“Aİ ilə münasibətlərdə gözəçarpan dəyişikliklərin olmasına şadam”
Ermənistan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayıb.
Avropa Komissiyasının vitse-prezidenti Marqarita Sxinas bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Tezliklə Ermənistan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə qısamüddətli səfərləri zamanı viza tələbinin ləğvi barədə razılıq əldə olunması gözlənilir.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Aİ ilə münasibətlərdə gözəçarpan dəyişikliklərin olmasına şaddır:
“Viza rejiminin liberallaşdırılması üzrə danışıqlar başlanır, Avropa Sülh Fondu Ermənistan Respublikasını dəstəkləmək qərarı verib. Biz bunları yüksək qiymətləndiririk”, – Paşinyan deyib.
Həmçinin əlavə edib ki, Ermənistanda Aİ-yə üzv olmağın mümkünlüyü barədə müzakirələr gedir.
Aİ Nümayəndəliyi bildirib ki, Ermənistanla dialoq Aİ ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək çoxillik bir proses olacaq.
Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara iyul ayında başlayıb
O zaman hər iki tərəf arasında dialoqun Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı (VLAP) çərçivəsində aparılacağı bildirilirdi.