Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın söylədiklərinə reaksiya verib.
Nazirlik Nikol Paşinyanı Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaqda ittiham edib.
Rəsmi Bakı bildirib ki, saziş layihəsi üzrə müzakirələr başlanandan Ermənistan öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də II Qarabağ müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarına son qoymayıb.
Bakının çağırışlarına baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım da atılmayıb:
“Bununla əlaqədar, Ermənistan bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir”.
XİN hesab edir ki, ciddi hərbiləşmə siyasəti apardığı, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzaladığı və hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Yerevanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır:
“Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir. Azərbaycan sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir”.

Paşinyan Yerevanın ərazi iddiası etməyəcəyinə zəmanət verdiyini deyir
Ermənistanın Azərbaycanı təcavüz etməmək haqqında paktı imzalamağa dəvət etdiyi bildirilir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 28-də Ordu Günü ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, Bakını təcavüz etməmək haqqında paktı imzalamağa dəvət edir:
“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, təcavüz etməmək haqqında paktı imzalamağı təklif etmişik”.

Paşinyan bildirib ki, Yerevan heç bir ərazi iddiasının olmamasına uzunmüddətli zəmanət verməyə hazırdır, lakin o, başqalarından da bunu gözləyir:
“Bununla bağlı Ermənistan Azərbaycana bir neçə təhlükəsizlik təminatı mexanizmi təklif edib. Onların arasında keçmiş Ermənistan SSR və Azərbaycan SSR-in inzibati sərhədindən qoşunların aynalı çıxarılması təklifi də var”.
Azərbaycanın rəsmi orqanları Baş nazir Nikol Paşinyanın söylədiklərinə hələ ki reaksiya verməyiblər.
Yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanın sülh müqaviləsinin bir sıra bəndləri üzrə təkliflərində müəyyən geriləmə var:
“Ermənistan bu məqamlar üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib. Azərbaycan Ermənistanla mövcud platformalar üzrə danışıqları bərpa etməkdən imtina edir“.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şənbə günü yerli jurnalistlərə deyib ki, yanvarın əvvəlində Azərbaycan Ermənistandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə edib:
“Hazırda Azərbaycan tərəfi prosedura uyğun olaraq həmin paket üzrə öz daxili işlərini həyata keçirir. Biz də qarşı tərəfə cavab üzərində çalışırıq”.
“Hesab edirəm ki, növbəti həftələr ərzində böyük ehtimalla bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq. Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək”, – nazir vurğulayıb.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”- nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.