Bakı təkzib edir: “Ordudakı özbaşınalığı ört-basdır edirlər”
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanı erməni hərbçisini yaralamaqda ittiham edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, noyabrın 18-də saat 09:50-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Paruyr Sevak yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqeyinə atəş açması nəticəsində bir erməni hərbçisi yaralanıb.
Hərbçinin səhhəti orta-ağır olaraq qiymətləndirilir.
Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib.
“Ermənistan Müdafiə Nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir”, – Azərbaycan MN-nin məlumatında deyilir.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda anti-terror əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb.