Ermənistan XİN beynəlxalq ictimaiyyəti Azərbaycana təzyiq göstərməyə çağırır

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Azərbaycan tərəf Ermənistanın qəsdən gərginlik yaratdığı qənaətindədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin fəal iştirakının və Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməsi, blokadanın aradan qaldırılması üçün Azərbaycana təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Bu barədə martın 24-də “Azadlıq” Radiosunun erməni bürosu Ararat Mirzoyanın Misirin “AlQahera News” telekanalına müsahibəsinə istinadən məlumat yayıb.

Ermənistan vəziyyəti yerində qiymətləndirmək üçün dərhal beynəlxalq faktaraşdırıcı missiyanı Dağlıq Qarabağa və Laçın dəhlizinə göndərməyə çağırıb. Sirr deyil ki, belə bir missiya təklifi Azərbaycan tərəfindən dəfələrlə rədd edilib və bu, Bakının beynəlxalq ictimaiyyət qarşısında şəffaf və hesabatlı olmaq istəmədiyini açıq şəkildə nümayiş etdirir”, – deyə Mirzoyan müsahibəsində bildirib.

Sülh müqaviləsi ilə bağlı sualı cavablandıran xarici işlər naziri deyib ki, 2022-ci ilin dekabrından Yerevan əsas məsələlərin ədalətli həlli prosesində irəliləməyə çalışaraq, müqavilə layihələri ilə bağlı bir sıra təkliflər mübadiləsi aparıblar:

a
Mənbə: Reuters

Ermənistan tərəfinin təkliflərindən biri də dövlət sərhədinin delimitasiyası ilə bağlı meyarların dəqiqləşdirilməsidir. Növbəti təklif hər hansı mümkün eskalasiyanın qarşısını almağa kömək edəcək etimad tədbiri və təhlükəsizlik mexanizmi kimi dövlət sərhədindən hərbi qüvvələrin çıxarılması və sərhəd boyu demilitarizasiya zonasının yaradılmasıdır. Vacib komponent kimi Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri ilə məşğul olacaq beynəlxalq mexanizm olmalıdır”.

Təəssüf ki, səylərimizə cavab olaraq, danışıqlar zamanı təkcə Azərbaycanın barışmaz və maksimalist yanaşmasını deyil, həm də aqressiv hərəkətlərini müşahidə edirik”, – deyə Mirzoyan fikrini yekunlaşdırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə martın 24-də deyib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir:

Ayxan Hacızadə. Foto: “azertag.az”

Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir. Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir”.

Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır”,-deyə Hacızadə əlavə edib.

Martın 23-də Ermənistanın Baş naziri “Twitter”-də yazmışdı ki, yeni eskalasiya olmayacaq. Baş nazir Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağını da vurğulamışdı.

Ana səhifəSiyasətErmənistan XİN beynəlxalq ictimaiyyəti Azərbaycana təzyiq göstərməyə çağırır