14 Ermənistan vətəndaşına hökm oxundu (yenilənib)

Prokuror təqsirləndirilən şəxslərə iş istədi

Source: Report.az


18.03.


Azərbaycanla Ermənistan arasında müharibə dayandırılandan sonra Hadrut meşələrində saxlanıldığı deyilən və bir müddətdir Bakıda məhkəməsi keçirilən Ermənistan vətəndaşlarından 14 nəfərin məhkəməsi yekunlaşıb.


İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə onlara hökm oxunub.


Hökmə əsasən, onlara qarşı Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən odlu silahla terrorçuluq), 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama, daşıma və gəzdirmə), 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində basqın etmə) maddələrilə irəli sürülmüş ittihamlara xitam verilib. Ermənistan vətəndaşları Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsilə təqsirli bilinib. Bu ittihamla da təqsirləndirilən şəxslərdən Qraç Avakyan və Gerğam Serobyanın hər biri 4 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – Armen Baqasyan, Qor Qasparyan, Kamo Sefilyan, Volodya Hakobyan, Gevorq Asetryan, Sisak Yenqoyan, Albert Petrosyan, Romik Sedrakyan, Aram Minasyan, Mkrtıç Minosyan, Edqar Matesyan və Yuri Karapetyana isə 6 il azadlıqdan məhrumetmə cəzası kəsilib.

***


Prokuror təqsirləndirilən şəxslərə iş istədi

Azərbaycanla Ermənistan arasında müharibə dayandırılandan sonra Hadrut meşələrində saxlanıldığı deyilən, bir müddətdir Bakıda məhkəməsi keçirilən Ermənistan vətəndaşlarından 14 nəfərin məhkəməsi yekunlaşır. İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Bundan əvvəl şahidlər dindirilib, onlar təqsirləndirilən şəxslərin saxlanması barədə danışıblar. Daha sonra məhkəmə araşdırmalarının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsi başlayıb.

Prokuror çıxışında təklif edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlardan əksəriyyətinə xitam verilsin. Söhbət Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən odlu silahla terrorçuluq), 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama, daşıma və gəzdirmə), 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində basqın etmə) maddələrilə verilmiş ittihamlardan gedir. Dövlət ittihamçısı onların Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsilə təqsirli bilinərək, cəzalandırılmasını istəyib. O, təqsirləndirilən şəxslərdən Qraç Avakyan və Gerğam Serobyanın 5 il, digər təqsirləndirilənlər – Armen Baqasyan, Qor Qasparyan, Kamo Sefilyan, Volodya Hakobyan, Gevorq Asetryan, Sisak Yenqoyan, Albert Petrosyan, Romik Sedrakyan, Aram Minasyan, Mkrtıç Minosyan, Edqar Matesyan və Yuri Karapetyanın hər birinin isə 2 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkillər çıxış edib, ardınca Ermənistan vətəndaşları son sözlərini deyib. Onlar həbsdən azad edilmələrini, ölkələrinə qayıtmalarını istəyiblər.

Hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib.

Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxslər müşahirədən sonra silahlanaraq, gizli şəkildə meşələrdə yerləşib, orada Azərbaycana qarşı terror-təxribatlar törətməklə məşğul olublar. Onlar dekabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdiriliblər.

Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, onlar Hadrut meşələrinə özbaşına gəlməyiblər. Onları noyabrın 26-27-də Gümrüdə hərbi komissarlıqdan göndəriblər. Yolda rus sülhməramlılar da onları görüblər. Hətta ruslar onları müşayiət edən polkovniklə söhbətləşiblər. Onları yoxlamadan buraxıblar: “Bizə göndərəndə demişdilər ki, orada növbə çəkəcəyik. Dekabrın 13-də əmr gəldi ki, növbə dəyişir. Biz də dağdan aşağı düşəndə Azərbaycan hərbçiləri bizi saxladı“.

Ana səhifəXəbərlər14 Ermənistan vətəndaşına hökm oxundu (yenilənib)