Ermənistan KTMT və Kremli niyə tənqid edir?

Nikol Paşinyan. Foto: Meydan TV

Paşinyan: “Təşkilat lazım olan vaxtda Ermənistanın təhlükəsizliyi üçün heç bir tədbir görmür”

“Kavkazski uzel”in materialı

Rusiya Ermənistanla Azərbaycan arasında 2020-ci ilin payızında baş vermiş silahlı münaqişəyə qoşulmadıqdan sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının faydasız olduğuna əminliyi artdı. O, hətta KTMT-ni tərk etməklə hədələdi.

“Kavkazski uzel” Ermənistanın Rusiyaya münasibətdə düşmən ritorikasının dərəcəsinin necə artması və Ermənistanın KTMT-na alternativ axtarışı cəhdlərində hansı addımlar atması barədə material hazırlayıb.   

KTMT-nın 2020-ci il müharibəsində Ermənistana köməkdən imtinası 

2020-ci ildə Qarabağ münaqişəsinin kəskinləşdiyi vaxt Ermənistan yardım üçün KTMT-na müraciət etdi. Moskva cavabında bəyan etdi ki, kömək edə bilməyəcək, çünki Ermənistanın sərhədləri pozulmayıb, müharibə Dağlıq Qarabağ ərazisində gedib. Kreml 2020-ci il müharibəsi zamanı Yerevena siyasi dəstəklə kifayətlənib, daha sonra isə Qarabağ münaqişəsi ərazisinə sülhməramlılar göndərib. Ermənistan bu fonda KTMT-nın “Sarsılmaz qardaşlıq-2020” təlimlərində iştirakdan imtina edib. Bu təlimlər 2020-ci ilin payızında Belarusda keçirilib.    

2021-ci ilin payızında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsində Rusiyanın mövqeyi ilə bağlı Ermənistanın KTMT-nı tənqidini şərh edərkən söyləyib ki, ölkəsi bu təşkilatdan çıxmaq ehtimalını nəzərdən keçirməyə hazırlaşmır”. Lakin iki il sonra Ermənistanın bu məsələ ilə bağlı ritorikası dəyişdi.   

Ermənistanın KTMT-dan çıxmaqla bağlı hədələri

2022-ci ilin yazında Nikol Paşinyan azərbaycanlı hərbçilərin Sotk-Xoznavar sahəsində əməllərinə KTMT-nı lazımi reaksiya verməməkdə günahlandırıb. “KTMT-nın baş verənlərə verdiyi reaksiya elə təşkilatın özü üçün də iflas olub. Mövcud prosedurlara zidd olaraq, KTMT sahədə monitorinq keçirməyib və erməni ictimaiyyətinin çoxdankı qorxularına haqq qazandırmayıb. Təşkilat lazım olan vaxtda Ermənistanın təhlükəsizliyi üçün heç bir tədbir görmür”, – Ermənistanın Baş naziri deyib.       

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2022-ci ilin sentyabrında bəyan edib ki, Yerevan KTMT-dan “hərbi və hərbi-siyasi kömək” gözləyir, amma onu ala bilmir. Qriqoryanın dediyinə görə, KTMT-nın dəstəyi Ermənistana öz suverenliyini müdafiə etmək və Azərbaycanın silahlı qüvvələrinin erməni ərazisindən çıxarılması üçün lazımdır. “Bu, bizim KTMT-na olan tələbimiz idi və o indiyədək də yerinə yetirilməyib. Bu, şübhəsiz ki, bizi məmnun etmir”, – katib qeyd edib.  

