”Erməni əsirinə həkim nəzarəti var, mənim yanıma isə həkim, dərman buraxmırlar”

Əbülfəz Bünyadov: ““Bu, profilaktik yoxlama deyil, adama zülm eləməkdir”

Foto: arxiv
Əbülfəz Bünyadov məhkəməyə gətirilərkən
Əbülfəz Bünyadov məhkəməyə gətirilərkən


Əbülfəz Bünyadov: ““Bu, profilaktik yoxlama deyil, adama zülm eləməkdir”

“Beş gecədir qızdırma və ağrıdan yata bilmirəm. Evə nə həkim buraxırlar, nə də iynə-dərman…”, – 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin öldüyü polis əməliyyatında güllələnib iflic olmuş Əbülfəz Bünyadov Meydan TV-yə bildirib.

Onun sözlərinə görə, martın 18-dən ona qarşı tətbiq olunan qadağa – yaxın qohumlarının (bacıları, onların övladları, qayınanası, əmisi oğlanları və s.), hətta onu müalicə edən həkimlərin də evə buraxılmaması, dərmanların və başqa lazımi tibbi ləvazimatların çatdırılmasına imkan verilməməsi davam edir: “Bədənində açıq yaralar olan yataq xəstəsinin sarğıları günlərlə dəyişilməyəndə, özü yuyunmayanda necə ola bilər? 70 yaşlı anam xəstədir, özü yeriyə bilmir. Uşaqlarım da körpədir. Ən böyüyünün 13 yaşı var, o da beyin iflicidir. Qalır bir həyat yoldaşım, onun da gücü çatmır axı… Mənə əmim oğlanları kömək eləyirdi. Ağrıdan nəfəsim kəsilir, evə həkim buraxmırlar. Erməni əsirinə həkim nəzarəti var, mənim yanıma isə həkim, dərman buraxmırlar”.

Nardaran əməliyyatı Ə.Bünyadovun evində keçirilib. Özü də əməliyyatda güllələnib, hərəkət qabiliyyətini itirməsinə baxmayaraq, həmin gün Taleh Bağırzadə və digərləri ilə birlikdə onu da tutub aparıblar. Bir ildən artıq həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxıblar. Buraxılandan bəri də həyətin darvazasının qarşısında polislər keşik çəkir. Dediyinə görə, evə gələnləri də qapıdakı polislər buraxmır, “yuxarıdan” belə göstəriş verildiyini bildirirlər.

Ə.Bünyadov iyirmi gündən çoxdur davam edən qadağa ilə əlaqədar Ombudsman Aparatının işgəncə şikayətlərinin araşdırılmasıyla məşğul olan Milli Preventiv Qrupuna, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. Ombudsman Aparatından Azadlıq Radiosuna bildirilib ki, Ə.Bünyadovun şikayəti ilə əlaqədar müvafiq orqanlarla danışılıb. Onlara deyilib ki, bu məhdudiyyət təkcə Ə.Bünyadova qarşı yönəlməyib, ümumi profilaktik yoxlamalarla əlaqədardır.

Ə.Bünyadov isə bu qadağanın profilaktik yoxlama olduğuna inanmır:

“Bu, profilaktik yoxlama deyil, adama zülm eləməkdir”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Bünyadovun məhkəməsi

gedir

. Kömək olmadan, hətta yataqda təkbaşına çevrilə bilməyən Ə.Bünyadov məhkəməyə Təcili Tibbi Yardım vasitəsilə aparılır, hakimlərin önünə də xərəkdə uzanıqlı vəziyyətdə çıxarılır.

“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü olan Ə.Bünyadov qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. maddələrlə ittiham olunur. O, özünü təqsirli bilmir və ittihamların saxta olduğunu söyləyir. Bildirir ki, güllələnib iflic olandan sonra da polislər tərəfindən işgəncəyə məruz qalıb.

Daxili İşlər Nazirliyi Ə.Bünyadovun işgəncələrə məruz qalması və evinə gələn yaxınlarının, həkimlərin içəri buraxılmaması barədə dediklərinə heç bir münasibət bildirməyib.

Ana səhifəXəbərlər”Erməni əsirinə həkim nəzarəti var, mənim yanıma isə həkim, dərman buraxmırlar”