Ermənistan Azərbaycanı Qafan-Gorus yolunu bağlamaqda ittiham edir

Azərbaycan tərəf məsələyə hələ reaksiya vermir

Source: sputnik


Azərbaycan tərəf məsələyə hələ reaksiya vermir

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan hərbçilərinin Qafan-Gorus avtomobil yolunun Karmakar- Şurnux kəndləri ərazisində olan hissəsini bağladığını bildirib. Qurumun yaydığı məlumatda deyilir ki, 25 avqust, gecə saat 23 radələrindən etibarən yolda hərəkətə icazə verilmir.

Hadisənin Sünik vilayətinin David Bek kəndi yaxınlığında baş verdiyi bildirilib. Deyilir ki, hadisə Qubadlıda azərbaycanlı sərhədçinin bıçaqlanması

xəbərindən

sonra baş verib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda deyilir ki, əsgər Ruslan Şirəliyev Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olub: “Qəfil 2 erməni hərbi qulluqçunun hücumuna məruz qalıb. Əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü-bıçaqla xəsarət alıb”.

Ermənistan Müdafiə Nazirliyi isə məlumatın həqiqət olmadığını bildirib. Ölkənin Baş naziri Nikol Paşinyan da deyilənləri yalanlayıb:

“Biz rəsmən bəyan edirik ki, bu, bıçaqlanma haqqında məlumat həqiqətəuyğun deyil və Azərbaycan tərəfində bunun baş verdiyini əsaslandıran məlumat vardırsa, araşdırmaq üçün bizə təqdim etməyə çağırırıq”.

Baş nazirin sözlərinə görə, Sünik vilayəti Ermənistandan ayrılmayıb və hökumət vəziyyətin nizamlanması və nəqliyyat əlaqəsinin bərpa edilməsi istiqamətində çalışır:

“Qafan-Gorus yolunun 21 kilometrlik hissəsinin Azərbaycan Ordusu tərəfindən bağlanılması üçtərəfli bəyanatın müddəalarına ziddir. Problem həll edilənə qədər uzun amma yeganə alternativ yol olan Ağvan kəndindən keçən yolu təmir edib istifadəyə verəcəyik”.

Azərbaycan tərəfi hələ yolun bağlanması ilə məsələyə reaksiya vermir. Qafan-Gorus avtomobil yolunun Karmakar və Şurnux kəndindən keçən hissələri Azərbaycan ərazisinə düşür və həmin bölgədə yola Azərbaycan hərbçiləri nəzarət edirlər.

2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibədən sonra Şurnux kəndi ikiyə bölünüb.

Kəndi bölən yol Azərbaycanla Ermənistan arasında yeni sərhəddir.

Ana səhifəXəbərlərErmənistan Azərbaycanı Qafan-Gorus yolunu bağlamaqda ittiham edir