“Əgər Rusiya və digər müttəfiqlər öz öhdəliklərini yerinə yetirməyə başlamayacaqlarsa, Ermənistan KTMT-dan çıxa bilər”, -Nikol Paşinyan 2022-ci ilin sentyabrında bəyan edib. “Ermənistanın əlində plan var. Əgər Rusiya və KTMT-nın digər üzvləri öz müttəfiq öhdəliklərini yerinə yetirməzlərsə, biz əlimizdəki plana görə 2023-cü il fevralın sonunadək bu təşkilatdan çıxma prosesinə başlayacağıq”, – o deyib. “Başqa cür deməli olsaq, Ermənistanın KTMT-dan çıxmaq kimi bir təhlükə var, mənimsə cavabım odur ki, KTMT-nın Ermənistandan çıxması kimi bir təhlükə var. Bu, söz oyunu deyil”, – Paşinyan qeyd edib.         

2020-ci ilin sentyabrında ABŞ Konqresinin nümayəndə heyəti başda Nensi Pelosi olmaqla Ermənistana gələndən sonra Nikol Paşinyan Kremli Rusiyanın Ermənistana münasibətdə “faktlarla spekulyasiya etməkdə” və real hərəkətlər yerinə bəhanələr gətirməkdə günahlandırıb. Paşinyanın dediyinə görə, KTMT-da təhlükəsizlik məsələlərinin müzakirəsi zamanı ona Ermənistan sərhədinin “qırmızı cizgi” olduğu təminatını veriblər, lakin “bu qırmızı cizgilər sadəcə sözdə mövcud imiş”.

“Bu, təkcə Ermənistan üçün deyil, həm də KTMT üçün mühümdür. Axı əgər desək ki, Ermənistanla Azərbaycan arasında sərhəd yoxdur, deməli, KTMT da yoxdur, çünki KTMT-da sərhədlərin müəyyənləşdirdiyi məsuliyyət zonası var. Əgər sərhəd yoxdursa, deməli, məsuliyyət zonası da yoxdur, əgər məsuliyyət yoxdursa, o zaman təşkilat da mövcud deyil”, – Paşinyan bəyan edib.

Paşinyan: KTMT-nın Ermənistan sərhədində heç bir işi yoxdur       

2020-ci il noyabrın 23-ü Nikol Paşinyan KTMT Kollektiv Təhlükısizlik Şurasının (KTŞ) bəyannaməsinə və Yerevana yardım haqda qərar layihəsinə qol çəkməkdən imtina etdi. Səbəb Azərbaycanın əməlləri məsələsində təşkilatın dəqiq siyasi mövqeyinin yoxluğu oldu. Paşinyan KTMT sammitinin iclasında yenidən bəyan etdi ki, kollektiv müdafiənin zəmanətinə baxmayaraq, Ermənistan Bakı tərəfindən silahlı təcavüzə məruz qalıb. 

“Ermənistan son iki ildə azı üç dəfə Azərbaycan tərəfdən təcavüzə məruz qalıb. Ermənistanın KTMT-na üzv olmasının Azərbaycanın aqressiv əməllərindən qorumaması və faktiki olaraq bu günədək KTMT-nın bu təcavüzə reaksiyası ilə bağlı bir qərara gələ bilməməyimiz kədərli faktdır. Bu faktlar KTMT-nın həm ölkəmiz daxilində, həm də onun hüdudlarında imicinə böyük zərər vurur”, – Paşinyan bəyan edib.      

O əlavə edib ki, KTMT-nın Azərbaycanın əməllərinə reaksiya verməməsi Ermənistanın bu təşkilata üzv olmasının əsas uğursuzluğudur. Xatırladıb ki, 2022-ci ildə Qazaxıstanda kütləzi etirazlar zamanı KTMT-na qoşunların yeridilməsi qərarının alınmasına bircə gün lazım gəlib və bu hərəkəti iğtişaşı yatırtmağa və dövlət çevrilişinin baş verməməsinə kömək edib. 

2022-ci il noyabrın 27-si KTMT Ermənistana dəstək tədbiri kompleksi təklif edib. Bu kompleksi analiz edən Paşinyan bəyan edib ki, onlar Ermənistanla Azərbaycan sərhədində münaqişənin eskalasiyasını “konkret siyasi qiymətləndirməyə” malik deyil və bu qiymətləndirmə olmadan KTMT-nın Ermənistan-Azərbaycan sərhədində bir işi yoxdur.       

