Ermənistan hakimiyyəti Rusiyaya qarşı Ukraynada döyüşdüyünə görə Moskva tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Giorgi Kinoianini həbs edib.
OC Media yazır ki, Ermənistan hakimiyyəti , sentyabrın 9-da bazar ertəsi 29 yaşlı gürcü gəncin həbsini təsdiqləyib.
Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan bildirib ki, Rusiya tərəfindən muzdlu fəaliyyətə görə dövlətlərarası axtarışda olan Kinoiani sentyabrın 3-də Lori bölgəsində, Qoqavan sərhəd-keçid məntəqəsində tapıldıqdan sonra həbs edilib.
Sarkisyan əlavə edib ki, Ermənistanın Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, eləcə də Rusiya axtarışda olan şəxsin tapılması barədə məlumatlandırılıb.
Kinoiaininin qohumları onun Rusiyaya ekstradisiya oluna biləcəyindən narahatdırlar.
Gürcüstanın Civil.ge xəbər agentliyinin məlumatına görə, Kinoiani Rusiyanın işğalı altında olan Donetsk məhkəməsi tərəfindən qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Gürcüstan Milli Legionu ilə birlikdə döyüşmək üçün könüllü olub.
Rusiya legionu terror təşkilatı, onun əsgərlərini isə muzdlu əsgər kimi tanıyır – baxmayaraq ki, legion rəsmi olaraq Ukrayna Ordusuna inteqrasiya olunub.
Ermənistanın Kinoianini Rusiyaya təhvil verib-verməyəcəyi bəlli deyil. Lakin Ermənistan hakimiyyəti əvvəllər Rusiya ordusunu tərk etməkdə və ya hərbi xidmətdən yayınmaqda ittiham olunan Rusiya vətəndaşlarını təhvil verməkdən imtina edib.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.