“Ermənistan mətbuatı Kremlə simpatiya yaratmaq üçün dezinformasiya yayır”

Elxan Şahinoğlu: Rusiya Azərbaycanın Kremlin orbitinə daxil olmasını istəsə də, münaqişənin ədalətli həllini istəmir

Source:


Elxan Şahinoğlu:  Rusiya Azərbaycanın Kremlin orbitinə daxil olmasını istəsə də, münaqişənin ədalətli həllini istəmir

Ermənistanın müxalifət mətbuatı Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərinin gizli detallarından yazır. “Hakimiyyət dairələrindən alınan məlumatlara görə, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarmağa razı salmağa çalışır”, – “Aykakan jamanak” qəzeti yazır.

Qəzet bəyan edir ki, Moskva Bakının Avrasiya İqtisadi Birliyinə daxil olmasına razılıq verəcəyinə ümid edir.

“Həmin mənbələr bildirirlər ki, S.Lavrovun noyabrın 9-da Ermənistana səfəri zamanı müzakirələrin əsas mövzusu məhz bu məsələ olub”, – qəzet yazır və qeyd edir ki, Qarabağ nizamlanmasına dair gizli danışıqların təşəbbüsçüsü Rusiyadır.

RF XİN rəhbəri Sergey Lavrov bazar ertəsi Ermənistan prezidenti ilə Qarabağ nizamlanması mövzusunda söhbət edib. Əsasən S.Lavrov deyib ki, münaqişənin dinc yolla nizamlanmasına alternativ yoxdur.

Ermənistan XİN rəhbəri ilə görüşün yekunlarına dair dair mətbuat konfransında S.Lavrov daha açıq danışıb.

Qarabağ mövzusuna toxunan S.Lavrov deyib ki, Moskva bundan sonra da nizamlanma üçün qarşılıqlı məqbul əsasların hazırlanmasına yardım göstərəcək. “Bu, bizim xarici siyasi prioritetlərimizdən biridir və prezident Vladimir Putinin nəzarətindədir. Rusiya müsbət nəticəyə nail olmaq üçün fəal rolunu davam etdirəcək”, – o vurğulayıb.

“Kimin tərəfindən qəbul edilməsindən asılı olmayaraq istənilən kəskin, radikal hərəkətlər ATƏT-in Minsk Qrupunun işinə zərər vurur”, – S.Lavrov britaniyalı deputat Robert Uolterin AŞPA-da Dağlıq Qarabağa dair məruzəsini şərh edərkən deyib.

“Biz – Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ nizamlanmasında ardıcıl, işgüzar, təmkinli dialoqun əvəzinə bu mövzunun nizamlanma ilə məşğul olmayan müxtəlif beynəlxalq arenalara çıxarılmasının qəti şəkildə əleyhinəyik. Beynəlxalq birlik adından heç kim onlara belə tapşırıq verməyib”, -S.Lavrov vurğulayıb.

Ermənistan mətbuatının yazdığını və Rusiya XİN-nin başçısının İrəvana səfərini Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sergey Lavrovun Bakı səfərində də eyni ehtimalların səsləndiyini xatırladıb: “Guya, Kreml Ermənistanı Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad etməsinə razı salacaq. Bunun müqabilində Azərbaycan iki şərti yerinə yetirməlidir, birinci, Avrasiya İqtisadi Birliyinə üzv olmalı, ikinci, Rusiya “sülhməramlı qüvvələri” adı altında öz hərbi birləşmələrini Qarabağda yerləşdirməlidir. Bu şərtlərin birincisinə müsbət yanaşmaq mümkün olsa da, ikinci şərt çox ağırdır. Çünki rus ordusunun Qarabağda yerləşdirilməsi bölgənin faktiki olaraq bizim üçün itirilməsi deməkdir. Ancaq bu söhbətlərin aparılıb-aparılmaması da məlum deyil”.

Elxan Şahinoğlu Rusiyanın Ermənistanı nəyəsə məcbur etdiyinə inanmır: “Əksinə, bölgənin indiki gərgin vəziyyətində Rusiya münaqişənin ədalətli həllini sürətləndirməz. Rusiya Azərbaycanın Kremlin orbitinə daxil olmasını istəsə də, münaqişənin ədalətli həllini istəmir. Çünki münaqişənin ədalətli həlli Ermənistanın Rusiyadan asılılığını azaldacaq və Türkiyə ilə münaibətlər nizamlanacaq. Ona görə Lavrovun Bakı və İrəvana səfərləri strateji yox, taktiki addımlar ola bilər. Ya Bakını, ya da İrəvanı sakitləşdirməyə çalışırlar, amma münaqişənin həllinə köklü yanaşmırlar”.

Şahinoğlu maraqlı məqama toxundu: “Azərbaycan XİN iki gün öncə ATƏT-in amerikalı həmsədri Ceyms Uorliki yıxıb sürümüşdü. Amerikalı həmsədr demişdi ki, AŞPA Qabarağla bağlı məruzəni təsdiq etməmişdən öncə həmsədrlərlər məsləhətləşməli idi. Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Uorlikin söylədiyindən də betərini deyib: “AŞPA həmsədrlərin işinə qarışmamalıdır, onun belə bir mandatı yoxdur”. İki gün öncə amerikalı diplomatı yıxıb sürüyən Azərbaycan XİN bu dəfə Lavrovun adını çəkmədən söz yığnağından ibarət açıqlama yayınlayıb. Rusiyadan bu qədər qorxmayın, mərhum dövlət başçısı Heydər Əliyev Vaşinqtonu tənqid etdiyi kimi Moskvanı da yürütdüyü siyasətə görə zaman-zaman tənqid edərdi. Və buna görə Kreml rəsmi Bakı ilə hesablaşmaq məcburiyyətində qalırdı”.

Siyasi şərhçi Ermənistan mətbuatının yazdığını dezinformasiya olduğunu düşünür: “Çünki bizdə də sual yarana bilər ki, doğrudanmı, Rusiya Qarabağ ətrafındakı rayonları boşaltmaq üçün İrəvana təzyiq edəcək? Əgər ermənilər bunu yazırsa, Bakıda bəzi dairələr bunu həqiqət kimi qəbul edə bilər. Ki, buda Rusiyaya simpatiyanın artması ilə nəticələnər. Ona görə bu xəbərlər dezinformasiya xarakterlidir”.

Ana səhifəXəbərlər“Ermənistan mətbuatı Kremlə simpatiya yaratmaq üçün dezinformasiya yayır”