“2021-ci ilin mayından 2022-ci il sentyabrın 13-dək Ermənistanın suveren ərazisinə qarşı təcavüz ikiqat ağrılı olub, çünki təhlükəsizlik üzrə müttəfiqlərimiz bizi tək qoyub, onlar passiv müşahidəçi rolunda qalmağa üstünlük verib, ya da alternativ kimi aktiv müşahidəçi statusu təklif edib”, – Nikol Paşinyan deyib. Onun dediyinə görə, Ermənistan KTMT-dan iki şey gözləyir: KTMT məsuliyyət zonasının müəyyənləşdirilməsini və Azərbaycanın Ermənistanla sərhəddə hərəkətlərinin dəqiq qiymətləndirməsini.  

“Bizə kömək, o cümlədən hərbi-texniki yardım təklif edirlər. Birincisi, hansı köməyi təklif etdikləri aydın deyil. İkincisi, dəqiq qiymətləndirmələr olmadan bu köməyi qəbul etmək sərhədlərimizdə mövcud olan status-kvonu qəbul etmək demək olardı. KTMT-nın dəqiq qiymətləndirmələri olmadan KTMT-nın monitorinq missiyasını qəbul etmək təsbit və status-kvo ilə barışma anlamına gələcək”, – Paşinyan yekun vurub.

Rusiya sülhməramlılarının ünvanına tənqid

2020-ci il dekabrın 22-si Ermənistan Nazirlər Kabinetinin iclasında Paşinyan Rusiya sülhməramlı korpusunu öhdəliklərini yerinə yetirməməkdə, – nəticədə Dağlıq Qarabağ uzun müddət mühasirədə qalıb, – günahlandırıb. “Əlbəttə, bu, Azərbaycanın əməlləri üzündən baş verir, amma bununla məğz dəyişmir. Bu, rusiyalı sülhməramlıların iştirakının açar mənasıdır – qeyri-qanuni hərəkətlərə imkan verməmək və Laçın dəhlizini nəzarət altında saxlamaq”, – o deyib.  

Ermənistanın Baş naziri 2022-ci il dekabrın 27-də Putinlə görüş zamanı rusiyalı sülhməramlıların məsuliyyətini yenidən xatırladıb. “Laçın dəhlizi, demək olar ki, 20 gündür bağlanıb. Bu, rus sülhməramlılarının Dağlıq Qarabağda məsuliyyət zonasıdır. Və mən xatırlatmaq istəyirəm ki, RF, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli bəyanatına görə, Laçın dəhlizi rus sülhməramlılarının nəzarəti altında olmalı idi. Azərbyacan Respublikası sərnişinlərin, yük maşınlarının Laçın dəhlizi ilə maneəsiz gediş-gəlişinə zəmanət verirdi. İndi isə belə çıxır ki, Laçın dəhlizi rus sülhməramlılarının nəzarəti altında deyil”, – Nikol Paşinyan bəyan edib.  

“Kavkazski uzel” yazır ki, 2022-ci il dekabrın 12-dən Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağ xarici dünya ilə əlaqəsini kəsib. Azərbaycanlı fəallar Şuşa yaxınlığında rus sülhməramlılarının gözü önündə yolu bağlayırlar. 120 mindən çox adam artıq üç aydan artıqdır ki, mühasirə şəraitində yaşayır, azuqə qıtlığı hakimiyyəti zəruri ərzaqlar üçün talon tətbiqinə məcbur edib.    

