Şərhçilər atəşkəs rejiminin pozulmasını təhlil edib
İyunun 12-də Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə Azərbaycan aviasiya vasitələrini vurmağa cəhd göstərib. Amma cəhd uğursuz olub.
Məlumatı Azərbaycan
Müdafiə Nazirliyi
nin mətbuat xidməti yayıb.
Bildirilib ki, səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib:
“Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb. Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub”.
İyunun 9-da Azərbaycan ordusunun əsgəri
Elşən Xəlilov
Tərtər rayonu istiqamətində həlak olmuşdu. İyunun 11-də Azərbaycan
Xarici İşlər Nazirliyi
bəyanat yayaraq bildirmişdi ki, Ermənistan müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu məhv edən şəxsləri mükafatlandırması Azərbaycan ərazilərinin həmin dövlət tərəfindən işğalına daha bir sübutdur:
"Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır. Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur".
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şar Ramaldanov mövcud vəziyyəti Meydan TV-yə şərh edərkən bildirib ki, Ermənistan siyasəti işğalçı mahiyyəti daşıdığından hadisələr təəccüblü deyil. Həm də Azərbaycan Ermənistanla sülh yox, müharibə şəraitindədir. Atəşkəs rejimi də daimi pozulur, qrafik hazırlansa, cəbhə bölgəsində Ermənistanın təxribata əl atması müşahidə olunacaq:
“Birinci, Ermənistanda daxili vəzyyətdə gərginlik artanda atəşkəs pozulur, ikinci, danışıqlar ərəfəsində oxşar hadisələr baş verir. Üçüncüsü, erməni cəmiyyətini daxili problemlərdən yayındırmaq üçün Dağlıq Qarabağda durumu gərginləşdirirlər. Hazırda Baş nazir Paşinyanla “Qarabağ klanı” arasında gərginlik var və maraqlı qüvvələr cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək istəyir. Hətta Paşinyan özü də maraqlı qüvvələrdən danışmışdı ki, onlar Azərbaycanı atəşkəsi pozmağa məcbur edir. Nəticədə Azərbaycan torpaqlarını azad edir, məsuliyyət isə Paşinyanın üzərində qalır, onun dövründə ərazilər azad edildi. Bu fonda Azərbaycanın iki hərbçisi şəhid oldu və vəziyyət gərginliyə doğru istiqamətlənib. Təəccüblüdür ki, düşmən dünən hava hücumundan müdafiə sistemlərindən istifadə edib, amma Azərbaycan pilotları peşəkarlıqlarını göstərdilər”.
Şair Ramaldanov təxribatların davam edəcəyini düşünür:
“Nazir Zakir Həsənov cəbhə bölgəsində olub, tədbirlər görülüb, əsgərlərimiz döyüş hazırlığındadır. Bir çox təxribatın qarşısı alınır, baş verənlər mətbuata məlum olanlardır, bəzilərini biz bilirik, bəzilərini isə yox. Əsas odur ki, silahlı qüvvələrimiz hər hansı təxribatın qarşısını almaq üçün daim döyüş vəziyyətindədirlər”.
Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov hər iki ölkədə ciddi problemlərin və Nikol Paşinyanın 1 ildən çoxdur hakimiyyətdə olduğunu xatırladaraq bildirib ki, Baş nazir bir müddət korrupsiya ilə mübarizə apardı:
“Artıq korrupsiya ilə bağlı şüarlar müəyyən mənada təsirini itirir və yeni hakimiyyətə qarşı yeni tələblər irəli sürülür. Bu tələblərin əsasını sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması təşkil edir. Amma qısa müddətdə nailiyyətlər əldə etmək çox çətindir, fəal cəmiyyət isə bir günün içində korrupsiyanın kökünün kəsiləcəyini düşünür. Amma problemlərin kökü o qədər də bəsit deyil. Məsələnin kökü ondan ibarətdir ki, Paşinyana qarşı olan daxili və xarici qüvvələr artıq ilk şokdan çıxıblar və onlar səfərbər olmağa çalışırlar. Baş nazirin daxili siyasətdə ciddi qüsurlarından biri özünə müttəfiq seçməməsi idi, hətta parlamentdə həmişə təmsil olunan ənənəvi daşnakları da yaxın buraxmadı. Belə olanda, siyasi qüvvələrin böyük hissəsi narazıdır, nəzərə alın ki, hər birinin arxasında sosial baza olması ilə bərabər əllərində çox ciddi iqtisadi-inzibati rıçaqlar və informasiya resurslar var. Onlar bununla cəmiyyəti neqativ informasiya ilə yükləyirlər, nəticədə Paşinyan hədəfə gəlir. Fikir verin, Ermənistan siyasi rəhbərliyinin rəsmiləri Qarabağla bağlı çox ziddiyyətli bəyanatlar yayırlar, bəzən sülhpərvər, bəzən həddən artıq aqressiv. Yaxud güzəştlərdən danışıb sonra işğal altındakı ərazilərin 1 qarışını da Azərbaycana verməyəcəyini bildirirlər. Bunlar hakimiyyətin Qarabağ məsələsində populizmə yuvarlanmağa məhkum olduğunu göstərir. Onsuz da Paşinyan populist idi və bu dalğada hakimiyyətə gəldi. Bu gedişatda Rusiya da Paşinyan hakimiyyətinin mümkün qədər Qərbdən uzaqlaşmasını istəyir”.
Rauf Mirqədirov Azərbaycandakı ictimai-siyasi duruma da diqqət yetirməyi vacib sayır:
“Hazırkı vəziyyətin ürəkaçan olmamasının bir sıra səbəbləri var. Birinci, ölkə daxilində qüvvələrin yenidən qruplaşması prosesi gedir, ictimai fəallaşma baş verir, narazılıq artır. Bu, hakimiyyət üçün ciddi təhdiddir. İkinci, iqtisadi vəziyyətlə bağlıdır, son aylarda hakimiyyət sosial durumu yumşaldan addımlar atdı, bunlar kafi deyil. Amma minimal və orta əmək haqqı göstəricilərinə görə Azərbaycan MDB-də sonuncu yerlərdədir. Bu, o deməkdir ki, sosial gərginlik üçün kifayət qədər münbit əsas var. Üçüncü, Rəsmi Bakı düşünürdü ki, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq Dağlıq Qarabağ məsələsində dividentlər qazanmağa təsir edəcək. Ancaq gedişat bu addımların qısa perspektivdə də uğurların qazanmasına imkan vermədiyini təsdiqlədi. Yəni Rusiya Ermənistana təsir göstərmək fikrində olmadığını büruzə verdi. İndi tərəflər təmas xəttində müəyyən fəallıq göstərməyə çalışır. Amma itkilərə baxmayaraq tərəflər müharibə ritorikasını cəmiyyətə aşılamır. Görünür, son hadisələr taktiki addmlardır, yəqin müəyyən vaxtdan sonra tərəflərin növbəti görüşü olacaq və onlar atəşkəs, başqa məsələləri müzakirə edəcək”.