Ermənistanın Dördüncü Respublikası haqqında Bəyannamə: İqtidar partiyası nə planlaşdırır

Nikol Paşinyan – Foto: Baş nazirin səhifəsi

“Jamnews”un materialı

Ermənistanda hakim partiya “Vətəndaş Müqaviləsi” özünün yeni strateji məqsədini— Dördüncü Respublikanın qurulmasını elan edib. Partiyanın qurultayı yekdilliklə müvafiq bəyannaməni qəbul edib.

Sənədə görə, Dördüncü Respublika “1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış 29 743 kv. km ərazisinin toxunulmazlığı konsepsiyasına söykənəcək”. Bəyannamədə qeyd olunur ki, bu qərar Üçüncü Respublikanın tarixinin təhlilindən sonra qəbul edilib.

Üçüncü Respublika hazırkı Ermənistan Respublikasına deyilir. Bu respublika 1991-ci ildə ümumxalq referendumunun nəticəsində müstəqilliyini elan edib. Birinci Respublika 1918-ci il mayın 28-də elan olunmuşdu. Sovet Ermənistanı isə ikinci hesab olunur.

“Üçüncü Respublika bizə mane olmur və olmayıb da. Sadəcə, biz artıq uzun müddətdir ki, Dördüncü Respublikada yaşayırıq,” – baş nazir Nikol Paşinyan bildirib.

Lakin analitiklər hesab edirlər ki, baş nazir yeni respublikanın elan olunması ilə “hakimiyyəti qorumağa çalışır”.

Hakim partiya “Vətəndaş Müqaviləsi” VII qurultayın yekununda yeni idarə heyəti seçib. Onun tərkibi əvvəlki 15 nəfərdən 20 nəfərə qədər genişləndirilib. Təxminən 880 nümayəndədən 826-sı hazırkı baş nazir və partiya lideri Nikol Paşinyanın idarə heyətinə daxil olmasına səs verib. O, idarə heyətinin sədri seçilib.
Paşinyan: “Dördüncü Respublikasının müəllifi — Ermənistan xalqıdır”

“Üçüncü Respublika bizim irsimizdir, amma biz yeni mərhələyə daxil oluruq. İncilin Yeni Əhdində deyilir: ‘yeni şərab — yeni tuluqlara’. Üçüncü Respublika bizim kimliyimizdir, dövlətimizdir. Biz onu sevirik, amma yeni şərab yeni tuluqlara. Dördüncü Respublika təsdiq olunub, dinc yolla təsdiq olunub —Alma-Ata bəyannaməsinin təsdiqi ilə”, — deyə Paşinyan vurğulayıb.

Alma-Ata Bəyannaməsində qeyd olunur ki, MDB-nin yaranması ilə SSRİ mövcudluğunu dayandırır. Onu imzalayan keçmiş respublikalar isə SSRİ dövründə mövcud olmuş inzibati sərhədlər çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar.

Paşinyan “Dördüncü Respublikanın dinc yolla qurulması” dedikdə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutur. O, xüsusilə vurğulayıb ki, tərəflər sərhədlərin delimitasiyası barədə razılaşıblar və əsas kimi Alma-Ata Bəyannaməsinə istinad ediblər.

Baş nazir bildirib ki, hakim partiya sadəcə faktı — Dördüncü Respublikanın yaranmasını formalaşdırır, amma bu prosesin müəllifi Ermənistan xalqıdır. Onun sözlərinə görə, xüsusən də Azərbaycanla sülh sazişinin paraflanmasından sonra Dördüncü Respublikaya transformasiyanı görməmək mümkün deyil.

