Ermənistanda son illərin ən ciddi siyasi-dini böhranlarından biri — baş nazir Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi (EAK) arasında açıq qarşıdurma yaşanır. Bu münaqişə təkcə siyasəti deyil, dini qurumları, cəmiyyəti, məhkəmə sistemini və hətta diasporu da əhatə edir. Baş verənləri düzgün anlamaq üçün hadisələrin ardıcıllığı ilə yanaşı, qarşıdurmanın kökündə duran səbəblərə də baxmaq lazımdır.
Siyasi zəmində yaranan gərginlik
Paşinyan hökuməti ilə Apostol Kilsəsi arasında münasibətlər 2018-ci ildən getdikcə pisləşirdi. Lakin açıq qarşıdurma 2020-ci il müharibəsindən və hökumətin Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərindən sonra daha da dərinləşdi. Siyasi şərhçilər hesab edirlər ki, hakimiyyət kilsəni cəmiyyəti ənənəvi və milli dəyərlər ətrafında birləşdirmə gücünə malik təsisat kimi görür və bunu öz siyasi xəttinə — xüsusən də xarici siyasət kursuna maneə hesab edir.
“Kavkazski uzel”in analitiki Akop Badalyanın sözlərinə görə, hakimiyyət üçün “erməni xalqının birliyi ideyası” Türkiyə ilə normallaşma prosesinə mane olan amil kimi qəbul edilir.
2025-ci ilin yazında Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası zamanı Tavuşda baş verən kütləvi etirazlar və bu etirazlarda ruhanilərin aktiv iştirakı qarşıdurmanı daha da kəskinləşdirdi.
Paşinyanın kilsələr barədə sərt bəyanatı və ruhanilərin cavabı
29 may 2025-ci ildə Nikol Paşinyan hökumət iclasında geniş rezonans doğuran fikirlər səsləndirdi. O bildirdi ki, “ölkədə ən lazımsız şeylər kilsələrdə toplanır” və sual verdi: “Nə vaxta qədər müqəddəslikdən danışıb əməldə əksini etmək olar?”.
Arxiyepiskop Arşak Xaçatryan bunu yüksək dövlət vəzifəsi tutan şəxs üçün “təhsil və mədəniyyət çatışmazlığı” kimi qiymətləndirdi və kilsənin müqəddəs obyektlərin qorunması ilə bağlı hökumətə dəfələrlə müraciət etdiyini xatırlatdı.
Bundan sonra Paşinyan “Facebook”da ruhanilərə yönəlik təhqiramiz paylaşımlar etdi. Bu isə cəmiyyətdə qəzəb doğurdu.
2 iyun tarixində hökumət binası qarşısında kilsəyə dəstək aksiyası keçirildi. Etirazçılar “Erməni Apostol Kilsəsi millətin dayağıdır” kimi şüarlar səsləndirdilər.
Paşinyan katolikosun dəyişdirilməsini tələb etdi
9 iyunda Paşinyan daha bir qalmaqallı bəyanat verdi — Katolikos II Qaregini istefaya çağırdı və onun subaylıq andını pozduğunu iddia etdi. Bu çıxış dövlətin kilsənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirildi.
Apostol Kilsəsinin rəhbərliyi bunu “kilsəyə qarşı yönəlmiş təhqiredici kampaniya” adlandırdı. “Ayakve” təşəbbüsü isə baş nazirin bu addımlarının Konstitusiyanın pozulması kimi dəyərləndirilə biləcəyini bildirərək Baş Prokurorluğa müraciət etdi.
Tavuş etirazları və Baqrat Qalstanyanın yüksəlişi
2024–2025-ci illərin yazında Tavuş bölgəsində əhali dörd kəndin Azərbaycana verilməsi ilə bağlı razılaşmaya etiraz edirdi. May ayında hərəkat geniş vüsət aldı: sakinlər yolları bağlayır, təhlükəsizliyin və yaşayış yerlərinin itiriləcəyi haqda narahatlıq bildirirdilər.
Arxiyepiskop Baqrat Qalstanyan bu etirazların simasına çevrildi. Hakimiyyət onu real siyasi rəqib kimi görməyə başladı.
8 may yürüşü zamanı etirazçılar Yerevana gəlib çıxdı və mitinqdə Paşinyanın istefası tələb olundu.
“Müqəddəs Mübarizə” işi: kütləvi həbslər
25 iyunda xüsusi xidmət orqanları “Müqəddəs Mübarizə” hərəkatının üzvlərinə qarşı kütləvi əməliyyat keçirdi — 90-dan çox axtarış aparıldı, onlarla insan saxlanıldı. Arxiyepiskop Baqrat Qalstanyan və bir neçə tanınmış ictimai-siyasi fiqur iki aylıq həbs edildi.
İstintaq tərəfi “hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq” iddiaları irəli sürdü, lakin vəkillər bunun “siyasi sifarişli iş” olduğunu bildirdilər.
Arxiyepiskop Mikael Ajapaxyanın həbsi
Bir qədər sonra Şirak yeparxiyasının rəhbəri Mikael Ajapaxyana qarşı cinayət işi açıldı.
27 iyunda Eçmiadzin ərazisində onu həbs etmək cəhdi inanclıların müdaxiləsi səbəbindən uğursuz oldu. Daha sonra Ajapaxyan özü istintaqa gəldi və saxlanıldı. Məhkəmə onu “hakimiyyəti ələ keçirməyə çağırışlar” ittihamı ilə iki il həbsə məhkum etdi.
Vəkillər ittihamı əsassız adlandırdı.
Kilsənin iddiası: “Anti-kilsə siyasəti”
Erməni Apostol Kilsəsi yayımladığı bəyanatda arxiyepiskop Ajapaxyanın həbsi və digər addımların hökumətin “kilsəyə qarşı sistemli siyasətinin” nəticəsi olduğunu bildirdi.
Eyni zamanda kilsəni açıq şəkildə dəstəkləyən biznesmen Samvel Karapetyana qarşı da yeni cinayət işləri açıldı. Müdafiə tərəfi bu işlərin hüquqi əsaslarının olmadığını bildirdi.
Noyabr ayında on yepiskop Katolikos II Qaregini istefaya səslədi. Onlar bunu kilsə daxilində “böyük parçalanma təhlükəsi” ilə izah edirdilər.
Lakin Eçmiadzin nümayəndəsi Arşak Xaçatryan məsələyə belə cavab verdi: “Katolikosun istefası üçün heç bir əsas yoxdur. Könüllü istefa isə kilsədən qaçmaq deməkdi”.
O əlavə etdi ki, katolikosu yalnız Milli Kilsə Məclisi dəyişə bilər.
Gizlədilməsi mümkün olmayan böhran
Artıq dövlət ilə kilsə arasında qarşıdurma sırf dini mübahisə çərçivəsindən çıxıb və Ermənistanın siyasi gündəminin mərkəzinə çevrilib. Burada təhlükəsizlik məsələləri, xarici siyasət, ictimai etimad və milli kimlik anlayışı bir-biri ilə toqquşur.
Ruhanilərin həbsləri, aktivistlərə təzyiq və siyasi liderlərin sərt bəyanatları böhranı daha da dərinləşdirir. Bir çox erməni üçün kilsə sabitliyin və milli özünüdərkin simvolu olaraq qalır, hakimiyyət üçün isə ciddi sosial dayağı olan rəqibdir.
Hadisələrin davamı dövlətin cəmiyyətin dərin tarixi kökləri olan bu institutla dialoq qurub-qura bilməyəcəyindən asılı olacaq. Hələlik isə qarşıdurma getdikcə kəskinləşir.