Prokurorluq iddia edir ki, saxlanılan hərbçi kəşfiyyat-diversiya qrupunun üzvü olub
Avqustun 16-da Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər hissəsində saxlanıldığı bildirilən Ermənistan hərbçisi Qaqik Vaskanyan Aşoti haqqında cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Qaqik Vaskanyana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (bir qrup şəxs tərəfindən odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (milli düşmənçiliyin salınmasına yönələn hərəkətlər) və 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb. Avqustun 18-də məhkəmənin qərarıyla istintaq dövrü üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Prokurorluq iddia edir ki, saxlanılan hərbçi Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü olub. O, terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə keçmək istərkən saxlanılıb.
Ermənistan tərəfi isə 1983-cü il təvəllüdlü Qaqik Vaskanyanın diversiya qrupunun üzvü olması, terror-təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə keçməsi haqda Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib:
“Onun necə saxlandığını göstərən videogörüntülər də bu haqda iddiaların yalan olduğunu sübut edir”.