Ermənistan Baş Prokurorluğu ”Dağlıq Qarabağ hökuməti”nin Yerevandakı daimi nümayəndəliyinin qeydiyyatının etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
“OC Media” yazır ki, quruma hüquqlar 31 yanvar 2007-ci ildə verilib.
Bu addımla bağlı suala cavab olaraq Paşinyan bildirib ki, “bu qurum Ermənistana məxsus olmalıdır”.
“Mən bunu birbaşa dedim: Ermənistan Respublikasının tərkibində ikinci dövlətin olmasına icazə verə bilmərəm. Mən bunu əvvəl də demişəm və ümid edirdim ki, mesaj başa düşüləcək”, deyən Paşinyan bildirib ki, “əks halda dövlət tədbir görməlidir”.
Ermənistan rəsmiləri mühacirətdə olan ”Dağlıq Qarabağ hökuməti”nin yaradılması təkliflərinə qarşıdır. Onlar belə bir qurumun Azərbaycan tərəfindən Ermənistana qarşı hərbi əməliyyatlara bəhanə kimi istifadə oluna biləcəyini bildiriblər.
2023-cü il noyabrın ortalarında Ermənistan parlamentinin spikeri Alen Simonyan demişdi ki, mühacirətdə hökumət qurmaq “Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbədir”.
2023-cü ilin sentyabrında Azərbaycanın “Dağlıq Qarabağ hökuməti”ni təslim olmağa məcbur etdikdən sonra “prezident” Samvel Şahramanyan “hökuməti və onun bütün qurumları”nı ləğv etmək haqqında fərman verib.
Yerevandakı binada o vaxtdan bəri bölgənin keçmiş məmurları oturublar və bildirilir ki, bura qaçqınlar müxtəlif məsələlərlə bağlı müraciət ediblər.
“Azadlıq” radiosuna “Dağlıq Qarabağın keçmiş dövlət naziri” Artak Beqlaryan belə deyib: “Bu, şübhəsiz ki, siyasi sifarişdir, sürpriz deyil, gözlənilən idi”.
Beqlaryan daha sonra bəyan edib ki, Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev “Dağlıq Qarabağ ilə bağlı hər şeyi birgə məhv edirlər”.
“Paralel olaraq Əliyev Stepanakertdə [Xankəndi] “Artsax”ın [Dağlıq Qarabağ] dövlət qurumlarının binalarını dağıdır. İndi isə Paşinyan hökuməti “Artsax”ın [Dağlıq Qarabağ] dövlət qurumlarının Yerevanda yerləşən yeganə binasını əlindən almaq istəyir”, – Beqlaryan bildirib.
Beqlaryan Ermənistan hökumətinin bu addımının qeyri-qanuni olduğunu, bunun “Azərbaycanın tələbi ilə” edildiyini, həmçinin “Paşinyanın siyasi kursuna uyğun gəlmədiyi üçün” regionun keçmiş hakimiyyətlərinə qarşı “qisas aktı” olduğunu vurğulayıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.