Azərbaycan Respublikası heç olmasa barış niyyətimizi göstərən bircə siyasi addım atsa, bu, Ermənistanın siyasi səhnəsində hökm sürən kövrək tarazlığa əməli təsir edə bilər
Azərbaycan nə istədiyini açıq deyib: İkinci Qarabağ savaşının qaçılmaz və məntiqi nəticəsi kimi Qarabağ üzərində dövlət suverenliyinin tam bərpası.
Bu məqsədə iki yol gedir. Bu iki yolun ikisini də Azərbaycan açıq deyir:
1.Qarabağ erməniləri Azərbaycan Respublikasının vətəndaşı statusunu qəbul edir, vətəndaşın şəxsiyyət vəsiqəsini alır, Ermənistan Respublikası Qarabağa pul vəsaitinin köçürülməsi əməliyyatını dayandırır, özünü “Dağlıq Qarabağ müdafiə ordusu” adlandıran silahlı birləşmənin zabit və əsgərləri ya silahı yerə qoyub hərbi qulluğu tərk edir və mülki həyata qayıdır, ya da əgər tərksilah olmaq istəmirsə, Qarabağdan çıxıb Ermənistana gedir. Ermənistandan Qarabağa gedən qaz kəməri qaz nəqlini dayandırır, qonşu dövlətdən elektrik enerjisinin ötürülməsi dayandırılır, internet kəsilir, fövrən qaz, elektrik enerjisi və internet Azərbaycan şəbəkəsindən gəlməyə başlayır. Qarabağda Ermənistan pul vahidi – dram – dövriyyədən çıxarılır, Azərbaycan manatı dövriyyəyə buraxılır. Qarabağda Azərbaycanın dövlət idarələrinin yerli şöbələri açılır. Qarabağ erməniləri təqaüd və müavinət üçün müvafiq Azərbaycan idarələrinə müraciət edir. Qarabağda qalmaq istəməyən erməni əhalisi öz mülkünü satmaq üçün müştəri axtarıb tapır, alqı-satqı müqaviləsini sənədləşdirmək üçün Xankəndi “Asan xidmət”inə üz tutur. Bütün bu əməliyyatın həyata keçdiyi müddətdə Azərbaycan-Ermənistan sərhədi açıq qalır, əməliyyat tamamlanandan sonra sərhəddə iki dövlətin qarşılıqlı razılaşdırdığı iş rejimi tətbiq edilir.
Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəməyən, lakin vətəni Qarabağı tərk etməyi də arzulamayan qarabağlı erməni Azərbaycan Respublikasının ərazisində əcnəbi vətəndaş pasportu ilə yaşayan insan statusunu alır və vətəni Qarabağda yaşamaqda davam edir.
2.Azərbaycan Respublikasının vətəndaşı olmaq istəməyən qarabağlı erməni mülkünü satır, pulunu götürüb əmin-amanlıqla Azərbaycandan köçüb gedir.
Bu beynəlxalq hüquq normalarına tam uyğun olan iki yolun ikisini də Azərbaycan tərəfi dəfələrlə açıq səsləndirib və Ermənistan Respublikasının qəti rəyini gözləyir.
Təbii ki, bu iki yolun ikisinin də sonunda Rusiya Sülhməramlı Kontingenti Üçtərəfli Bəyannamədə göstərilmiş vədə gələndə, Azərbaycanı tərk edir.
Azərbaycan Respublikasının bu istəyini qələbədən sonra dövlətə şəksiz tam nəzarət edən ölkə prezidenti bəyan edib və bu iradənin əksinə heç bir siyasi qüvvə fərqli iradə qoymur.
Ermənistan nə istəyir?
Ermənistanda rəsmi hakimiyyət Baş nazir Nikol Paşinyana məxsusdur. Lakin Ermənistanda İkinci Qarabağ savaşında məqlubiyyətlə barışmayan, bu məğlubiyyəti rəsmiləşdirən hüquqi sənədlərin imzalanmasını milli fəlakət və xəyanət kimi təqdim edən ciddi siyasi qüvvə mövcuddur.
Ermənistan Respublikasının sabiq son iki dövlət rəhbəri bu ciddi siyasi qüvvəyə rəhbərlik edir. Parlamentin dörddə birinə, KİV-in xeyli hissəsinə nəzarət onların əlindədir. Bu azlıqda olan siyasi qüvvəni Ermənistanın siyasi səhnəsində ciddi qüvvə edən əsas amil Rusiya Federasiyasının dəstəyidir.
Rusiyanın Ermənistana nəzarət vasitələri hədsiz geniş və təsirlidir. Onların üzdə olanlarını sadalayaq:
1. Erməni xalqına iki əsr boyu məkrlə təlqin edilmiş türkə nifrət və türkdən qorxu.
2. Ermənistan ordusu və xüsusi xidmət qurumları üzərində sərt nəzarət.
3. Müstəqillik illərində bir neçə dəfə işə salınmış məxfi terror şəbəkəsi.
4. Ermənistanın əsas iqtisadi sahələri üzərində rusların mülkiyyət hüququ.
5. Oyuncaq DQR üzərində tam nəzarət.
6. Kremlə işləyən və Kremlin tam nəzarətində olan Rusiya erməni diasporası.
7. Gümrüdəki hərbi baza və dövlət sərhədlərinə nəzarət edən sərhəd qoşunları.
8. Ermənistanın məhkəmə hakimiyyəti.
9. Ermənistanın qaz təchizatı, Metsamor atom stansiyasına nəzarət.
10. Qarabağ münaqişəsi məsələsində Rusiyanın Qərblə və İranla ortaq mənafeyi.
Nikol Paşinyan, məncə, münaqişədən qurtulmaq istəyir. Onun bu istəyini erməni xalqının əksəriyyəti müdafiə edir. Son iki parlament seçkisində qələbəsi bunu təsdiqləyir. Beynəlxalq müstəvidə aparılan danışıqlarda dövlət adından səsləndirdiyi mövqe bu istəyin ifadəsidir.
Lakin Baş nazir dəqiq bilir ki, Rusiyanın və onun yerli agenturasının çəkdiyi qırmızı xətləri aşarsa, terror və ya hərbi çevriliş qaçılmazdır.
Bu səbəbdən mütəmadi, ilk baxışdan məntiqsiz görünən manevrlər edir, bu gün dediyini sabah təkzib edir, erməni cəmiyyətinin, öz siyasi rəqib deyil, amansız düşmənlərinin münasibətini öyrənməyə çalışır.
Mən əminəm ki, erməni xalqı da sülh istəyir, fəqət siyasət meydanında cövlan edən milli radikallar daha fəal, daha azğın mövqe nümayiş etdirirlər.
Bəlkə də yanılıram, lakin bu məqamda Azərbaycan Respublikası heç olmasa barış niyyətimizi göstərən bircə siyasi addım atsa, bu addım Ermənistanın siyasi səhnəsində hökm sürən kövrək tarazlığa əməli təsir edə bilər, barış istəyən siyasi qüvvələri gücləndirər.
Məsələn, erməni əsirlərinin azad edilməsi Azərbaycanın barış əzminin ciddiliyinin və səmimiliyinin nümayişi sayılar.
Əks halda hərbi çevriliş və ya Baş nazirin qətli Ermənistanın bütövlükdə Rusiyanın şəksiz alətinə çevrilməsinə və sülh prosesinin uzaq gələcəyə saxlanılmasına gətirə bilər.