Ermənistan itkin düşmüş 10 nəfərin nəşini Azərbaycana verdiyini deyir

Azərbaycan-Ermənistan, Foto: By danielo/Shutterstock

Rəsmi Bakı xəbəri nə təsdiq, nə təkzib edir

Ermənistan I Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan 10 nəfərin nəşini, həmçinin 4 cəsədin basdırıldığı yerləri göstərən iki xəritəni Azərbaycana təhvil verib.

Təhvil prosesi dekabrın 1-də həyata keçirilib.

Bu barədə Ermənistan mediası Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan 2020-ci il noyabrın 9-dan indiyədək I Qarabağ müharibəsində həlak olan 140 nəfərin nəşini və beş xəritəni Azərbaycana təhvil verib.

Azərbaycan tərəfi isə bununla bağlı hər hansı bir rəsmi məlumat yaymayıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, onlar hadisədən məlumatsızdırlar, sual aidiyyatı dövlət orqanlarına ünvanlanmalıdır.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayan münaqişə 1992-ci ilin qışından müharibə mərhələsinə keçib.

Elə həmin il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəflər arasında atəşkəsə nail olmağa cəhd göstərsə də, bunlar uğursuz olub.

1993-cü ilin yazından Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağın və ətraf rayonların əksər hissəsini işğal edib.

1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunub.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətErmənistan itkin düşmüş 10 nəfərin nəşini Azərbaycana verdiyini deyir