Ermənistan KTMT təlimlərinin keçirilməsinə icazə vermədi

Nikol Paşinyan. Foto: Meydan TV

Paşinyan: “Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır”

“Hazırkı vəziyyətdə Ermənistanda KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir”.

Bu fikri yanvarın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında səsləndirib.

Baş nazir Ermənistanın müdafiə nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birgə Qərargahını bununla bağlı məlumatlandırdığını söyləyib.

N.Paşinyan əlavə edib ki, ən azı bu il Ermənistanda belə təlimlər keçirilməyəcək.

Rusiya Ermənistanın Baş nazirinin açıqlamasına reaksiya verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan Rusiyanın “çox yaxın müttəfiqi” olaraq qalır, onunla dialoq davam edəcək.

“Bu, Ermənistanın Baş nazirinin kifayət qədər yeni bəyanatıdır. Düşünürəm ki, KTMT həmkarları əlaqə saxlayıb Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər. İstənilən halda Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz dialoqu, o cümlədən indi çox çətin olan məsələləri davam etdirəcəyik”, – deyə Peskov əlavə edib.

Nikol Paşinyan Rusiyanın Ermənistanda hərbi mövcudluğunu ölkəsi üçün təhdid yaratdığı da deyib:

“Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki sonuncunun təhlükəsizliyinə zəmanət vermir, əksinə, təhdidlər yaradır”.

Laçın dəhlizi barədə suala Nikol Paşinyanın cavabı belə olub: “Laçın dəhlizi Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin nəzarətindədir və sülhməramlılar dəhlizin normal fəaliyyətini təmin etməlidirlər”.

Baş nazir deyib ki, Rusiya sülhməramlıları Qarabağa daxil olduqdan sonra Ermənistan-Rusiya-Azərbaycan Müdafiə Nazirlikləri arasında bölgənin təhlüksəziliyinin təmin edilməsi barədə qarşılıqlı sənəd imzalanmalıydı:

“Həmin sənədi Ermənistan və Rusiya imzlasalar da, Azərbaycan imtina edib”.

Nikol Paşinyan hesab edir ki, Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir:

“Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

O bildirib ki, prosesin dinamikasını təmin etmək üçün konkret addımlar da atılmalıdır:

“Xüsusi nümayəndələrin işinin davam etdirməsi və Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhədlər üçüncü ölkə vətəndaşları üçün açılacaq”.

Baş nazir vurğulayıb ki, Türkiyə ilə təkcə sərhədlərin açılması ilə bağlı danışıqlar aparılmamalı, həm də konkret addımlar atılmalıdır.

Nikol Paşinyan Ermənistanın Dağlıq Qarabağın taleyini təyin etmək iddiasında olmadığını da bildirib:

“Danışıqlar çərçivəsində biz Dağlıq Qarabağ əhalisinin taleyini müəyyən etmək iddiasında deyilik. Biz Stepanakertlə Bakı arasında dialoqun qurulmasının zəruriliyi ilə bağlı danışıqlar aparırıq”.

Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olub-olmaması ilə bağlı suala gəlincə, Paşinyan xatırladıb ki, Rusiya sülhməramlı kontingenti məhz Yerevanın razılığı ilə oraya gətirilib.

Ana səhifəSiyasətErmənistan KTMT təlimlərinin keçirilməsinə icazə vermədi