Ermənistan hərb-qərargah təlimlərini ”Azərbaycana müharibə elan edilməsi” ssenarisi üzrə keçirir

Hikmət Hacıyev: ”Müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”

Source:
foto Turan İA
foto Turan İA

Ermənistan “Azərbaycana müharibə elan edilməsi” ssenarisi üzrə hərbi təlimlərə başlayır. Sentyabrın 12-də Ermənistan parlamentində “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində müharibənin elan olunması barədə qərar qəbul edilib.

Parlamentin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda deyilir:

“Ermənistan hökumətinin “Müharibənin elan edilməsi barədə təklifin təqdir olunması” haqda təklifini əsas götürərək Ermənistan Konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və “Ermənistan MM-in nizamnaməsi” konstitusiya qanununun 105-ci maddəsini əldə rəhbər tutaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır”.

“Armenpress” yazır ki, sentyabrın 11-dən 14-dək ölkədə şərti hərbi vəziyyət elan olunur.

Ssenariyə görə, Ermənistan “şərti olaraq itirilmiş torpaqları geri qaytarır”.

Paşinyanın rəhbərliyi ilə hökumətin təcili iclası keçirilib. Ermənistan SQ Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərə deyib ki, “Şant-2018” təlimlərinin ssenarisi üzrə itirilmiş əraziləri qaytarıblar: “Düşmən neytral zonada manevrlər etdi, biz buna mane olduq. Lakin sərhəd zonası artilleriya tərəfindən atəşə tutulub, yaralananlar və həlak olanlar var. SQ atəş nöqtələrini sıxışdırır. Hazırda ölkədə hərbi vəziyyət elan edilməyib, ancaq vəziyyət buna doğru gedir”.

Davtyanın sözlərinə görə, yeri idarəetmə orqanlarının hamısı bu ssenariyə hazırlaşır. Məqsəd hərbi vəziyyət elan olunarsa, vaxtında səfərbərliyin həyata keçirilməsidir.

“Şant 2018” komanda-qərargah təlimlərinə Baş nazir rəhbərlik edir. Baş Qərargah rəisi isə Baş nazirin aparatının rəhbəridir.

Təlimlərə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bəyan edib ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Hikmət Hacıyev
Hikmət Hacıyev

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir:

“Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir”.

H.Hacıyev deyib:

“Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur”.

“Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır”, – H.Hacıyev fikrini tamamlayıb.

Ana səhifəXəbərlərErmənistan hərb-qərargah təlimlərini ”Azərbaycana müharibə elan edilməsi” ssenarisi üzrə keçirir