Ermənistan parlamenti çərşənbə günü ümumi səhiyyə sığortası haqqında qanunu təsdiqləyib. Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən bütün vətəndaşlar üçün məcburi tibbi sığorta tətbiq ediləcək. Sistem mərhələli şəkildə, üç il ərzində həyata keçiriləcək.
OC Media yazır ki, yeni sistem çərçivəsində bütün vətəndaşlar eyni sığorta paketindən faydalanacaq. Paket illik 129 600 dram (təxminən 340 dollar) təşkil edəcək. Sığorta paketi xəstəliklərin, diaqnozların, müayinələrin və dərmanların dəqiq siyahısını əhatə edəcək və bu siyahı sonradan müvafiq qurumlar tərəfindən açıqlanacaq.
2026-cı ildən etibarən sığorta bir sıra qruplara şamil ediləcək. Bunlara azyaşlılar, 65 yaşdan yuxarı şəxslər, həlak olmuş hərbçilərin ailələri daxil olmaqla bir sıra həssas qruplar, eləcə də aylıq gəliri 200 001 dramdan (təxminən 520 dollar) yüksək olan şəxslər daxildir. Bu qruplar üçün sığortanın xərcləri dövlət tərəfindən tam şəkildə qarşılanacaq, qeyd olunan gəlir həddindən yuxarı qazancı olan şəxslər üçün isə xərclər qismən subsidiyalaşdırılacaq.
Ermənistan hökuməti qanun layihəsini 14 noyabr tarixində təsdiqləyib və orta müddətli perspektivdə maliyyə çətinlikləri səbəbindən tibbi yardımdan imtina edənlərin payının təxminən 30% azalaraq, sığortalı əhali arasında 6%-dən çox olmayacağını proqnozlaşdırır.
Hakimiyyət orqanlarının hesablamalarına görə, tətbiqin birinci mərhələsində ölkənin təxminən 3 milyonluq əhalisinin 1,6 milyon nəfəri sığorta ilə əhatə olunacaq.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.