Rauf Mirqədirov: “Azərbaycan gələcəkdə etnik təmizləmə ittihamı ilə qarşılaşa bilər”
Sentyabrın 19-20 Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatdan sonra Qarabağın erməni sakinlərinin Ermənistana kütləvi şəkildə köçü bir sıra suallar yaradıb.
Ermənistan tərəfi və onun dəstəkləyənlər bunu etnik təmizləmə kimi qiymətləndirsələr də, Azərbaycan tərəfi buna əks-arqument olaraq heç kəsin köçməyə məcbur edilmədiyini bildirir.
Laçın buraxılış məntəqəsindən yerli medianın süjetlərində əks olunan kadrlara əsasən, Qarabağdan köçən ermənilər bunu öz istəkləri ilə etdiklərini qeyd edirlər.
Ermənistanda fəaliyyət göstərən “Hraparak” nəşri isə bildirib ki, Azərbaycanın Qarabağda separatçı qurumların özlərini buraxmaları barədə tələbi fonunda Şuşada erməni icmasına rəhbərlik edən Samvel Şahramanyanla Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev arasında görüş keçirilib.
Erməni nəşrinin məlumatına görə, görüşdə humanitar məsələlər müzakirə edilib və Şahramanyan Azərbaycandan Xankədinə daxil olmağa tələsməməyi xahiş edib.
Onun sözlərinə görə, şəhərdə panik əhval-ruhiyyə həddən artıq yüksəkdir və Azərbaycan qoşunlarının oraya daxil olmasından sonra baş verə biləcək hadisələri proqnozlaşdırmaq çətindir.
Nəşrin yazdığına əsasən, Samvel Şahramanyan deyib ki, köç məsələsi qaydaya salındıqdan sonra separatçı qurumların özünü buraxması elan ediləcək.
Sosial şəbəkələrdə qeyd edirlər ki, köçənlər arasında azərbaycanlılarla birgə yaşayışın əleyhinə olanlarla bərabər, panikaya düşüb ümumi dalğada evlərini tərk edənlər də var. Ekspertlərin fikrincə, hazırda köçən ermənilərin bir qismi müəyyən zaman kəsiyindən sonra yenidən Qarabağa qayıdacaq.
“Azərbaycan üçün Qarabağdan ermənilərin tamamilə getməsinin qarşısını alması çox çətindir”
Məsələni Meydan TV üçün şərh edən siyasi təhlilçi Rauf Mirqədirov ermənilərin Qarabağdan kütləvi şəkildə köç etməsinin bütövlükdə xoşagələn proses olmadığını və bütün hallarda Azərbaycanın maraqlarına zidd olduğunu deyib.
O xatırladıb ki, Azərbaycan dəfələrlə Ermənistanda yaşayan azərbaycanlıların qaytarılmasının tərəfdarı olduğunu bildirib, hətta dövlət başçısı də belə açıqlama verib.
“Əgər ermənilər Qarabağı tamamilə tərk edəcəksə, bu, qaçqınlar problemini gündəmdən çıxaracaq və azərbaycanlıların həmin ərazilərə qayıtması qeyri-mümkün olacaq. İndiki zamanda Azərbaycan təhdidlərə məruz qalmasa da, gələcəkdə etnik təmizləmə ittihamı ilə qarşılaşa bilər. Düzdür, Hikmət Hacıyev belə bir ittihamı Azərbaycan xalqı üçün təhqir sayır. Amma məsələ ondan ibarətdir ki, Azərbaycan üçün Qarabağdan ermənilərin tamamilə getməsinin qarşısını alması çox çətindir”, – o deyib.
Rauf Mirqədirovun fikrincə, ermənilərin kütləvi şəkildə köçünün bir çox səbəbləri var. O hesab edir ki, səbəblərdən biri panikadır. Ekspert xatırladıb ki, 90-cı illərdəki hərbi əməliyyatlar zamanı Ermənistan qoşunları hər hansı bir şəhərə, yaşayış məntəqəsinə yaxınlaşarkən insanlar panikada oranı tərk edirdilər. Onun fikrincə, hazırda da ermənilərdə eyni panika var.