Bəyannamənin müddəaları

Yeni, Dördüncü Respublikasının tam qurulması üçün hakim partiya 2026-cı il parlament seçkilərində qalib gəlməyi planlaşdırır. Seçkilərdə xalqın etimad səsini aldıqdan sonra “Vətəndaş Müqaviləsi” bunları həyata keçirməyi qarşısına məqsəd qoyur:

  • Ermənistanın Avropa İttifaqına üzvlüyü istiqamətində səyləri artırmaq, bu prosesi regional siyasətə və balanslaşdırılmış xarici siyasətə qarşı qoymamaq,
  • ümumxalq referendumu yolu ilə yeni Konstitusiya qəbul etmək,
  • xalqın bütün qonşularla sülhün qurulması tələbinin reallaşdırılmasını davam etdirmək,
  • ərazi bütövlüyünün, suverenliyin, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sülhün institusionallaşdırılması üçün səylər göstərmək,
  • “Sülh kəsişməsi” layihəsini irəli aparmaqla başlayan kommunikasiyaların açılmasını davam etdirmək,
  • antikorrupsiya mexanizmlərini və demokratik institutları inkişaf etdirmək,
  • təhsil sahəsində islahatları dəstəkləmək,
  • azad və rəqabətli iqtisadi fəaliyyəti təşviq etmək.
“Xalqdan aldığım mandatı qoruyacağam”

Baş nazir partiyasının 2026-cı il seçkilərində qalib gəlmə şanslarını optimist qiymətləndirib. Hakim qüvvənin aşağı reytinqi ilə bağlı sualları cavablandıran Paşinyan xatırladıb ki, 2021-ci il seçkiləri ərəfəsində də sorğular ümidverici deyildi:

“Mənim ilham mənbəyim sosioloji sorğular deyil, xalqdır. Biz xalqla təbii bağlarla bağlıyıq. Onun narazılığını da, məyusluğunu da, digər hisslərini də hiss edirik”.

O, komanda daxilində baş nazir postuna çoxlu sayda namizədin olduğunu, hətta 5-6 favorit olduğunu bildirib. Amma ad çəkməyib.

“Yenə də mən xalqdan aldığım mandatı qoruyacağam. Onu hətta çox etibar etdiyim insanlara da təhvil verə bilmərəm”.

“Xalq yeni Konstitusiyanı təsdiqləyəcək”

Jurnalistlərin “əgər referendumda xalq yeni Konstitusiyanı dəstəkləməsə, sülh prosesi uğursuz ola bilərmi?” sualına Paşinyan belə cavab verib:

“Düşünürəm, xalq Konstitusiyanı təsdiqləyəcək, çünki bu prosesin müəllifi xalqın özüdür”,- Paşinyan bildirib.

Hakim komandanın üzvü, əmək və sosial məsələlər naziri Arsen Torosyan isə əlavə edib ki, yeni Konstitusiya “Dördüncü Ermənistan Respublikasının qurulmasının son nöqtəsi” olacaq.

Konstitusiyanın dəyişdirilməsi Bakı üçün sülh müqaviləsinin imzalanması üçün ilkin şərtdir. Bakı hesab edir ki, mövcud Konstitusiyada “ərazi iddiaları” var. Səbəb — orada Ermənistan ilə Dağlıq Qarabağın birləşməsindən bəhs edən Müstəqillik Bəyannaməsinə istinad olunmasıdır.

Ermənistan hakimiyyəti isə bəyan edir ki, onların nə Azərbaycana, nə də digər qonşulara qarşı heç bir ərazi iddiası yoxdur. Konstitusiyanın dəyişdirilməsini isə ölkənin daxili işi adlandırırlar. Amma Konstitusiyadan bəyanatın çıxarılması məsələsi Bakının tələbi ilə paralel müzakirə olunmağa başlanıb.
Şərhlər

Dördüncü Respublikanın elan olunması ilə bağlı ilk reaksiyalar əsasən mənfi olub.

