Erkin Qədrli: Bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını doğru saymıram

Deputatlar bələdiyyələrin statusunun artırılmasını təklif edib

Source:


Deputatlar bələdiyyələrin statusunun artırılmasını təklif edib

“Bu gün ölkədə artıq bəzi rəqəmlərə görə 650 min, bəzilərinə görə 450 min qanunsuz tikili var”.

Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bu barədə danışıb.

O bildirib ki, bu tikililərin əksəriyyəti bələdiyyələrin verdiyi kağızlarla tikilib:

“2008-ci ildən başlayaraq, Prezident İlham Əliyev bu məsələlərə dəfələrlə toxunub. Bununla bağlı komissiya yaradılıb. Ancaq təəssüf ki, bu məsələ hələ də həllini tapmayıb. Bakı kəndlərinə dəmiryolu xətləri çəkiləndə o insanlar oralardan köçürüldü və onlara müvafiq kompensasiyalar ödənildi. Hamı bilir ki, müvafiq dövlət orqanlarının razılığı olmasa, o evlər orada tikilməzdi. Amma indi həmin evləri rəsmiləşdirmək lazımdır”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

Deputat qeyd edib ki, ölkədə aparılan islahatlar dərinləşdirilməli, bələdiyyələrə əlavə səlahiyyətlər verilməlidir:

“Bələdiyyələr rayon icra hakimiyyətində mövcud olan şöbənin bir bölməsi kimi fəaliyyət göstərir. Bələdiyyələrə yerli dövlət orqanı statusu verilməli, icra hakimiyyəti orqanları ləğv olunmalıdır. Bundan başqa, Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır. Şəhərin problemləri ilə insanların seçdiyi şəxslər məşğul olmalıdır. Bələdiyyələrə seçkilər professional seçki sistemi əsasında keçirilməlidir”.


Əli Məsimli: “Bələdiyyələrin əsas problemi yerli icra hakimiyyəti orqanlarından asılılıqdır”

Deputat Əli Məsimli də bildirib ki, bələdiyyələrin qaldırdığı əsas problemlərdən biri yerli icra hakimiyyəti orqanlarından asılılıqdır:

“Bu asılılıq aradan qaldırılmayınca bələdiyyələrin səmərəli fəaliyyətindən söhbət gedə bilməz. Bələdiyyələrin kadastr sənədləri olmadığından əkin sahələri üçün verilən subsidiyaları ala bilmirlər. Bələdiyyələrin real vəziyyətini bilmək üçün onların təmsilçiləri dinlənilməli, bu sahədə nə qədər problem olduğu və qarşıda duran vəzifələri daha yaxından öyrənilməlidir.

Erkin Qədirli
Erkin Qədirli


Erkin Qədrli: “İcra başçıları və bələdiyyələrin səlahiyyətləri ilə bağlı legitimlik böhranı var”

Deputat Erkin Qədirli bildirib ki, bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını doğru və mümkün saymır və bununla bağlı qanunvericiliyə dəyişiklik edilməlidir:

“İcra başçıları və bələdiyyələrin səlahiyyətləri ilə bağlı legitimlik böhranı var. Bu məsələ təməldən yanlış qurulub. Ayaz Mütəllibov icra hakimiyyəti orqanını yaratdı və bu, hələ də davam edir. Azərbaycan Avropa Şurasında seçkili merləri, böyük şəhər bələdiyyələri olmayan yeganə ölkədir. Ona görə də ciddi olaraq biz bu çatışmazlığı aradan qaldırmaq haqqında düşünməliyik. Deputat kimi qanunvericilik təşəbbüsüm var və ola bilsin payız sessiyası üçün belə bir qanunu təklif edəcəyəm”.


Adil Əliyev: “Bələdiyyələrdə korrupsiya əməllərinə son qoyulmalıdır”

Vitse-spiker Adil Əliyev deyib bildirib ki, bəzi bələdiyyə sədrlərinin həbs olunması cəmiyyəti narahat edir:

“Bələdiyyələrdə korrupsiya əməllərinə son qoyulmalıdır. Bəzi vəzifəli şəxslər bu növ cinayətləri etməkdən çəkinməlidirlər. Bu əməllərə son qoyulmalıdır”.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni ədliyyə nazirlinin müavini Vilayət Zahirov təqdim edib. Müzakirələrdən sonra məruzə səsvermə yolu ilə təsdiq edilib.

Ana səhifəXəbərlərErkin Qədrli: Bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını doğru saymıram