Ermənistanın xarici işlər naziri Qarabağ separatçılarının məhkəməsini tənqid etdi

Ararat Mirzoyan. Foto: Ermənistan Xarici İşlər Nazirliyi

Azərbaycan XİN: “Bu beynəlxalq hüquqa görə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri məsuliyyətə cəlb etmək öhdəliyidir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Haqları Şurasının Cenevrədə keçirilən 58-ci sessiyası zamanı Qarabağdakı keçmiş tanınmamış separatçı qurumun Azərbaycanda həbsdə olan liderlərinin məhkəməsini ilk dəfə tənqid edib.

O, həmçinin rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü tanımaq istəməməsindən də şikayətlənib.

“Bir il əvvəl bəyanatımda Ermənistanın qarşılaşdığı çətinliklərə geniş istinad etmişdim. Təəssüf ki, ölkəmizin böyük səylərinə baxmayaraq, həmin çətinliklərin əksəriyyəti hələ də həll olunmamış qalır. 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına baxmayaraq, şərq qonşumuzdan gələn bəyanatlar Ermənistanın ərazi bütövlüyünü sual altına almaqda davam edir. Bundan əlavə, hazırda 23 erməni şəxsə qarşı saxta məhkəmə prosesləri aparılır. Onlar Azərbaycanda əsassız olaraq saxlanılır və bu məhkəmələr ədalətli hüquqi prosedur standartlarına hörmətsizlik nümayiş etdirir”, – Ermənistanın XİN rəhbəri deyib.

Mirzoyan deyib ki, ittihamların uzun siyahısı ilə üzləşən müttəhimlər arasında Qarabağın üç keçmiş “prezidenti” – Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan və qısa müddət ərzində “Baş nazir” olmuş erməni milyarder Ruben Vardanyan da var.

Ararat Mirzoyan bildirib ki, Ermənistan sülhün və sabitliyin bərqərar olması ilə bağlı gündəminə sadiqdir.

“Ermənistan Respublikası regionda sülhün və sabitliyin bərqərar olması ilə bağlı gündəminə sadiq qalaraq, bütün əsas məsələləri həll edəcək strateji sazişin yaradılması zərurətini nəzərə alaraq Azərbaycan tərəfinə bir sıra konstruktiv təkliflər, o cümlədən Sülh Sazişi, nəqliyyat infrastrukturunun açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi və s. Biz əminik ki, hər iki tərəfin konstruktiv reaksiyası və gələcək fəallığı və siyasi iradəsinin nümayişi regionumuzda yeni sülh dövrünün açılmasına böyük töhfə verəcək. Bu kontekstdə mən bir daha Ermənistan tərəfinin düşmənçilik səhifəsini çevirmək və institusional sülh bərqərar etmək istəyini təsdiqləmək istərdim. Biz nəinki buna hazırıq, hətta bu yoldan dönməyəcəyik”.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə Ararat Mirzoyana cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazir müavini bildirib ki, ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası da daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər:

 “İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik”.

Elnur Məmmədovun sözlərinə görə, münaqişədən sonrakı reabilitasiya münaqişənin bütün mənfi nəticələrinin aradan qaldırılmasını tələb edir ki, bu da eyni zamanda cinayət törətməkdə şübhəli bilinən şəxsləri ədalətə cəlb etməyi ehtiva edir:

“Bu, təkcə Azərbaycanın hüququ deyil, həmçinin beynəlxalq hüquqa görə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri məsuliyyətə cəlb etmək öhdəliyidir. Biz təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarını lazımi beynəlxalq standartlara uyğun şəkildə təmin etmişik və bundan sonra da təmin edəcəyik. Bu səylər ədalətə xidmət edəcək”.

Elnur Məmmədov vurğulayıb ki, müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4 000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir:

“Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəmində tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq”.

Nazir müavini qeyd edib ki, digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəXəbərlərErmənistanın xarici işlər naziri Qarabağ separatçılarının məhkəməsini tənqid etdi