“Ermənistan prezidentinin bəyanatı çox ciddi siqnal kimi qəbul edilməlidir”

“Şübhəsiz, bu birmənalı olaraq Ermənistandakı daxili siyasi duruma öz təsirini göstərməkdədir”

Source:


“Şübhəsiz, bu birmənalı olaraq Ermənistandakı daxili siyasi duruma öz təsirini  göstərməkdədir”

Son iki ayda Dağlıq Qarabağ problemi ətrafında baş verənlər ciddi narahatlıq doğurmağa başlayıb. 2014-cü ilin sonlarında verilən proqnozlar da bundan ibarət idi ki, 2015-ci ildə Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların yenilənməsi ehtimalı var.

Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri  Ərəstun Oruclu Ermənistan prezidenti Serj Sarkisyanın  yanvarın 26-da Ermənistan Müdafiə Nazirlıyinin kollegiyasında Azərbaycana qarşı hədələyici bəyanatını “Turan İA”-a şərh edərkən bildirib.

Ermənistan prezidenti təxribat nəticəsində öldürülmüş erməni əsgərlərinin həyatına görə Azərbaycanın ağır əvəz ödəyəcəyini bildirib. “Biz Azərbaycandakı “isti başlar” üçün çoxsaylı sürprizlər hazırlamışıq. Bundan əlavə, Azərbaycan daha irimiqyaslı canlı qüvvələrini, texnikasını bizim sərhədlərə və təmas xəttinə cəmləşdirdiyi halda biz qabaqlayıcı zərbələr endirmək hüququnu özümizdə saxlayırıq. Biz əl-qolumuzu sallayaraq bəlanın evimizə gəlməsini gözləmək fikrində deyilik. Biz amansız olacağıq. Biz başa düşürük ki, Azərbaycan hakimiyyəti kürsüsünü qorumaq üçün özünün yüz və minlərlə vətəndaşını ölümə göndrməyə hazırdır, amma biz imkan vermərik ki, bu, bizim əsgər və zabitlərimizn həyatı bahasına olsun. Biz buna yol vermərik”, -S.Sarkisyan bildirib.

Politoloq  təəssüflə qeyd edib ki, ötən ilin dekabrında və bu  ilin yanvarında da tərəflər arasında mütəmadi atışmalar nəticəsində ölənlərin sayı artıq kifayət qədərdir. “Düzdür, məlumatlar etimad doğurmur. Çünki hər iki tərəf bu məlumatlardan daha çox təbliğat məqsədi ilə istifadə edir. Amma hər halda artıq söhbət onlarla ölən və yaralanandan gedir”, – o qeyd edib.

Ə.Oruclu digər tərəfdən Ermənistanın belə hədələyici bəyanat verməsini yenilik kimi qəbul edir: “Ona görə ki, əvvəllər daha çox belə tipli bəyanatları Azərbaycan tərəfi verirdi. Amma görünür bu, daha çox Ermənistandakı daxili-siyasi və bölgədə yaranmış geosiyasi durumla bağlıdır”.

Politoloq hesab edir ki, Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasında xidmət edən əsgər 6 nəfərlik erməni ailəsini qətlə yetirdikdən sonra Ermənistanda istimai-siyasi vəziyyət gərginləşib. “Şübhəsiz, bu birmənalı olaraq Ermənistandakı daxili siyasi duruma öz təsirini  göstərməkdədir. Belə olan halda təcrübə göstərir ki, münaqişə tərəfləri, daha doğrusu siyasi rəhbərliklər sınanmış bir vasitəyə, – Dağlıq Qarabağ münaqişəsinə istinad edir və münaqişə faktorundan istifadə etməklə daxili siyasi gündəmi dəyişməyə çalışırlar. Fikrimcə, Serj Sarkisyanın bəyanatının əsas motivlərindən biri budur”, – Ə.Oruclu bildirib.

Onun qənaətinə görə, S. Sarkisyanın hədələyici bəyanat verməsində Rusiya-Ermənistan münasibətlərində yaranmış gərginliyin, Rusiya-Qərb münasibətlərinin bölgəyə təsirinin və digər amillərin də rolu var. “Şübhəsiz ki, Ermənistandakı sosial-iqtisadi vəziyyətin də buna birmənalı təsiri var. Çünki Ermənistan iqtisadiyyatı birbaşa Rusiya iqtisadiyyatı ilə bağlıdır. Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistanda effekti özünü göstərməkdədir”, – o vurğulayıb.

Politoloq hesab edir ki, bütün bu hallara baxmayaraq, Ermənistan prezidentinin bəyanatı çox ciddi siqnal kimi qəbul edilməlidir: “Çünki ortada artıq real itkilər var. Heç kəs istisna edə bilməz ki, mütəmadi atışmalar, qoşunların təmas xəttində baş verən ölüm halları sonradan geniş miqyaslı hərbi əməliyyatlıara keçə bilməz”, – o qeyd edib.

Ana səhifəXəbərlər“Ermənistan prezidentinin bəyanatı çox ciddi siqnal kimi qəbul edilməlidir”