Mənbə: Sputnik/Aram Nersesyan

Erməni əsgərlərin valideynləri onların Qarabağda xidmətlərinin ləğv olunmasını tələb edib

Məqalə yeniləndi:  8 Yanvar 2021

Məqalə "Каvkazski uzel" saytında dərc olunub

Həqiqi hərbi xidmətdə olan onlarla erməni əsgərinin valideyni Yerevanda etiraz aksiyası keçirərək, övladlarının hərbi xidmətinin Dağlıq Qarabağdan Ermənistana keçirilməsi tələbi ilə çıxış edib.

“Kavkazski uzel” xəbər verir ki, ilk dəfə noyabrın 30-da həqiqi hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri Dağlıq Qarabağda xidməti şəraitdən şikayətçi olublar. Onlar Yerevanda etiraz aksiyasına çıxaraq, münaqişə zonasında atəşkəsə riayət olunması barədə məlumatın təsdqilənməsini tələb edib və Qarabağ münaqişəsi zonasında payız döyüşləri iştirakçılarının məktəb döşəmələrinin üstündə yatmaq məcburiyyətində olduqlarından şikayətləniblər.

Yanvarın 8-də həqiqi hərbi xidmətdə olan onlarla erməni əsgərin valideyni Yerevanda Vazgen Sarqsyan adına Hərbi Universitetin qarşısında etiraz aksiyası keçirib. Etiraz edənlər övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilmələrinə qarşı çıxış edib. Söhbət Ermənistana məzuniyyətə gəlmiş və hazırda öz mövqelərinə qayıtmalı olan əsgərlərdən gedir, -“Ermənistan xəbərləri” nəşri bu gün xəbər verib.

Əsgər valideynləri hakimiyyət onlara övladlarının Dağlıq Qarabağa göndərilməyəcəyini bildirdikdən sonra da aksiyaya çıxıblar. Onların dediyinə görə, hərbçiləri göndərməzdən əvvəl Sarqsyan adına Universitetin ərazisində yerləşdiriblər. “Biz uşaqların Arsaxa (Qarabağ) getməsini istəmirik, çünki yol təhlükəsiz deyil. Onların ora salamat çatacaqlarının zəmanəti yoxdur. Biz Müdafiə Nazirliyindən övladlarımızın Ermənistan ərazisində xidmət edəcəklərinə təminat almaq istəyirik”, – nəşr aksiya iştirakçılarından birinin sözlərini sitat gətirib.

Etiraz edənlər Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə görüş tələb edib,- bu gün “Sputnik Ermənistan” xəbər verib. Nəşrin “YouTube”-da yaydığı videoda Vazgen Sarqsyan adına Hərbi Universitetin darvazasının ağzında onlarla etiraz edən şəxs göstərilib. Aksiya iştirakçıları emosional şəkildə əl-qol ata-ata jurnalistlərlə söhbət edir. Onların yanında bir neçə hərbçi və polis dayanıb. Videoçarxdan göründüyü kimi, etiraz edənlərin çoxu yaşlı adamlardır.

Aksiya iştirakçıları oğlanlarının Qarabağa, münaqişə zonasına göndərilməsinə yol verməyəcəklərini bəyan ediblər. “Bizə o gün birbaşa dedilər – Rusiya və Azərbaycan əsgərlərimizi Qarabağda xidmət etməyə buraxmır. Biz də dedik ki, yaxşı, qoy püşk atsınlar və oğlanlarımız Ermənistanda xidmət etsin. İndi isə deyirlər ki, yox, onlar Qarabağa göndərilməlidir. Uşaqların heç biri bunu istəmir və biz buna yol verməyəcəyik”, – nəşr aksiya iştirakçılarının birindən sitat gətirib.

Digər hərbçinin atası deyib ki, onun oğlu yaydan hərbi xidmətdədir və bu zaman kəsiyində müharibənin bütün dəhşətlərindən keçib. “Oğlum dörd tankı məhv edib. Niyə bütün bunları yenidən yaşamalıdır ki?” – o sual verib.

Daha bir aksiya iştirakçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çözülməyib və hərbçiləri əsir götürməyə davam edirlər. “Heç kəs bizə övladlarımızın Qarabağa salamat çatacağına zəmanət vermir. Odur ki, onlar heç yerə göndərilməyəcək. Biz yolları kəsəcək və avtobusların keçməsinə imkan verməyəcəyik”, – o deyib.

Universitet əməkdaşlarından biri etiraz edənlərin qarşısına çıxaraq, valideynlərin sualına cavabının olmadığını bəyan edib. “Sizin suallarınıza cavab verməyə səlahiyyətim yoxdur, məsələnin yaxın zamanda çözüləcəyinə ümid edirəm”, – o deyib.

Dağlıq Qarabağda döyüşlər bitdikdən sonra, 2020-ci il dekabrın 11-12-si Hadrut rayonunda ilk dəfə atəşkəs pozulub – Xsaberd (azərbaycanca adı Çaylaqqala) və Xin Taxer (Köhnə Tağlar) kəndində silahlı toqquşma baş verib. Daha sonra bu kəndlərin erməni mövqelərində doqquz əsgərin meyiti aşkarlanıb. Dekabrın 27-si Xocavənd rayonunun (erməni dilində Martuni) Ağdam (Akaku) kəndi yaxınlığında daha bir hərbi insident baş verib. Azərbaycanın Müdafiə Nazirliyi altı nəfərdən ibarət dəstənin hücumu zamanı hərbi qulluqçunun həlak olması və daha birinin yaralanması barədə xəbər verib. Qurum həmçinin hücum çəkənlərin hamısının həlak olduğunu bəyan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Yanvar 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/97gjb3

Ən çox baxılan