Ermənistan və Azərbaycan liderlərinin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü Cənubi Qafqazda strateji nəqliyyat dəhlizinə dair sülh çərçivə razılaşmasının imzalanması ilə yekunlaşacaq. Bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən bildirir. Razılaşmaya əsasən, həmin dəhlizin reallaşdırılması hüquqları eksklüziv olaraq ABŞ-yə veriləcək.
Rəsmilərin sözlərinə görə, bu saziş Cənubi Qafqaz regionunu – Rusiya, Avropa, Türkiyə və İranla həmsərhəd olan, enerji ehtiyatları ilə zəngin, lakin uzunmüddətli münaqişə və qapalı sərhədlərlə məhdudlaşmış bir bölgəni dəyişdirə bilər.
Nəşrin yazdığına görə, Azərbaycan əsas ərazisini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçməsini xahiş edib.
Rəsmilər bildiriblər ki, liderlərin cümə günü imzalayacaqları sənədlərin detallı razılaşdırılmış hissəsinə əsasən, Ermənistan ABŞ-yə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanacaq tranzit dəhlizində uzun müddətə eksklüziv reallaşdırma hüququ verməyi planlaşdırır.
Marşrut Ermənistan qanunlarına əsasən həyata keçiriləcək və Birləşmiş Ştatlar ərazini infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək.
“Kommersiya vasitələri ilə bu addım regionun kilidini açacaq və gələcək hərbi əməliyyatların qarşısını alacaq”, – rəsmilərdən biri deyib.
Rəsmilərin bildirdiyinə görə, Ermənistan və Azərbaycan liderləri həmçinin 1992-ci ildən Fransa, Rusiya və ABŞ-nin münaqişənin həllində vasitəçilik etmək üçün həmsədrlik etdiyi Minsk Qrupunun buraxılmasını tələb edən sənədləri imzalayacaqlar.
Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar bu ilin martında başa çatıb.
Bu barədə hər iki tərəfin xarici işlər nazirlikləri məlumat veriblər.
ABŞ rəsmiləri hesab edirlər ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişi, Azərbaycanın Trampın prezidentliyi dövründə başlanan “İbrahim Saziş”inə qoşulması ilə bağlı danışıqlara təkan verə bilər.