Ermənistanın müdafiə naziri Suren Papikyan ilə BƏƏ-nin baş nazirinin müavini və müdafiə naziri Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum arasında Dubayda keçirilən görüşdən sonra Ermənistan və BƏƏ müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşdiyini elan ediblər.
OC Media yazır ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bazar ertəsi keçirilən görüşdə ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi müzakirə olunub və tərəflər müdafiə sahəsində əməkdaşlıq haqqında rəsmi saziş imzalamağa hazır olduqlarını bəyan ediblər. Sənədin yekunlaşdıqdan sonra əməkdaşlıq üçün prioritet sektorları müəyyən edəcəyi, müntəzəm məsləhətləşmələrin institusionallaşdırılması və potensial olaraq müdafiə texnologiyası, təlim və bacarıqların inkişafı sahəsində birgə layihələrə yol açacağı gözlənilir.
Müqavilənin təqdimatı onu deməyə əsas verir ki, Ermənistan öz təhlükəsizlik əlaqələrini sürətlə diversifikasiya etdiyi bir vaxtda Yerevan Körfəz müdafiə tərəfdaşları ilə əlaqələri artırmaq niyyətindədir.
Bu addım 2022-ci ildən bəri Ermənistanın müdafiə təchizatı strategiyasında əhəmiyyətli dəyişiklik fonunda baş verir. Təxminən otuz il ərzində Rusiya ölkənin əsas silah sistemlərinin dominant – praktiki olaraq eksklüziv təchizatçısı, təhlükəsizlik və strategiya üzrə tərəfdaşı olub. Lakin bu asılılıq 2020-ci il Dağlıq Qarabağ Müharibəsindən sonra arxada qalıb və Moskvanın silah müqavilələrini yerinə yetirmək imkanlarını ciddi şəkildə məhdudlaşdıran Rusiyanın Ukraynaya təcavüzündən sonra daha da azalıb.
Son aylar Ermənistan rəsmiləri Rusiyadan uzaqlaşmaq barədə getdikcə daha açıq danışırlar. Baş nazir Nikol Paşinyan bu yaxınlarda parlamentdə deyib ki, 2022-ci ilə qədər “yalnız bir ölkə – Rusiya Ermənistana silah satmağa hazır idi”, digərləri isə Yerevanın bu texnikadan “beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda” istifadə edə biləcəyindən narahat olduqları üçün bundan imtina ediblər.
“2022-ci il oktyabrın 6-dan sonra vəziyyət dəyişdi”, – deyə Paşinyan Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını təsdiqlədiyi Praqa sammitinə toxunaraq bildirib. Onun sözlərinə görə, bu addım əvvəllər Ermənistana silah verməkdə tərəddüd edən ölkələrə qapı açıb.
O vaxtdan bəri Yerevan bir neçə yüksək səviyyəli müdafiə sazişi, o cümlədən artilleriya sistemləri, pilotsuz uçuş əleyhinə texnologiya və çoxlu buraxılışlı raket sistemləri üçün Hindistanla çoxmilyonluq müqavilələr imzalayıb. Ermənistan həmçinin Fransa ilə əməkdaşlığı genişləndirib, hava hücumundan müdafiə sistemləri alıb, radar və müşahidə platformaları üzrə danışıqlara başlayıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.