”Azərbaycan vətəndaşı Fransa prezidenti haqqında belə ifadələr işlətsə, xoşagələn olarmı?”
“Prezident ölkənin rəsmi atributudur. Azərbaycan o Fransa vətəndaşları haqqında iddia qaldırırsa, bəli, ona baxılmalıdır, rədd edilməməlidir. İnsanın şərəf və ləyaqətini təhqir etmək, onu alçaltmaq anormal haldır, qanuna ziddir”, – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədovun sözləridir.
Deputat prezident İlham Əliyevi “diktator” adlandıran iki fransalı jurnalistlə bağlı rəsmi Bakının qaldırdığı məhkəmə iddiasının Fransa məhkəməsi tərəfindən rədd olunmasına münasibət bildirərkən belə deyib.
Deputat “AzadlıqRadiosu”na
danışıb
. Bildirib ki, indi Azərbaycan vətəndaşları da Fransa prezidentinin ünvanına ləyaqətsiz, ağzına gələn sözləri danışa bilər. Bunu nə qədər ciddi qəbul etmək lazımdır?
Deputatın fikrincə, istər o fransalı jurnalist olsun, istərsə də Fransanın kimi olur-olsun hər hansı ölkənin prezidenti haqqında ləyaqətsiz, şərəfsiz, ağzına gələn ifadəni işlətməməlidir:
“İşlədirsə, hesab edirəm ki, onun heç özü normal adam deyil. Azərbaycanda da ya jurnalist ya qeyri-jurnalist, hər hansı vətəndaş Fransa prezidenti haqqında belə ifadələr işlətsə, xoşagələn olarmı?”
Deputat Fəzail İbrahimli isə Fransadan onsuz da yaxşı bir şey gözləmədiyini söyləyib:
“Nə qədər ki, Qarabağ problemi həll edilməyib, heç bir dövlətin bizim yanımızda, Azərbaycana qarşı, dövlətimizə və onun prezidentinə qarşı danışmağa mənəvi və siyasi haqqı yoxdur. Azərbaycanın torpağını işğal edən ermənini dəstəkləyən Fransa hakimiyyəti bizimlə bağlı danışmasın”.
Fəzail İbrahimli Azərbaycanın bir milyon köçkününün olmasına diqqəti çəkir. Sual edir: “Fransa bunu görmür? Ancaq heç vaxt danışmır. Fransa burnunu bizim işlərimizə soxa bilməz. Fransa erməni lobbisinin təsiri altında fəaliyyət göstərir. Orda prezident seçkilərinə təsir edən güclü erməni lobbiləri var. Ona görə də, biz Fransadan yaxşı bir şey gözləmirik”, – deməklə Fəzail İbrahimli fikrini yekunlaşdırıb.
Azərbaycan hökuməti fransalı jurnalistlər Elis Luçet (Élise Lucet) və Loran Rişardı (Laurent Richard) böhtançılıqda ittiham edirdi. Vurulmuş zərərə görə 1 avro simvolik cərimə, o cümlədən, Fransanın müvafiq orqanlarının onların çalışdığı telekanala yayım qadağası tətbiq etməsini, ya da 12 min avro cərimələnməsini tələb edirdi.
Noyabrın 7-də
Fransa məhkəməsi
bu iddianı rədd edib. Məhkəmə Azərbaycan hökumətinin Fransada jurnalistlərə senzura qoya bilməyəcəyi ilə bağlı qərar verib.