“Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır”

“Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır”

Source: Neydan TV



Erkən nikahlar: pis vərdiş, yoxsa adət-ənənə?

Poniçalada yaşayan etnik azərbaycanlı 11 yaşlı qızın nişan mərasiminin üstündən heç bir ay keçməmiş daha bir azyaşlının nişanlanması

fotosu

sosial şəbəkələrdə yayılıb.

Fotonu Azərbaycandan olan bloger paylaşaraq bu sözləri yazıb: “Daha bir “valideyn” cinayəti! Gürcüstandır. Paylaşaq və uşağı xilas edək, valideynləri cəzalandıraq! Erkən və qohum nikahlarına son deyək. Qızlar oxumalı və təhsil almalıdırlar”.

Şəkildə qız əlində içinə çay süzülmüş stəkanlar olan məcməyi tutub. Azərbaycan adət-ənənəsinə uyğun olaraq nişan mərasimində verilən şirin çay qız evinin toy üçün razılığını bildirir.

Blogerin sözlərinə görə, fotonu paylaşdıqdan sonra ona təhqir və hədələrlə dolu zənglər gəlib. Gürcüstan qeydiyyatı olan bu nömrə sahibləri ondan fotonu sosial şəbəkədən silməyi tələb ediblər. Meydan TV bu nömrələrin sahiblərindən biri ilə əlaqə yarada bilib. Danışanın sözlərinə görə, o, sadəcə şəkili paylaşılan qızın ailəsinin tanışlarından biridir.

“Qızın 17 yaşı var, və bu, sadəcə nişandır. Toyu ancaq 18 yaşı tamam olduqdan sonra edəcəklər” – o, bunu Meydan TV-nin əməkdaşının suallarını cavablandırarkən deyib.

Marneuli yazi.jpg
Marnueli


Qanunlar əngəl deyil

Gürcüstanda rəsmi nikah yaşı 18 olsa da, erkən nikahların sayına görə Şərqi Avropa ölkələri arasında ikinci yeri tutur. Nikah yaşı haqda qanun 2016-cı ildə sərtləşdirilsə də, 16-17 yaşlı yeniyetmələrin nikahına yalnız məhkəmə qərarı və evlilik üçün ciddi səbəb olduqda – övladları olarsa – icazə verilir. Eyni zamanda 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dərc etdiyi sonuncu gender bərabərsizliyi indeksinə görə, Gürcüstanda 15-19 yaş qrupunda olan qızların 14 faizi evlidir. Gürcüstan hüquq müdafiəçilərinin 2018-ci il insan haqlarından bəhs edən illik hesabatına görə, erkən nikahların böyük qismi qeydiyyata alınmır. Erkən nikahlar əsasən etnik azərbaycanlıların kompakt yaşadığı Adcariya və Kvemo-Kartli regionlarında geniş yayılıb.

Meydan TV-nin Gürcüstanın daha çox azərbaycanlı icmasının yaşadığı Marneuli rayonunda apardığı sorğu bu faktı bir daha təsdiq edib.

“Mən özüm evlənəndə həyat yoldaşımın 15 yaşı vardı”, – deyir Marneuli rayonunun sakini Ruslan Sadiqov.

“Bu, bizim mentalitetdə də var. 11 yaş tezdir. Ancaq 14-15 yaşda fikirləşirəm, heç bir problem yoxdur. Təhsil almaq da o qədər vacib deyil”, – o deyib.

“Mən kənddənəm. Demək olar ki, kənddə mənim ətrafımda olan hər kəs erkən nikaha girir” – Tbilisi Dövlət Universitetinin tələbəsi Gülgün Məmmədxanova deyir.

Gülgünün fikrincə, erkən nikah keçmişin qalığıdır və əsasən yaşlı nəsli mənsubları bunu daha çox dəstəkləyir.

“Gənclər artıq düşünür ki, təhsil almaq, hansısa peşəyə sahib olub öz ayaqlarının üstündə dayanmaq lazımdır”- o deyir.

“Ancaq yaşlı nəsildə belə bir stereotip var ki, nə qədər tez evlənsən, bir o qədər yaxşıdır” – Gülgün əlavə edib.

“Biz demək olar ki, hər gün erkən nikahların şahidi oluruq” – bunu Meydan TV-yə sosial aktivist Tozu Gülməmmədli deyir: “Sosial şəbəkədə nişan videosu (Ponişaladakı nişan) yayıldığı üçün hər kəs bu cür kəskin reaksiya verdi. Biz buna qədər də problemin aktuallığından danışırdıq”.

