Rəsmi Bakı görüşün yaxın zamanlarda baş tutacağına ümid edir
İyunun 12-nə Vaşinqtonda təyin edilmiş Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş baş tutmayacaq.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bildirdiyinə görə, Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti mərhələsi təxirə salınıb.
Ani Badalyan görüşün tarixlərinin gələcəkdə açıqlanacağını desə də, konkret nə zaman sualına cavab verməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbaut İdarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-nin bu barədə sorğusuna cavab verib.
Hacızadə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır:
“Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”.
“Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, – deyə Hacızadə əlavə edib.
“Turan”ın Vaşinqton müxbiri diplomatik mənbələrə istinadən bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raunduna hazırlıq bəzi çətinliklər olsa da, davam edir:
“Böyük ehtimal var ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın qarşıdakı görüşü iyunun 12- də, hətta öncə nəzərdə tutulduğu kimi, gələn həftə də baş tutmasın. Söhbət ancaq vaxt və logistikadan gedir. Yəqin ki, görüş təxirə salına bilər, amma əlbəttə ki, ləğv edilmir”.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.