Ərəstun Oruclu: ”Hazırda tərəflər ciddi qarşıdurmaya gedirlər”
Ermənistan parlamenti mayın 1-də yeni Baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirib.
Baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, 16 apreldən başlanan etiraz aksiyalarının lideri Nikol Paşinyan iclasda çıxış edib.
Səsvermə nəticəsində Nikol Paşinyan Baş nazir seçilməyib. Onun lehinə 45, əleyhinə 56 deputat səs verib.
Parlamentin səsverməsindən sonra Nikol Paşinyan
bəyan edib ki
, mayın 2-dən nəqliyyat blokadası və vətəndaş itaətsizliyi elan edir.
Meydan TV baş verənlərlə bağlı ABŞ-da mühacir həyatı yaşayan siyasi icmalçı Ərəstun Orucluya müraciət edib.
Ərəstun Oruclu təəssüflənib ki, postsovet məkanında, xüsusilə Azərbaycanda konsprilogiya nəzəriyylərinə meyl güclüdür:
“Əgər bir ölkədə etiraz aksiyaları başlayır və inqilab baş verirsə, bunu hansısa dövlətlərin xüsusi xidmət orqanlarının, masonların işi hesab edirlər. Özünü siyasətçi sayan insanlar nəzərə almırlar ki, işsiz, səfalət halına gətirilmiş xalqın ayağa qalxıb etiraz etmək ehtimalı güclüdür.
Aksiyalar başlayan gündən bildirmişdim ki, bu, klassik xalq etirazıdır, hətta bu inqilabın adının olmaması belə göstərir ki, hansısa layihə, yaxud başqa dövlətlərin planı yox, spontan prosesdir. Sadəcə, illərlə yetişdi və baş verdi. Məhz böyük oyunçular, Rusiya, Avropa ölkələri və ABŞ, bu cür prosesləri qurmağa və nəticə əldə etməyi öyrəşiblər, onlar hazırda çaşqınlıqdadır, bilmirlər nə etsinlər”.
Ə.Oruclu deyir ki, Sarkisyan hakimiyyəti anlaşıqlı hakimiyyət idi:
“Avropaya yönəlik müəyyən bir siyasət aparırdı, Rusiyanın forpostuydu, indi vəziyyət dəyişdi və “böyük oyunçular” da açıq şəkildə Ermənistan inqilabına dəstək vermədilər. Başda Respublikaçılar Partiyası olmaqla digər qüvvələri prosesi sabotaj etməyə sövq etdilər. Respublikaçılar Partiyası da bu yolu tutdu və düşünürlər ki, prosesi sönəcək. Amma meydana çıxan onminlərlə insanın gedişatdan imtina edəcəyinə inanmıram. Hazırda Ermənistanda marionet hakimiyyətlə xalq arasında qarşıdurma var və bu proses hara qədər gedəcək, söyləmək çətindir. Burda ordu və polisin rolundan çox şey asılıdır. Əhaliyə qarşı güc tətbiqi durumu yarana bilər, amma bu da inandırcı gəlmir. Çünki 100 min insanın meydana çıxması Ermənistan üçün böyük hadisədir. İkinci variant odur ki, minlərlə insanın parlamentin buraxılması tələbi qarşısında güzəştə gedib yeni seçkilər elan edərlər. Nəticədə Paşinyanı, yaxud kompromis variant üçün başqa bir şəxsi Baş nazir seçərlər. Ancaq bu gün ikinci variant görünmür. Hazırda tərəflər ciddi qarşıdurmaya gedirlər. Görün, Respublikaçılar Partiyasının xaricdən dəstəyi nə qədər güclüdür ki, xalq kütləsindən çəkinmir və konfliktə gedirlər. Hara qədər gedəcəklərini isə zaman göstərəcək”.
Qanuna əsasən 7 gün ərzində parlament yeni Baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.
Aprelin 16-da Ermənistanda keçmiş prezident Serj Sarkisyanın Baş nazir olmasına etiraz olaraq aksiyalar başladı. Serj Sarkisyan istefa verdikdən sonra aksiyaya liderlik edən deputat-jurnalist Nikol Paşinyan Baş nazir olmaq üçün namizədliyini verdi. O, bu posta yeganə namizəd idi.