“Ancaq son araşdırmada bəlli oldu ki, erkən evliliklərdə ən böyük göstərici Tbilisidədir və mənə elə gəlir ki, bu Poniçala ilə əlaqədardır”, – Meydan TV-yə müsahibə verən fəal Şəlalə Əmircanova deyir.

Onun sözlərinə görə, bu problem Kvemo-Kartli və Kaxetiyada da var: “Ancaq Poniçalada daha kəskindir, bu halların sayı getdikcə artır və buna adət-ənənə deyirlər”.

Gulgun Mamedxanova.JPG
Gülgün Məmmədxanova


Köməyə sosial şəbəkələr gəlir

Poniçalada azyaşlının nişan mərasimi (yeri gəlmişkən, qohumların sözlərinə görə, onun nişanlısı da azyaşlıdır, 15 yaşı var və qızın xalası oğludur) böyük rezonans doğurdu. Sosial şəbəkələrin Azərbaycan seqmentində nişan videosu sürətlə yayıldı. Sosial şəbəkə istifadəçiləri Gürcüstan hökumətindən məsələyə daha sərt reaksiya verməyi tələb etdilər.

İnsidentə Azərbaycanın insan haqları üzrə müvəkkili Səbinə Əliyeva da münasibət bildirdi. O, fevralın 8-də Gürcüstanın ictimai müdafiəçisi Nino Lomjariyaya

rəsmi müraciət

etdi.

Meydan TV-nin sorğusuna cavab verən Ombudsman Aparatının cavabında deyilir: “Hadisənin azərbaycanlı ailəsində baş verdiyini, məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın araşdırılmasını, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib”.

Fevralın 9-da Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin “nikaha məcbur etmə” maddəsilə cinayət işi açdığını bildirdi. Ancaq hadisənin üstündən bir ay keçməsinə baxmayaraq istintaqın gedişi və nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Yalnız o məlumdur ki, qızın valideynləri ifadə verməyə çağırılıb. Ancaq onların Meydan TV-yə verdiyi məlumata görə, söhbət nikahdan getmir. Bu mərasim də nikah olmadığına görə onlara qarşı cinayət işi açılmayıb.

Gürcüstanın İctimai Müdafiəçisinin (Ombudsman) müavini Yekaterina Şkiladze Meydan TV-yə bildirib ki, ictimai müdafiəçi bu məsələni nəzarətdə saxlayır: “Biz əlaqəli qurumlara – Təhsil Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə, Əmək və Sosial İşlər Nazirliyinə – müraciətlər ünvanlayıb, onlardan bu hadisəylə bağlı informasiya istəyirik və hansı işlərin görüldüyü ilə maraqlanırıq”.

Onun sözlərinə görə, burada əsas problem bu işlə bağlı aparılan araşdırmanın nə qədər effektivliyi və uşaqla, ailəsi ilə aparılan psixoloji-sosial işin hansı yerdə olmasıdır:

“Çünki onu da öyrənmək vacibdir ki, bu iş ailə tərəfindən törədilən məişət zorakılığı hadisəsidir, yoxsa ailə laqeydliyi. Bu dəqiqə biz bütün vacib informasiyaları toplayıb analiz edirik”.

O deyib ki, yaxın zamanda Ombudsman Aparatının rəsmi səhifəsində hadisənin yekunu və nəticələrilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

"Vurğulamaq istəyirəm ki, bu hadisə ölkədə erkən nikahlarla bağlı sistematik problemin bir hissəsidir. Bir tərəfdən problem Gürcüstanda baş verən hər erkən evlilik və nişan mərasimlərinin qarşısının alınması, digər tərəfdən isə bəzi nümunələrdə dövlət qurumlarının atdığı addımların effektsizliyidir" – Y.Şkiladze əlavə edib.

Şkiladze eyni zamanda vurğulayıb ki, erkən nikahlar Gürcüstanda kifayət qədər yayılmış problemdir, o cümlədə bu məsələ problemin həllində bəzən dövlət qurumlarının atdığı “effektiv olmayan” addımlarla bağlıdır.

Tbilisi, küçələr
Tbilisi


“Qızlara kiçik yaşlarından ata evində yad olduqları hissi aşılanır”

Sosial fəal Şəlalə Əmircanovanın sözlərinə görə, Poniçalada baş verən hadisə pis nümunə olsa da, bu qədər səs-küyə səbəb olması yaxşıdır:

“Görürlər ki, cəmiyyətdə buna qarşı həssaslıq, etiraz var və bu səbəbdən bunu adətimizdir deyib, malalamağa çalışırlar. Bu, çox səhvdir və geri addım atmalıdırlar. Bu səbəbdən biz mülki aktivistlər olaraq onu təsdiqlətəməyə çalışırıq ki, bu, Azərbaycan millətinin adət-ənənəsinə aid deyil”.