“Əgər Rusiyanın obyektiv və ya subyektiv səbəblərdən öhdəliyinə götürdüyü vəzifələri yerinə yetirmək iqtidarında olmadığı aşkarlanarsa, o, ya BMT-nin Təhlükəsizlik Şurasına Rusiya hərbi kontingentinə beynəlxalq mandat verməsi, ya da Dağlıq Qarabağa yeni çoxmillətli sülhməramlı missiya göndərməsi ilə bağlı müraciət etməlidir”, – Paşinyan 2023-cü ilin yanvarında sülhməramlıların ünvanına olan tənqidini inkişaf etdirib.    

“RF sülhməramlılarının bu gün Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyini təmin etdiyini heç kəs inkar etmir, amma əlimizdə olan faktlara görə, azərbaycanlılar sülhmərmalıların məsuliyyət zonasında, məsələn, Paruhda razılaşmaları pozublar, amma ruslar tərəfdən heç bir reaksiya ilə qarşılaşmayıblar. Reaksiya olmadığı təqdirdə belə çıxır ki, Rusiyanın hərbi iştirakı təkcə Ermənistanın təhlükəsizliyinə təminat vermir, həm də, əksinə, Ermənistan təhlükəsizliyi üçün təhlükə yaradır”, – Baş nazir deyib. 

Ermənistanı müttəfiqliyə məcbur etmə

2022-ci il dekabrın 27-si Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai televiziyanın canlı yayımında bəyan edib ki, Azərbaycanın 2022-ci il sentyabrın 13-ü Ermənistanın suveren ərazisinə zorla girməsi, həmçinin Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsinə daxil olur. Qriqoryanın dediyinə görə, son zamanlar bariz görünən Ermənistan-Rusiya münasibətindəki böhranın səbəbi məhz bundadır.   

Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin ilk dəfə bəzi deputatların bəyanatlarını təsdiqləyib. Həmin bəyanatlara görə, Rusiya Ermənistanı müttəfiq dövlətə daxil olmağa məcbur edir. Qriqoryan bəyan edib ki, Ermənistan strateji müttəfiq istəyinə qarşı çıxır və buna cavab kimi hərbi təzyiqə məruz qalır.  

Ermənistanın KTMT təlimlərinin öz ərazisində keçirilməsini rədd etməsi

2023-cü ilin yanvarında Nikol Paşinyan bəyan edib ki, Yerevan KTMT təlimlərinin Ermənistanda keçirilməsini məqsədəuyğun saymır. “Ermənistanın Müdafiə Nazirliyi artıq yazılı şəkildə KTMT-nın Birləşmiş Qərargahını xəbərdar edib ki, yaranmış vəziyyətdə öz ərazisində təlimlərin keçirilməsini məqsədəuyğun saymır. Təlimlər ən azından bu il Ermənistanda keçirilməyəcək”, – o deyib.  

2023-cü il martın 13-də Ermənistan öz nümayəndəsinin KTMT rəhbərinin müavini vəzifəsinə irəli sürülməsindən imtina edib. Lakin martın 14-də keçirilmiş mətbuat konfransında Nikol Paşinyan bəyan edib ki, Ermənistan öz nümayəndəsinin KTMT rəhbərinin müavini vəzifəsinə təyinatına yalnız bir şərtlə razı olacaq: bu addım onun təhlükəsizliyini möhkəmləndirərsə. “Yalnız o zaman razılaşarıq ki, bu vəzifəni əldə etməyimiz xalqımız tərəfindən yanlış qarşılanmasın, bu addımımız təhlükəsizliyimizin daha bir amili olsun. Əgər belə bir şey baş verməzsə, biz bu vəzifədə heç bir məna görmürük”, – Baş nazir deyib.      

Ermənistanın KTMT-dan çıxma ehtimalını şərh edən Nikol Paşinyan cavab verib ki, erməni tərəfi bu qərarda dövlət maraqlarından çıxış edəcək. “O ki qaldı KTMT-na, mən hər şeyi aydın demişəm. Bu, baxış bucağı məsələsidir. Ermənistanın KTMT-dan çıxmasını demək olarmı? Ehtimal var ki, KTMT Ermənistandan çıxacaq? Ya da bütün bu vəziyyət KTMT-nın Ermənistandan çıxmaq niyyətində olduğuna şahidlik edir? Biz istənilən məsələ ilə bağlı mövqeyimizin dəqiqləşdirilməsində, qorunub saxlanmasında və ya dəyişməsində dövlət maraqlarından çıxış edirik”, – Paşinyan deiyb.   

