Ermənistan 200 kv.km ərazisini hərbi yolla almaq fikrində olmadığını deyir

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Müdafiə naziri: “Delimitasiya prosesi bu məsələni sülh yolu ilə həll etməyə imkan verəcək”

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycan tərəfindən işğal olunan 200 kv.km ərazinin hərbi yolla qaytarmaq məqsədlərinin olmadığını bildirib.

Bu barədə müdafiə naziri S.Papikyan noyabrın 13-də parlamentdə danışıb.

O, orduda aparılan islahatlar, xərclər və investisiyalara toxunub.

Nazir deyib ki, Ermənistanın öz suveren ərazisinin 29 min 743 kvadrat kilometrini müdafiə etmək üçün peşəkar, döyüşə hazır və müasir tələblərə cavab verən ordusu olmalıdır:

“Bu, ordunun qarşısında duran yeganə vəzifədir. Biz bunu yerinə yetirməyə borcluyuq”.

Ermənistanın işğal olunmuş ərazilərinin təxminən 200 kv.km məsələsinə gəlincə, bu problemin hərbi yolla həllinə dəyməz. Çünki delimitasiya prosesi bu məsələni sülh və diplomatik yolla həll etməyə imkan verəcək. Bu siyasi problem çərçivəsində Ermənistan ordusunun qarşısında ərazi bütövlüyünü xarici hücumdan qorumaqdan başqa heç bir vəzifə qalmayacaq”, – deyə Papikyan əlavə edib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətErmənistan 200 kv.km ərazisini hərbi yolla almaq fikrində olmadığını deyir