“Demokratik Alternativ” partiyasının rəhbəri Suren Surenyants öz Facebook səhifəsində yazıb:

“Dövlətlərin tarixində ‘Birinci’, ‘İkinci’ və sonrakı respublikalar adətən radikal dəyişikliklər nəticəsində formalaşır: yeni Konstitusiya, siyasi sistemin dağılması və ya milli fəlakətdən sonra yeni dövlət layihəsinin yaranması nəticəsində.

Ermənistanda Birinci Respublika 1918-ci ildə, Üçüncü Respublika isə 1991-ci ildə müstəqilliyin elan olunmasından sonra doğuldu. SSRİ dövründəki Ermənistan SSR də dövlət qurumu idi, amma nadir hallarda İkinci Respublika adlandırılır.

Nikol Paşinyan “Dördüncü Respublika”dan danışanda əslində iki məqsəd güdür:

  • milli fəlakət („Artsax“ın ləğvi, ərazilərin itirilməsi, qurbanlar) üçün məsuliyyətdən yayınmaq,
  • Azərbaycana veriləcək gözlənilən yeni güzəştləri “yeni səhifənin açılması” təbliğatı ilə maskalamaq.

Mənim inancıma görə, Üçüncü Respublika faktiki olaraq 44 günlük müharibədən və Qarabağın itirilməsindən sonra mövcudluğunu dayandırdı. Çünki o vaxtdan bəri müstəqil Ermənistanın qurulduğu milli dövlət layihəsi yoxdur.

Paşinyanın təklifi Dördüncü Respublika deyil, Azərbaycan yarıdövlətinin konsepsiyasıdır ki, Ermənistanın siyasi və sivilizasiyalı əsaslarını ləğv edir. Problem məğlubiyyətin və alçalmanın simvoluna çevrilmiş hakimiyyətlə həll oluna bilməz. Bizim gündəmimiz yeni milli dövlət layihəsinin yaradılması olmalıdır — bu layihə Ermənistanın müstəqilliyini, ləyaqətini və təhlükəsizliyini bərpa etməlidir. Ən realist yanaşmalarla.

Yeni hakimiyyət üçün ən böyük uğur, Paşinyanın acı mirasını nəzərə alsaq, Ermənistan Respublikasının mövcud ərazi parametrləri ilə sadəcə qorunması olacaq”.

Siyasi şərhçi Akop Badalyan hesab edir ki, Nikol Paşinyan bu yolla hakimiyyəti qorumaq vəzifəsini həll edir:

„O, müharibədən, məğlubiyyətdən və „Artsax“ın (ermənistanda tanınmamış DQR-i belə adlandırırlar- red.) itirilməsindən əvvəl cəmiyyətin şüurunda mövcud olan təsəvvürləri silməli, yeni reallıq yaratmalıdır. “Dördüncü Respublika” dediyi də bu vəzifəyə uyğundur.

Məsələ rəqəmlərdə deyil — üçüncü, dördüncü. Əsas odur ki, “Real Ermənistan” konsepsiyası Dördüncü Respublikanın təməlini təşkil edir. Bu konsepsiya isə “məişət dövləti”dir. Dövlətin məqsədləri məişət məqsədlərinə endirilir. Daha dürüst ifadə etsək, “birinci məişət dövlətinin” yaradıldığını elan etmək daha doğru olardı.

Bu məişət dövlətidir, çünki onun əsas məqsədi rifahdır. Sülh də yalnız rifaha mane olmaması üçün lazımdır. Əgər daha yüksək məqsədlərimiz olsa, bu, [hakim partiyanın fikrincə] təhlükəsizlik və sülh üçün təhdid olacaq. Deməli, biz məişət çərçivəsinə sığmalıyıq ki, heç kim bizə təzyiq göstərməsin və biz dinc yaşayaq. Amma bu gün elan olunan sülh — sülh deyil, qonşuların diktə etdiyi şərtlərə uyğunlaşmadır”.

Ana səhifəDünyaErmənistanın Dördüncü Respublikası haqqında Bəyannamə: İqtidar partiyası nə planlaşdırır