Ermənistanda vəkil hüquq mühafizə orqanlarını tənqid etdiyi üçün həbs edilib

Foto: OC Media

Ermənistanda vəkil sosial şəbəkədə yüksək səviyyəli yepiskopun həbsində iştirak edən hüquq-mühafizə və ədliyyə orqanlarının əməkdaşlarını tənqid edən paylaşım etdikdən sonra saxlanılıb.

OC Media yazır ki, Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı zabitləri cümə axşamı Yerevanın mərkəzində vəkil Aleksandr Koçubayevi saxlayıblar. Dövlət çevrilişi ilə bağlı ittihamlarla üzləşən arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarının davam edən məhkəməsində məhkəmə iclasından az sonra onu avtomobilindən çıxararaq aparıblar. Koçubayev işdə təqsirləndirilən şəxslərdən birini müdafiə edir.

Həmin gün Koçubayev “Facebook”da post dərc edərək oktyabrın 15-də yepiskop Mkrtiç Proşyan və başqa bir keşişin həbsinə nəzarət edən məmurları pisləyib. Yazıda o, müstəntiqləri, prokurorları və hakimləri baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə davam edən qarşıdurması fonunda siyasi sifarişlə hərəkət etməkdə ittiham edib. O, onları “ruhlarını şeytana satan” adlandırıb.

Koçubayev məmurların “hüquqlarına və qanuni maraqlarına” zərər vuran “böhtan xarakterli” ifadələr verməkdə ittiham edilib. Onun barəsində hökuməti tənqid edənlərin həbsinə icazə verməklə tanınan Yerevan məhkəməsinin hakimi Masis Melkonyan tərəfindən həbs qətimkan tədbiri seçilib.

Koçubayevin vəkili Arayik Nersisyan ittihamları əsassız hesab edir.

“Həmkarım sadəcə olaraq hüquq-mühafizə orqanlarının hərəkətlərini qiymətləndirdi. Böhtan xarakterli məlumatların yayılması olmayıb”, – Nersisyan bildirib.

Koçubayevin həbsi Ermənistan Vəkillər Palatası və hüquq müdafiəçisi Anahit Manasyan tərəfindən pislənilib. Manasyan vəkilin dilini təhqiramiz adlandırıb, lakin onun həbsinin “qəbuledilməz” olduğunu deyib.

“Beynəlxalq standartlara görə, qanunsuz nitqin yalnız ən ağır formaları cinayət məsuliyyətinə haqq qazandıra bilər və belə olduqda belə, həbs müstəsna tədbir olmalıdır”, – onun ofisinin bəyanatında deyilir.

İnsident Paşinyan administrasiyası ilə Erməni Apostol Kilsəsi arasında gərginliyin artmaqda davam etdiyi bir vaxtda son həftələrdə din xadimlərinin və hökumət tənqidçilərinin bir sıra həbslərindən sonra baş verib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəDünyaErmənistanda vəkil hüquq mühafizə orqanlarını tənqid etdiyi üçün həbs edilib