Vahan Martirosyan: Ermənistan ordusu hər hansı orduya cavab vermək gücündə deyil
Üç gün öncə Ermənistanı tərk edərək Azərbaycana keçmək zərurətində qalan müxalifətçi Vahan Martirosyan sentyabrın 18-də mətbuat konfransı keçirib.
Öncə hüquq müdafiəçisi Novella Cəfəroğlu V.Martirosyanın Gürcüstana, oradan isə Azərbaycana keçməsinə toxunub. Gürcüstan hüquq müdafiəçiləri erməni müxalifətçinin Azərbaycana keçməsi üçün N.Cəfəroğluna müraciət ediblər. Bundan sonra N.Cəfəroğlu rəsmilərlə danışıqlar apararaq Azərbaycana gəlməsinin təmin edildiyini söyləyib.
V.Martirosyan Azərbaycana gəlişini təmin edən şəxslərə minnətdarlığını ifadə edib. Azərbaycan tərəfindən mehriban qarşılandığını, hər hansı təzyiqə məruz qalmadığını deyib. O, müxalifətçi olaraq Ermənistanda rejimə qarşı mübarizə apardığını, son 3 ildə ciddi təzyiqlərə məruz qaldığını nəzərə çatdırıb. V.Martirosyana görə, Ermənistanda müxalifət yox, “cib müxalifəti var” və əsl müxalifətə 2008-ci ildə son qoyulub. Onun sözlərinə görə, Ermənistanda rejimə müqavimət göstərən ayrı-ayrı şəxslər və xalq var.
O deyib ki, Ermənistan dövlət başçısı Serj Sarkisyanın yaxınları və müdafiəçiləri tərəfindən müxalifətçi olduğuna özü və həyat yoldaşı döyülüb. Həyat yoldaşı Karina Martirosyan döyülmə nəticəsində bətnindəki uşağı salıb. Bundan sonra Prezident Adminstrasiyasındakı dostları V.Martirosyana təcili Ermənistanı tərk etmək xəbəri göndəriblər. “Külli rüşvət müqabilində bir gün ərzində parsportlar aldıq və Gürcüstana gəldik, oradan da Azərbaycana” deyən V.Martirosyan Azərbaycana gəlişi haqda açıqlama verib. V.Martirosyan onu da xatırladıb ki, artıq Ermənistanda onun barəsində cinayət işi başlanıb, əleyhinə ifadələr alınır.
V.Martirosyan Azərbaycana gəlişinə əsas səbəb kimi Ermənistanda hakim rejimin cinayətlərini dünyaya çatdırmaq olduğunu deyib. Onun fikrincə, Azərbaycan KİV-ləri kimi heç bir KİV bu cinayətləri dünyaya ətraflı çatdıra bilməz. Dünya birliyinin Ermənistandakı rejimə mülayim yanaşmasını V.Martirosyan rejimin külli miqdarda rüşvət verməsilə əsaslandırıb.
Onun sözlərinə görə, korrupsiya, rüşvət bütün Ermənistanı bürüyüb. Hər vəzifə üçün rüşvətin həddi nədir hər kəs bilir. V.Martirosyan bütün rüşvət piramidasının başında Sarkisyanın qardaşları və Baş Qərargah rəisinin durduğunu söyləyib. Ölkə əhalisinin sosial durumunu, pensiyaların həddini acınacaqlı adlandırıb. V.Martirosyan Ermənistandkı ağır sosial durumu “Afrika ölkələrindəki ağır durumla müqayisə edib.
Daha sonra V.Martirosyan sualları cavablandırıb. O, Ermənistanda heç kəsin, xüsusilə yaşlı nəslin müharibə istəmədiyini deyib, digər tərəfdən yeni müharibə başlaya bilməsini Azərbaycan və erməni xalqı üçün “faciə” adlandırıb. Onun firkrincə, Ermənistan ordusu hər hansı orduya cavab vermək gücündə deyil. Orduda qeyri-döyüş itkilərinin həddindən artıq çox olduğu deyilib.
V.Martirosyan Azərbaycanda qalacağı yoxsa üçüncü bir ölkəyə gedəcəyi haqda sualla bağlı cavabında hələlik bir qərara gələ bilmədiyini deyib.