Əsas paylayıcı şirkətin Rusiyadan alınacağı güman edilir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin elektrik paylayıcı şəbəkəsinin keyfiyyətini tənqid edib və bu, Rusiyanın əsas paylayıcısının milliləşdirilməsinə dair mümkün addımla bağlı fərziyyələrə səbəb olub.
“OC Media” yazır ki, çərşənbə günü Paşinyan elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemləri, habelə mümkün həll yollarını müzakirə etmək üçün məsləhətləşmələr aparıb.
Məqalədə deyilir ki, son aylarda elektrik enerjisinin kəsilməsinin tez-tez baş verməsi əhalinin hiddətinə səbəb olub.
Sentyabrın əvvəlində bu məsələ ilə bağlı parlamentdə müzakirələrdə hakim Mülki Müqavilə Partiyasının parlament lideri Hayk Konjoriyan elektrik enerjisinin kəsilməsi ilə bağlı “kütləvi şikayətlərə” istinad edib və onun sözlərinə görə, bu, avadanlıqların zədələnməsi və biznes üçün böyük itkilərlə nəticələnib.
Müzakirələr zamanı Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan elektrik enerjisinin kəsilməsini köhnəlmiş infrastrukturla, həmçinin inhisarda olduğunu dediyi “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin düzgün idarə olunmaması ilə əlaqələndirib.
Onun sözlərinə görə, Ermənistanın Elektrik Şəbəkələrinin vəd etdiyi 298 milyard dram (770 milyon dollar) sərmayə elektrik şəbəkəsinin modernləşdirilməsi üçün lazım olan vəsaitin yalnız onda birini təşkil edir.
Konjoriyan bildirib ki, Ermənistanın elektrik şəbəkələri ilə bağlı problemlərin həlli üçün “yeni alətlər” lazımdır.
Hücumlar hökumətin Ermənistanın Elektrik Şəbəkələrinə nəzarəti ələ keçirmək üçün addımlar ata biləcəyi ilə bağlı bəzi fərziyyələrə səbəb olub.
Şirkət 2002-ci ildə yaradılıb və dörd il sonra Rusiyanın “İnter RAO” şirkətinə satılıb. 2014-cü ilə olan 23 milyon dollar itkidən sonra şirkət 2015-ci ildə rus-erməni biznesmen Samvel Karapetyan tərəfindən alınıb. Karapetyan “Taşir” şirkətlər qrupunun prezidentidir.
Cümə axşamı müxalifətin “Mənim namusum var” alyansına bağlı “Joxovurd” (“Xalq”) qəzeti hökumətin hərəkətlərinin Karapetyanın əlindən şirkəti almaq məqsədi daşıdığını irəli sürüb.
“Mülki Müqavilənin nümayəndələri, əslində, öz təzyiqləri ilə nəinki Samvel Karapetyana qarşı çıxdılar, həm də Rusiya tərəfinə dişlərini göstərdilər. Rusiya kapitalından azad olduqlarına dair siqnal verməyə çalışdılar”, – deyə qəzet yazıb.
Dəmir yolları, telekommunikasiya və elektrik şəbəkələri də daxil olmaqla Ermənistan iqtisadiyyatının bir sıra əsas sektorları əsasən Rusiya şirkətlərinə məxsusdur.
2002-ci ilin noyabrında Ermənistan və Rusiya arasında imzalanan “Borc üçün əmlak” müqaviləsi Ermənistanın təxminən 95 milyon dollar borcunun bağışlanması müqabilində Rusiyaya beş strateji aktivi verməsini nəzərdə tuturdu.
Ermənistanda elektrik enerjisinin kəsilməsi məsələsi getdikcə daha çox şikayət mənbəyinə çevrilir.
Avqust ayında Milli Akademik Opera və Balet Teatrı balet tamaşasının kəsilməsindən sonra elektrik enerjisi ilə bağlı qanuni tədbirlər görəcəyini vəd edib. Ermənistanın elektrik şəbəkələri elektrik enerjisinin kəsilməsinin “teatrın elektrik sistemindəki çatışmazlıqlar”la bağlı olduğunu iddia edərək, məsuliyyəti rədd edib.
Paşinyan bu məsələni sentyabrın 5-də hökumətin iclasında qaldıraraq qeyd edib ki, bütün Ermənistanda “elektrik təchizatının keyfiyyəti ilə bağlı çoxlu sayda şikayətlər var”.
“Və bir dəfə hökumətin iclası zamanı elektrik enerjisinin kəsilməsi faktı hamımıza nəyinsə səhv olduğu barədə xəbərdarlıq olmalı idi”, – Baş nazir deyib.
O əlavə edib ki, bunun səbəbinin izahını, həmçinin həlli üçün aydın plan gözləyir: “Çünki mənim fikrimcə, problem getdikcə pisləşir”.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.