Hazırkı dinləmələr yalnız BƏM-in yurisdiksiyasına dair hüquqi etirazları əhatə edəcək
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən (BƏM) xahiş edib ki, qonşusu Azərbaycanın onlara qarşı irəli sürdüyü etnik təmizləmə ittihamından imtina etsin.
“Reuters” yazır ki, bu addım Azərbaycanın Dünya Məhkəməsi kimi tanınan BƏM-dən Ermənistanın ona qarşı qaldırdığı işi rədd etməsini xahiş edərək, eyni məzmunlu şikayəti etdikdən bir həftə sonraya təsadüf edir. Hər iki iş üzrə yekun qərar illər sonra ola bilər və məhkəmənin qərarlarını icra etmək imkanı yoxdur.
Aprelin 22-də Ermənistanın nümayəndəsi Yeqişe Kirakosyan BMT-nin Ali Məhkəməsində hakimlərə bildirib ki, Azərbaycan iki dövlət arasında irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın (CERD) qüvvəyə minməsindən əvvəlki faktlara əsaslanır.
Bu iş Cənubi Qafqaz qonşuları arasında onilliklər ərzində davam edən qarşıdurmanın fəsadlarını əks etdirir.
İlk dəfə 2021-ci ildə BƏM-də qaldırılan işdə Ermənistan Azərbaycanı ermənilərə qarşı irqçiliyi təşviq etməkdə, ermənilərə qarşı nifrət dolu çıxışlara yol verməkdə və erməni mədəniyyət obyektlərini dağıtmaqda ittiham edib.
Ermənistan Azərbaycanın bununla BMT-nin ayrı-seçkiliyə qarşı müqaviləsini pozduğunu bildirib.
Rəsmi Bakı ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.Azərbaycan məhkəməyə bildirib ki, Ermənistanın şikayətlərinin əksəriyyəti Qarabağ üzrə silahlı münaqişələrlə bağlıdır və BMT müqaviləsinin əhatə dairəsinə daxil deyil.
Bakı həmçinin Ermənistanı işi BƏM-ə verməzdən əvvəl danışıqlarda səmimi iştirak etməməkdə ittiham edib. Kirakosyan bu iddiaları rədd edib.Bundan sonra Azərbaycan Yerevana qarşı ayrı-seçkilik əleyhinə iddia qaldırıb. İddia olunub ki, Ermənistan 1990-cı illərin əvvəllərindən 2020-ci ilə qədər etnik təmizləmə kampaniyası həyata keçirib.
Ermənistan bu iddiaları rədd edir.
Hazırkı dinləmələr yalnız BƏM-in yurisdiksiyasına dair hüquqi etirazları əhatə edəcək və ayrı-seçkilik iddialarının mahiyyətinə daxil edilməyəcək.