Milli Məclis beynəlxalq təşkilatlara bəyanat ünvanladı
“Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozur. 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir”.
Yanvarın 23-də Milli Məclisin insan hüquqları komitəsinin beynəlxalq təşkilatlara ünvanladığı bəyanatında belə deyilir.
Sənəddə Azərbaycan tərəfinin bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdiyi deyilir:
“ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bu il yanvarın 9-da və 11-də bəyanat verərək, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin nəşini dərhal qaytarmağa çağırıblar. Buna baxmayaraq, Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmaqda və əsassız iddialar irəli sürməkdə davam edir”, – bəyanatda vurğulanır.
Komitə beynəlxalq təşkilatları əsgər Çingiz Qurbanovun nəşinin qaytarılmasına görə zəruri və təxirəsalınmaz tədbirlər görməyə çağırır.
Azərbaycan əsgəri Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədinin Qazaxdan keçən hissəsində həlak olub.
Müdafiə Nazirliyi əsgərin meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə və ATƏT-in Minsk Qrupuna müraciət edib.
Məsələ ilə bağlı, Avropa Şurasının baş katibi T. Yagland da çağırış edib. Ancaq Ermənistan hakimiyyəti Azərbaycan əsgərinin meyitinin qaytarılmaması ilə bağlı bu müraciətə də cavab verməyib.