“2022-ci ildə KTMT Baş katibi Ermənistana gələndə mənə dedi ki, KTMT-da Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı narahatlıq var. Mənsə dedim ki, bu narahatlığın yeri yoxdur, lakin KTMT-nın Ermənistandan çıxacağı ilə bağlı narahatlıq var. Mənim qiymətləndirməm indi belədir: KTMT istəsə də, istəməsə də, Ermənistandan çıxır. Və bu, bizi narahat edir”, – Paşinyan öz fikrini təkrarlayıb.  

Ermənistan prezidenti Rusiya ilə münasibətlərdə böhranın olduğunu təsdiqləyib

Ermənistan-Rusiya münasibətlərində problemlər haqqında Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da fikir bildirib. “Ermənistan-Rusiya münasibətləri strateji dərəcədədir və Rusiya Ermənistan təhlükəsizliyinin zəmanətidir, lakin təəssüf ki, son zamanlar aramızda problemlər yaranıb, xüsusilə də 2022-ci il 13 sentyabr hadisələrindən sonra. Sentyabr hücumu məhz Ermnənistan ərazisinə olub. Rusiya və KTMT Ermənistana hərbi kömək göstərməli idi. Azərbaycan 7 km-ə yaxın irəliləyib, ayrı-ayrı ərazilərdə isə bu məsafə 5 km rəşkil edib. Bu vəziyyətdə həm KTMT üzvləri, həm də Rusiya bizə hərbi kömək etməli idi”, – Xaçaturyan bəyan edib. Onun dediyinə görə, Yerevanda Rusiyadan siyasi reaksiya da gözləyiblər. “Nə biri, nə də digəri indiyədək də baş vermədi. Əlbəttə, ədalət naminə onu da demək lazımdır ki, hərbi əməliyyatın sona çatdırılması barədə danışıqlarda Rusiya da iştirak edib, lakin ABŞ-ın dövlət katibi Blinken, Fransanın Prezidenti Makron və Avropa İttifaqı parlamentinin rəhbəri Şarl Mişel həmçinin bu danışıqlarda fəal iştirak edib”, – Ermənistanın prezidenti 2023-cü ilin yanvarında qeyd edib.            

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023-cü il fevralın 24-də “KTMT-nın Ermənistan sərhədlərini tanımaması”nı ciddi problem adlandırıb. “Bildiyiniz kimi, KTMT Ermənistanın sərhədlərini tanımır, burada ciddi problem var, çünki əgər sərhəd yoxdursa, deməli, məsuliyyət də yoxdur. Biz bu məsələni qaldırmışıq və ümid edirik ki, hansısa məqamda o çözüləcək”, – Qriqoryan bəyan edib.

O xatırladıb ki, Almatı bəyannaməsinə uyğun olaraq, – bu bəyannamə delimitasiya və demarkasiya məsələsinin həllində əsas kimi götürülür, – sabiq sovet respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhəd kimi qəbul edilir. “Biz bu zaman dəqiq deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında sərhəd var. Bəlkə də müəyyən hissə demarkasiya edilməyib və biz xəttin dəqiq haradan keçdiyini bilmirik, lakin burada söhbət bir neçə metrdən gedir. Ermənistanın 29,8 min kv.m sahəsi olan suveren ərazisi isə məlum faktdır. Əgər iradə varsa, bu ərazini müdafiə etmək olar. Lakin iradənin yoxluğu Ermənistanı müdafiə etməyə imkan vermir”, – o əlavə edib.         

Ana səhifəSiyasətErmənistan KTMT və Kremli niyə tənqid edir?