Ermənistan səfiri Azərbaycan səfirinin onu öldürməklə hədələdiyini deyir

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Belçika hökuməti və Avropa İttifaqı məlumatlandırılıb, Vaqif Sadıqov ittihamı “gülməli” adlandırıb

Ermənistanın Belçikadakı səfiri Tiqran Balayan azərbaycanlı həmkarı, səfir Vaqif Sadıqov tərəfindən “şifahi hücumlara və hədə-qorxulara” məruz qaldığını deyib.

Bu barədə noyabrın 4-də “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, insident Brüsseldə “Tangla” hotelində Türkiyə səfirliyinin ölkənin milli günü şərəfinə təşkil etdiyi qəbulda baş verib:

“Bu, 2020-ci il müharibəsindən sonra Ermənistan səfirliyinin Ankaranın sponsorluğu ilə dəvət edildiyi ilk tədbirdir”.

Ancaq Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov deyilənləri təkzib edib.

O bildirib ki, bu, “gülməli ittiham”dır.

“Mənim heç bir məktubdan və ya ittihamdan xəbərim yoxdur – erməni diplomatlar istədiklərini deyə bilərlər”, – deyə o əlavə edib.

Ermənistan səfirliyi mübadilə ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Türkiyə səfirliyi isə sorğuya cavab verməyib.

Noyabrın 5-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan da Ermənistanın Belçikadakı səfiri Tiqran Balayanın azərbaycanlı diplomat tərəfindən təhdidə məruz qaldığını iddia edib.

Nazir müavini yerli jurnalistlərə bildirib ki, onlar Belçika hökumətinə və Avropa İttifaqına bəyanatlarını çatdırıblar:

“Hazırda faktla bağlı araşdırma aparılır. Hələlik heç bir reaksiya yoxdur”.

Ana səhifəSiyasətErmənistan səfiri Azərbaycan səfirinin onu öldürməklə hədələdiyini deyir