ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə sülh danışıqları üçün qəbul edəcəyi dəqiqləşib.
Bu barədə “The Washington Post” iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
İlham Əliyevlə Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşlərinin planlaşdırıldığı da bildirilir.
İki ölkə liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma yekun qərar olmayıb.
Rəsmilərdən biri bildirib ki, cümə günü Trampla görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin elan olunması mümkündür.
Ermənistanla Azərbaycan arasında münaqişə hələ 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər bu ilin martında sülh müqaviləsi ilə bağlı razılığa gəldiklərini və bu istiqamətdə danışıqların uğurla davam etdiyini bildiriblər.
Nəşr yazır ki, Tramp dünyada sülh sazişləri bağlamaq bacarığı ilə öyünür və bir neçə dünya lideri onu Nobel Sülh Mükafatına namizəd göstərib.
Nobel Sülh Mükafatının qalibi dekabr ayında elan ediləcək.