Ermənistanda keşişlərin həbsləri davam edir

Foto: Reuters

Ermənistan hakimiyyəti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginliyin artmağa davam etdiyi bir vaxtda ölkənin mərkəzi Araqatsotn bölgəsində 10 keşiş və bir yepiskop həbs edilib.

OC Media yazır ki, kilsənin mətbuat xidmətinin məlumatına görə, həbslər oktyabrın 15-də səhər saatlarında bölgədəki kilsə mülklərinə koordinasiya edilmiş reydlərdən sonra həyata keçirilib. Saxlanılanlar arasında Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan və erməni katolikosunun əmisi oğlu Qaregin Nersisyan da var.

Daxili İşlər Nazirliyi oktyabrın 15-də həbsləri təsdiqləsə də, rəsmi ittihamları açıqlamayıb. Qısa bəyanatda bildirilib ki, son mitinqlər zamanı “qanunsuz hərəkətlər” baş verib. Təfərrüatlar isə aydın deyil. Kilsə həbsləri dini etiqad azadlığına hücum kimi pisləyib və hakimiyyəti siyasi təqibdə ittiham edib.

Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti ilə erməni Apostol kilsəsi arasında qarşıdurma son bir ildə daha da dərinləşib. Paşinyan və müttəfiqləri ruhaniləri siyasətə qarışmaqda və müxalifətin maraqlarına xidmət etməkdə günahlandırarkən, kilsə hökumətin Qarabağ münaqişəsi ilə bağlı rəftarını ən kəskin tənqid edənlərdən biri olub.

Vəkil Marine Farmanyan jurnalistlərə bildirib ki, reydlər “Məlumatlı Vətəndaşlar İttifaqı” adlı QHT-nin təqdim etdiyi hesabata əsaslanır.

“Daniel İoannisyan rəhbərlik etdiyi QHT vasitəsilə hesabat göndərib. Biz bu barədə axtarışlara icazə verilməsi qərarından sonra öyrəndik, hazırda Yerevan İstintaq İdarəsindədir”, – o bildirib.

İoannisyan Factor TV-yə bildirib ki, həbslər onun QHT-sinin hesabatına əsaslanır. Təşkilat daha sonra bəyanat yayaraq, bir gün əvvəl həmin bölgədəki Hovhannavank kilsəsinin ruhani rəhbəri Aram rahibinin İctimai Televiziyada “2021-ci ildə Erməni Apostol Kilsəsi daxilində seçkiqabağı siyasi qüvvənin mitinqlərində iştirak etmək üçün təzyiqlər olduğunu” bildikdən sonra sentyabrın 17-də Baş Prokurorluğa hesabat təqdim etdiklərini açıqlayıb.

“Bizdə iddia edilən cinayət və ya onun mümkün icraçıları haqqında başqa məlumat və ya təfərrüatlar yoxdur. Onu da qeyd edirik ki, insanları mitinqə məcbur etmək və ya pul vermək cinayətdir və dövlət buna qarşı hərəkət etməlidir”, – deyə təşkilat əlavə edib.

Kilsə ilə hökumət arasında gərginlik may ayında yepiskop Baqrat Qalstanyanın Paşinyanın istefasını tələb edən etiraz hərəkatının simvolik lideri kimi ortaya çıxması ilə kəskinləşib. Mitinqlər nəhayət sürətini itirib və təşkilatçılar əsasən həbs edilib – onlar hazırda hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurlar.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistanda keşişlərin həbsləri davam edir