Ermənistan “Tramp marşrutu” üçün 99 və 49 illik icarə variantlarını müzakirə edir

İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan. Foto: Azərtac

Ermənistan ABŞ ilə “Tramp marşrutu” layihəsi çərçivəsində icarə hüququ üçün iki variantı – 99 və 49 ili – müzakirə edir.

Bu barədə Baş nazir Nikol Paşinyan Yerevanda keçirilən forumda məlumat verib.

Paşinyan bildirib ki, layihənin həyata keçirilməsi üçün ABŞ və Ermənistan birgə hüquqi şəxs yaradacaq. Şirkət direktorlar şurası tərəfindən idarə olunacaq və burada hər iki ölkə təmsil olunacaq. Onun sözlərinə görə, strateji əhəmiyyətli məsələlərdə Ermənistana həlledici səs hüququ veriləcək.

Baş nazir deyib ki, icarə müddətinin uzun seçilməsi investisiyaların cəlbini şərtləndirir: “Əgər desək torpaq beş illik verilir, heç kim investisiya qoymayacaq, çünki bu vəsaiti beş ilə geri almaq real deyil”.

Paşinyan həmçinin açıqlayıb ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində layihənin hansı hissədən başlamalı olduğunu müzakirə edib. İlkin anlaşmaya əsasən, ən tez reallaşdırıla biləcək komponentlər elektrik ötürmə xətləri və qaz kəməri hesab olunur. Paşinyan bunun hələ ilkin razılaşma olduğunu vurğulayıb.

Onun sözlərinə görə, gələcək danışıqlarda bu istiqamətlər üzrə konkretlik gözlənilir və layihənin icrasına maneə görünmür.

Ermənistanın cənubundakı strateji Sünik bölgəsində “Tramp marşrutu”nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanması planlaşdırılır.

Layihə üzrə anlaşma 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən Ermənistan- Azərbaycan–ABŞ sammitində əldə edilib. ABŞ Prezidenti Donald Tramp sənədi şahid qismində imzalayaraq layihəyə öz adını verib. Bəyannaməyə əsasən, Ermənistan Azərbaycanla Naxçıvan arasında “maneəsiz əlaqə” təmin etməyi öhdəsinə götürür, bunun qarşılığında beynəlxalq və ölkələrarası kommunikasiya imkanlarından qarşılıqlı fayda vəd olunur.

Ana səhifəSiyasətErmənistan “Tramp marşrutu” üçün 99 və 49 illik icarə variantlarını müzakirə edir