“Həm 30 illik ayrı yaşayış, həm də təbliğat maşınının mənfi təsiri hər iki tərəfdə düşmən obrazı yaradıb. Yəqin ki, şəkillərin altındakı şərhləri hamımız oxumuşuq. Mən panikanı və şərhləri nə qədər məqbul saymasam da, təbii proses kimi görürəm. İnsanların beynini bir gündə dəyişmək mümkünsüzdür”, – Rauf Mirqədirov vurğulayıb.
Bununla belə, siyasi şərhçi bu məsələdə Azərbaycan tərəfindən hamının çıxıb getməsinə yönələn düşünülmüş siyasət görmədiyini bəyan edib.
Hazırda köç edən ermənilərin bir hissəsinin müəyyən dövrdən sonra geri qayıda biləcəyini ehtimal edən Rauf Mirqədirov vurğulayıb ki, qayıdışın miqyası daha çox sülh sazişindəki müddəaya bağlı olacaq.
“Həmin müddəanın da Bakı və Yerevan tərəfindən nə dərəcədə yerinə yetirilməsindən asılıdır”, – siyasi təhlilçi deyib.
“Erməni və azərbaycanlıların yenidən bir yerdə yaşamaq potensialı var”
Hüquq müdafiəçisi Arzu Abdullayeva isə ermənilərin kütləvi köçü fonunda onların reinteqrasiyasının təşkilinin yaranacaq vəziyyətdən asılı olacağını deyib.
“Hələ ki, ermənilər Qarabağı tərk edir. Yalnız yaranacaq vəziyyətdən asılı olaraq təkliflər gündəmə gələcək. İlkin olaraq sülh müqaviləsi, danışıqların necə getməsi və bunların fonunda münasibətlər yaxşılaşacaq və ya gərginləşəcək, bu suallara cavab olmalıdır”, – o deyib.
Hüquq müdafiəçisi ermənilər medianın geri qayıtmaqları ilə bağlı suallarına vəziyyətə baxacaqlarını dediklərini xatırladıb.
“Yaşlı insanlar qayıtmaq istədiklərini deyirlər. Özü də Azərbaycan dilində danışırlar. Bu, o deməkdir ki, onların yaddaşında yaxşı hallar qalıb. Başa düşürlər ki, iki xalqı düşmən ediblər, xalqların da buna müqavimət göstərməyə ağlı və mədəniyyəti çatmayıb”, – Arzu Abdullayeva bildirib.
O hesab edir ki, xalqların yenidən bir yerdə yaşamaq potensialı var.
“Əgər şərait yaxşı olarsa, qayıdarlar, onda başa düşərlər ki, inteqrasiya olunmalıdırlar. Bəlkə bu söz onlarda mənfi assosiasiya olunur. Amma bu, birgə yaşayış kimi təklif olunsa, qəbul ediləndir”, – o deyib.
Arzu Abdullayevanın fikrincə, 30 illik münaqişədən sonra erməni və azərbaycanlılar arasında birgə yaşayışı düzgün siyasət və yaxşı münasibətlə təmin etmək olar.
“Əgər normal atmosfer yaradılacaqsa, təkliflər müsbət yöndə təbliğ olunacaqsa, insanlar arasında düşmənçiliyin artıq arxada qaldığı istiqamətində iş aparılacaqsa, birgə yaşayış mümkündür. Gələcək nəsillər naminə düşmənçiliyə son qoyulmalıdır. Əbədi düşmənçilik çox pisdir”, – hüquq müdafiəçisi bildirib.
O hesab edir ki, hazırda köç edən ermənilərin mülkiyyət və digər hüquqları təkliflərin içində olmalıdır.
“Yəni Azərbaycan vətəndaşlığını qəbul edənlərin mülkiyyət və seçilmək hüquqları da olmalıdır. Ancaq onlar getməyə üstünlük verəcəklərsə, o zaman Azərbaycan hökuməti evlərini ala bilər”, – Arzu Abdullayeva deyib.