Ermənistan XİN başçısı Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Mirazoyanın fikrincə, “erməni hərbi əsirlərin və digər məhbusların azad edilməsi ilə vəziyyəti xeyli yumşaltmaq olar”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakının Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejimini pozmaq ittihamlarını rədd edib.

Mirzoyan bunu braziliyalı həmkarı Mauro Vieyra ilə martın 20-də baş tutan görüşündən sonra jurnalistlərə müsahibəsində bildirib.

“Mənim ölkəm Cənubi Qafqazda davamlı sülhün əldə olunması istəyinə sadiqdir. <…> Yerevan və Bakı sülh sazişi layihəsi üzərində işin başa çatdığını elan etsə də, son günlər Azərbaycan atəşkəs rejiminin pozulması ilə bağlı tamamilə yalan ittihamlar irəli sürür, Ermənistan isə bunu qəti şəkildə rədd edir”, – deyə Ermənistan XİN başçısı bildirib.

Azərbaycan martın 16 və 17-də Ermənistanı mövqelərini atəşə tutmaqda ittiham edib. Ermənistan Müdafiə Nazirliyi də öz növbəsində Azərbaycanın dezinformasiya yaydığını bildirib.

Erməni diplomat həmçinin bildirib ki, Ermənistan Azərbaycana regional kommunikasiyaların bloklanması, eləcə də qarşılıqlı silahlara nəzarət mexanizmlərinin yaradılması ilə bağlı konkret təkliflər təqdim edib.

“Təəssüf ki, bu təkliflərə Azərbaycan tərəfindən konstruktiv cavab verilməyib. Biz hələ də rabitə və silahlara nəzarət üzrə təkliflərə müsbət cavab almamışıq”, – Mirzoyan qeyd edib.

Ermənistan XİN rəhbərinin sözlərinə görə, “erməni hərbi əsirlərin və digər məhbusların azad edilməsi ilə vəziyyəti xeyli yumşaltmaq olar”.

“Ermənistan regionda davamlı sülhün bərqərar olmasına dayaq olacaq saziş imzalamağa hazırdır”, – Mirzoyan əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Mirzoyanın dediklərini əsassız adlandırıb:

“Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur.”

Azərbaycan Xarici İşlər Nazirliyi Mirzoyanın “erməni hərbi əsirləri və digər məhbusları” azad etmək çağırışlarına da cavab verib:

“Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli məhbusların azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, cinayətləri Cenevrə Konvensiyalarına və ümumilikdə beynəlxalq hüquq və daxili qanunlara əsasən araşdırmaq və mühakimə etmək Azərbaycanın ayrılmaz hüququ və öhdəliyidir.”

Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin məhkəməsi davam etdirilir.

Onlara qarşı təcavüzkar müharibə aparma, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini deportasiyaetmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə və başqa çoxsaylı ittihamlar irəli sürülüb.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycanla Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətErmənistan XİN başçısı Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb