – Arutyunyan əlavə edib. “Şəhər ətrafında yeni tikilidə studiya mənzillərin kirayəsi 250 min dramdan (təxminən 621 ABŞ dolları) başlayır. İlk gün müştərilərimdən biri üçün Artsaxdan (“Dağlıq Qarabağ”) olan beş ailəyə 180-200 min drama (447-497 ABŞ dolları) mənzil tapdım, lakin ertəsi gün dörd mənzilin sahibi kirayə haqqını 50-70 min dram (124-174 ABŞ dolları) qaldırdı. Rusiyadan mühacir axını olmazdan əvvəl ikiotaqlı mənzili 100-120 min drama (248-298 ABŞ dolları) kirayələmək olardı. Hazırda bu cür mənzillər iki-üç dəfə bahalaşıb”, – broker qeyd edib.

“Yerevana yaxın bütün şəhərlərdə ev qıtlığı müşahidə olunur”, – o deyib.

“Şəhər əhalisi şəhərdə ev tutmağa üstünlük verir. Hazırda Gümrüdə ev tapmaq müşküldür. Kənd sakinlərinə daha rahatdır, çoxsaylı təkliflər, o cümlədən evlərin pulsuz verilməsi təklifləri var”, – Arutyunyan sonda deyib.

Ana səhifəSosialErmənistana qaçqınların axını nəticəsində ölkədə evlərin kirayəsi xeyli artıb