Azərbaycan Müdafiə Nazirliyi sözügedən ərazidə atəşkəsin pozulmadığını deyir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin avqustun 6-da atəşkəsin pozulması nəticəsində bir əsgərinin yaralanması haqda məlumatını təkzib edib.
Ermənistan Müdafiə Nazirliyinin avqustun 7-də yaydığı məlumata görə, dünən hər iki dövlətin sərhədinin şərq hissəsində Azərbaycan ordusu atəşkəsi pozub:
“Döyüş mövqeyində sıravi, 2002-ci il təvəllüdlü Nver Gevorqyan yaralanıb. Hərbçinin həyatı üçün təhlükə yoxdur”.
Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı yalanlayıb.
“Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, -deyə nazirlik bildirib.
Xatırlatma
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.