Vəkil deyib ki, bu səfər cinayət məsuliyyətindən yayınmaq üçün hiylə deyil
“Çiçəklənən Ermənistan” Partiyasının yaradıcısı olan oliqarx Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan hazırda axtarışdadır. Ancaq vəkili onun hazırda Belarus və Rusiyada “işgüzar səfərdə” olduğunu bildirib.
Bu barədə “OC Media” yazıb .
Bildirilir ki, oktyabrın 26-da Tsaxkadzorda kazinoda Nver Tsarukyanla bağlı insident baş verib. “İravaban.net”in məlumatına görə, qumarxana işçiləri ilə Tsarukyan və onun mühafizəçiləri arasında mübahisə yaranıb, nəticədə odlu silahlarla davaya çevrilib. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Hadisədən iki həftə sonra Ermənistanın İstintaq Komitəsi mətbuata bildirib ki, xuliqanlıq və quldurluq maddəsi ilə 5 nəfərə qarşı cinayət işi açılıb və onların həbsinə order verilib.
KİV-in məlumatına görə, axtarışda olanlar arasında Nver Tsarukyan da var. Lakin Tsarukyanın vəkili Emin Xaçatryan bildirib ki, hadisədən sonra o, Belarusda “işgüzar səfərdə” olub.
Xaçatryan deyib ki, Nver Tsarukyan atasının yaratdığı biznes konsorsiumu olan “Multi Group”un təxminən 30%-nin səhmdarıdır və onun Belarus və Rusiyaya səfəri “Multi Group”un işləri ilə bağlıdır.
“O, indi Belarusa gedə və hər iki gündən bir [Rusiyaya] qayıda bilər”,- vəkil “Azadlıq” radiosuna bildirib və əlavə edib ki, “Multi Group”un oradakı biznes tərəfdaşları ilə intensiv işləyir.
Həbs orderinin nə vaxt verildiyi, onun beynəlxalq olub-olmaması və ya Ermənistanın Rusiya, yaxud Belarus hakimiyyətlərindən Tsarukyanın tapılıb ekstradisiyasını tələb edib-etmədiyi də aydın deyil.
Xaçatryan təkid edib ki, bu səfər cinayət məsuliyyətindən yayınmaq üçün hiylə deyil. O, səfərin hadisədən əvvəl planlaşdırıldığını və səlahiyyətlilərin səfərdən xəbərdar edildiyini iddia edib. Vəkil əlavə edib ki, Tsarukyan Ermənistana qayıdandan sonra hakimiyyət orqanlarına məlumat veriləcək.
Bundan başqa, Xaçatryan onu da qeyd edib ki, iş üzrə digər beş müttəhimdən dördü, o cümlədən Tsarukyanın mühafizəçisi artıq hüquq-mühafizə orqanlarına təslim olub. Üç nəfər saxlanılıb. Xaçatryan həmçinin bildirib ki, bütün təqsirləndirilən şəxslərə, o cümlədən Tsarukyana qarşı irəli sürülən ittihamlar əsassızdır və “səhv hüquqi qiymətin nəticəsidir”.
Hadisənin təfərrüatları açıqlanmasa da, İstintaq Komitəsinin sözçüsü hadisə yerində atəş açıldığını təsdiqləyib, lakin itkilərin olmadığını bildirib.
Xaçatryan bu açıqlamaya etiraz edib və atəş açıldığını inkar edib. O, həmçinin bildirib ki, Tsarukyanın mühafizəçisi kazinonun müşahidə kameralarının lentə aldığı görüntüləri çəkib.
Nver Tsarukyan 2019-cu ildə iki nəfərin ölümü və daha yeddi nəfərin yaralanması ilə nəticələnən daha bir cinayət işində iştirak edib. Qurbanlardan birinin qohumları Nver Tsarukyanın tətiyi çəkənlərdən biri olduğunu iddia etsə də, Tsarukyanın vəkili bu ittihamı rədd edib və ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.
Qaqik Tsarukyanla Belarus Prezidenti Aleksandr Lukaşenkonun yaxın əlaqələri var və Tsarukyan onu “dostum” adlandırıb. Belarusun Ermənistandakı səfirliyi Tsarukyanın Yerevanın kənarındakı Arınc kəndindəki malikanəsinin yanında yerləşir.
Qaqik Tsarukyan Ermənistanın ən varlı adamlarından biridir və səslərin satın alınması, qeyri-qanuni biznes fəaliyyəti və saxta torpaq transferi sxeminin təşkili kimi bir sıra iddia edilən cinayətlərə görə təhqiqat altındadır.
1990-cı illərdə qida sənayesində biznes karyerasına başlayan Tsarukyan sonrakı üç onillikdə Ermənistanda spirt və qida istehsalı, kazinolar, otellər, dağ-mədən sənayesi, əczaçılıq və ən son olaraq “Bitcoin” hasilatı da daxil olmaqla müxtəlif sənaye sahələrində pay toplayıb.
O, həmçinin Ermənistanda idmana böyük təsir göstərib, çoxlu sayda idmançıya və idman mərkəzlərinə maliyyə dəstəyi verib və 2005-ci ildən Ermənistan Olimpiya Komitəsinin rəhbəri olub.
Tsarukyanın siyasətdə də uğurlu, gurultulu karyerası var.
2022-ci ildə o, Hatis dağında İsa Məsihin 33 metrlik heykəlinin tikintisinə sponsorluq edib.
Layihə təklif olunan heykəlin dağdakı təbii və mədəni obyektlərə yarada biləcəyi risklərlə bağlı narahatlıqları artırıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.