Sosial fəal Tozu Gülməmmədlinin sözlərinə görə, azərbaycanlı ailələr qız uşağının məsuliyyətindən azad olmaq üçün onları tez evləndirir: “Burda əsasən gender rolunun əhəmiyyəti var, deyərdim. Qızlara qarşı formalaşan fikir onların evdə artıq olması, ikinci dərəcəli görülməsi, məhz evlilik üçün yetişdirilmələridir. Qızlara “sən, onsuz da bu evdən deyilsən, sən, ərə getməlisən, sən yadsan” deyilir, oğlan uşaqlarına isə nəslin davamçısı kimi baxılır”.


Bəs dövlət, məktəb, polis?

“Burada daha bir problem məktəblərlə bağlıdır. Məktəblərdə nə baş verir? Normalda hər bir valideyn borcludur ki, uşağı məktəbə göndərsin, əks təqdirdə bu laqeydlik sayılır və qanunla qadağandır. Ancaq məktəblərdə təhsildən yayındırılan azyaşlı qızların davamiyyətsizliyinin qeydiyyatı aparılmır. Bunu məktəb direktoru Təhsil Nazirliyinə vaxtında bildirmir. Əgər məsələni direktor vaxtında nazirliyə bildirsə, problemin qız nişanlı ikən həllinə nail olmaq olardı”, – deyir T.Gülməmmədli.

Fəalın sözlərinə görə, çox vaxt polisin erkən nikahla bağlı məlumatı olur:

“Ancaq buna mane olmur, bu faktları açıqlayıb bir növ cəmiyyəti narahat etmək istəmirlər”.

Gürcüstanda məişət zorakılığı qurbanları ilə iş təcrübəsi olan T.Gülməmmədli erkən evliliyə məcbur edilən bəzi qızların evdən qaçdığını da deyir: “Uşaq evdən qaçıb polisə müraciət edib, ya ata-ana məsuliyyətə cəlb olunub, ya da evləndiriləcəyi şəxs həbs olunub. Amma bu sistemin də tam işlədiyini deyə bilmərəm, çünki dövlətin resursları kifayət deyil. Olur ki, qız evdən qaçır, ata-anasına cinayət işi açılır, qız 18 yaşına qədər sığınma evində qalır. O yaşdan sonra o qız resurs yetərsizliyindən sığınma evini tərk etməlidir və onu ailəsi ilə barışdırmağa daha çox çalşırlar. Ümumi olaraq sistemin yaxşı işlədiyini deyə bilmərəm”.

Marneuli1.jpg
Marnueli


Buxovları qırmaq

Tbilisi Dövlət Universitetinin 3-cü kurs tələbəsi 22 yaşlı Gülgün Məmmədxanova Marneuli rayonunun Təkəli kəndindəndir. Onun iki böyük bacısını erkən yaşda evləndiriblər, ancaq Gülgünün fikrincə, 14 yaşlı qızın yeri məktəbdir:

“Bu dəqiqə o, məktəbə getməli, təhsil almalıdır. Bu yaşda qızın evləndirilməsi pis vərdiş, pis xəstəlikdir. Bu da bizim şüurumza hopub. İstər qız, istər oğlan olsun onların təhsil alması dəstəklənməlidir. Azyaşlıların evləndirilməsi də əsasən yaşlı nəslin nümayəndələrinin tələbidir. Hansı ki, daha çox qızların erkən yaşda evləndirilməsini dəstəkləyirlər. Və nəinki qızlar, oğlanlar da erkən evliliklərin qurbanı olurlar”.

Tələbənin sözlərinə görə, onun erkən nikahdan özünü xilas etməsi sadəcə əzmkarlığına bağlıdır. Gülgünün 13 yaşı tamam olanda kənddə və ailəsində onun ərə verilməsi ilə bağlı danışılmağa başlanıb.

UNFPA-nın “BMT Qadınlar”

hesabatında

Kvemo Kartlidə etnik azlıqdan olan qadınların 40 faizə qədərinin orta məktəbi bitirmədiyi, 7 faizinin ümumiyyətlə təhsil almadığı, ali məktəb məzunlarının isə yalnız 5 faiz təşkil etdiyi deyilir.



“Mediaşəbəkə”nin dəstəyilə

Ana səhifəXəbərlər“Nə qədər tez ərə getsə, bir o qədər yaxşıdır”