O, vəkili vasitəsilə bütün ittihamları rədd edib
Baş nazir Nikol Paşinyanı 2020-ci ildə İkinci Qarabağ müharibəsini pis idarə etməkdə ittiham edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət ittihamları irəli sürülüb.
Akopyana qarşı idiialar 2016-cı ildə Rusiyadan nasaz texnika almaqdan qaynaqlanır. İşə baxan prokuror Karen Karapetyan aprelin 2-də Ermənistan İctimai Televiziyasına deyib ki, 2017-ci ildə Ermənistan artilleriya bölmələrinə mobil atəşə nəzarət sistemləri verilib. Onlar “qarşıya qoyulan tapşırıqları icra edə bilməyib, praktik şəraitdə taktiki və texniki xüsusiyyətlərinə uyğun gəlməyib”. Karapetyanın sözlərinə görə, Akopyan və digər aparıcı generalın “səhlənkarlığı” dövlətə 4.3 milyard dram (11 milyon dollar) ziyan vurub.
2016-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışmış Akopyan vəkili Muşeq Aleksanyan vasitəsilə ittihamları rədd edib. Vəkili bildirib ki, silah sövdələşməsinin “onunla heç bir əlaqəsi yoxdur”, çünki bu, “yuxarı orqan” tərəfindən təsdiqlənib. O, ətraflı məlumat verməyib.
Aleksanyan “Azatutyun”-a bildirib ki, əgər müvəkkili iddia müddətinin keçməsi məsələsini qaldırsaydı, cinayət işi bağlanardı. Vəkilin sözlərinə görə, Akopyan əvəzində günahsızlığını məhkəmədə sübut etmək qərarına gəlib.
Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gəldikdən qısa müddət sonra Akopyanı istefaya göndərdi. Baş nazir daha sonra onu Ermənistanın baş hərbi müfəttişi təyin etdi. General 2020-ci ildə Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətindən sonra bu vəzifədən istefa verib.
İstefasının ertəsi günü keçirdiyi mətbuat konfransında Akopyan iddia edib ki, Paşinyanın verdiyi fəlakətli qərarlar altı həftəlik müharibədə Azərbaycana geniş ərazilər qazanmağa imkan verib. Xüsusilə, onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından üç gün sonra Paşinyan Ermənistan ordusunun hissələrinin ehtiyatda olanlarla gücləndirilməsini dayandırıb və əvəzində Dağlıq Qarabağa könüllülər göndərib. O, onların çoxunun zəif təlim keçdiyini və Azərbaycanın hücumlarını dəf etmək üçün mübarizə aparan cəbhə qoşunlarına kömək edə bilməyəcəyini deyib.
Qarabağ əsilli general 2020-ci ilin noyabrında Ermənistanın hazırkı rəhbərliyi tərəfindən həyata keçirilən silah alışını da tənqid edib. O, Rusiyadan Su-30SM döyüş təyyarələri və ikinci əl hava hücumundan müdafiə sistemlərinin alınmasını xüsusi qeyd edərək, onların heç birinin müharibədə faydalı olmadığını bildirib. Paşinyan iddiaları qəti şəkildə rədd edib.
60 yaşlı Akopyan 2021-ci ilin mayında dövlət sirrini yaymaqda ittiham edilib və ondan sonra mühakimə olunub. Məhkəmə hələ də bağlı qapılar arxasında davam edir.
Daha bir neçə erməni generalı, o cümlədən “Qarabağ” ordusunun iki keçmiş komandiri də özləri tərəfindən rədd edilən müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Erməni müxalifət liderləri bu məhkəmə proseslərini tənqid edərək bildiriblər ki, bu, Paşinyanın fəlakətli müharibənin günahını aradan qaldırmaq cəhdlərinin bir hissəsidir. Baş nazir isə günahı ölkənin keçmiş liderlərinin üzərinə atıb.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Ermənistan və Azərbaycan arasında hələlik sülh müqaviləsi imzalanmayıb.