“Həqiqətən də Rusiya ilə ehtiyatla davranmaq lazımdır”
Artıq bir neçə gündür televiziyalar öndə olmaqla hakimiyyətin təsir dairəsində olan informasiya mənbələri anti-ABŞ ovqatına köklənib. Müxtəlif informasiya saytlarında “John Kerry-nin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” başlığı ilə dərc olunan məqalə isə Vaşinqtona hücumun kulminasiya nöqtəsi idi. Yazı ilə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyi etiraz bəyanatı yayaraq qeydləri əsassız və ədalətsiz hesab edib. REAL siyasi hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ilə söhbətimizdə bu istiqamətdə yaranan suallara cavab almağa çalışdıq.
–
Erkin bəy, Azərbaycan hakimiyyətinin anti-Qərb əhvalı, kampaniyası nədən irəli gəlir? Hətta bu yöndə sonuncu açıqlamanı verən Prezident Administrasiyasının beynəlxalq şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Bakıya çox ciddi təzyiqlərin olduğunu bildirib. Nə dərəcədə inandırıcıdır deyilənlər?
– Çox təəssüf ki, bu məsələlər barədə yalnız fərziyyələrlə danışa bilərik. Çünki hökumətin illərlə qurduğu bu sistemdə xalqla və hətta mətbuatla rabitə yoxdur. Cəmiyyətə anlaqlı bir şey də demirlər ki, söhbətin nədən getdiyindən məlumatlı olaq. Misal üçün, təzyiqlər Qarabağla bağlıdırsa, Vaşinqtonun münaqişə ilə bağlı hansı təzyiqi ola bilər? Hökumətin ayrı-ayrı şərhçiləri, təsir dairələrində olan saytlardakı yazıları təqdimat etməyə çalışırlar ki, Amerika Azərbaycan hakimiyyətinə Qarabağ danışıqlarında güzəştə getməyə təzyiq edir. Bu təzyiqin olub-olmadığını demirəm, fərziyyələrlə danışırıq. Ancaq sağlam məntiqlə düşünəndə “bu, Amerikanın nəyinə lazımdır” sualı ortaya çıxacaq. Axı Qarabağı Ermənistana vermək Rusiyanı Cənubi Qafqazda gücləndirmək deməkdir. Vaşinqtonda da bunu anlayırlar. Ermənistan onsuz da Rusiyanın nəzarətindədir və münaqişə başlanğıcdan Moskvanın əlində bir alətdir. Nə qədər ki, problem həll olunmur, bundan hamı faydalanır, xüsusən də Rusiya. Fantastik ssenari götürək, Azərbaycanı Qarabağdan imtina etməyə məcbur edirlər və münaqişə həll olunur, hərçənd ki, mən buna inanmıram. Belə olanda, Qarabağ Amerikanın nəyinə lazımdır? Rusiyanın mövqeyini gücləndirməkmi istəyir? Axı bunun Amerikanın Rusiyaya qarşı apardığı siyasətlə heç bir uyğunluğu yoxdur. Moskvaya qarşı daha sərt tədbirlər görülür, maliyyə baxımından çökdürürlər, Putin NATO-nun Ukraynaya girməsini istəmirdi, ancaq hərbi alyans üstəlik Rusiyanın sərhədi boyu Baltik dənizindən Qara dənizə qədər bazalar yerləşdirilir. Yəni ABŞ istəyəndə edir və daha ciddi addımlar atır. Amerika qəzetlərinin yazdığı o qədər də önəmli deyil.
–
“John Kerry-nin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” başlıqlı məqalədə bildirilir ki, Azərbaycana qarşı kampaniyanın təşkilatçılığı MDİ-yə həvalə olunub…
– Hökumətin sözünü təkrarlamaq kimi çıxmasın, insan haqları vıə demokratiya bizim daxili işimizdir. Problem ondadır ki, hökumət özü bu məsələni beynəlxalqlaşdırıb. Daxildə bütün resurslar qapadılıb, parlamentdə müxalifət yoxdur, elektron media qalmayıb, son dalğa həbslər də məlumdur. Belə olanda cəmiyyətdəki fərqli fikirlər xarici mətbuata çıxır, hökumət də bunu xaricdən təzyiq kimi qəbul edir. Hərçənd ki, daxildəki qüvvələrlə danışmır, hətta saymır, amma həmin qüvvələrin sözünü başqası təkrarlayanda ona cavab verir və “satqın” adlandıraraq damğalayır. Problemi cəmiyyət, media, müxalifət və heç Qərb də yaratmır. Daxildəki yanlışlıqlardan kimsə faydalanırsa, bu, onun problemi deyil, bizimdir. Gəlin, problemi həll edək, kiməsə bəhanə verməyək və məsələ də bitsin.
–
Vyana protokoluna görə hakimiyyət tənqidlərə açıq olmalıdır, amma “bu məsələlər bizim daxili işimizdir” bəyanatını da verir…
– Əslində, ötən əsrin 90-cı illərindən iqtidarın indiki vəziyyətə gəlməsində Qərbin rolu çox böyük olub.
–
Nə mənada?
– Bütün mənalarda. Neft anlaşmalarından başlayaq. O zaman Qərb təzyiq etdi ki, müqavilələr parlamentdə ratifikasiya olunsun. Bu, hüquqi baxımdan nonsensdir, neft-qaz anlaşmaları dövlətlərarası müqavilə deyil ki, parlamentdə ratifikasiya olunsun. Ancaq Qərbə əlavə təminatlar lazım idi, hökumət də zəif olduğundan buna getdi. Həmin vaxtdan elə parlament seçkisi olmur ki, vacib neft-qaz anlaşması olmasın. Bu, ona gətirib çıxarır ki, Qərb Azərbaycanda paralmentin nəzarətdə olmasında maraqlıdır. Çünki demokratik parlament riskdir. Demokratik parlament sorğu-sual yaradar ki, Azərbaycanın payı filan müqavilədə bu qədərdir, yaxud məhsulun paylaşması sazişi niyə yoxdur və s. Deməli, demokratik parlament məsələləri uzada bilər. Həmin ratifikasiyaların nəticəsində neft anlaşmaları yerli qanunvericiliyimizdən üstün oldu. Ona görə xarici neft şirkətləri azərbaycanlıları işə götürəndə nə həmkarlar ittifaqları yarandı, nə də Əmək Məcəlləmiz işlədi. Bir sözlə, xaricilərə daha çox maaş verildi, ayrı-seçkilik oldu. Bunların hamısını Qərb edir, hökumət də şərtləri qəbul edib. Üstəlik, 2003-cü il seçkilərində nəticələr elan olunmamış ABŞ rəsmisi Armitac Əliyevi təbrik etdi. Bunu kim edir? Qərb. Əslində, müxalifətin və toplumun Qərbə insan haqları və demokratiya mövzusunda deyiləcək daha ciddi tənqidləri var. Eləcə də Qarabağ məsələsində.
–
Bəs müxalifət bu tənqidləri səsləndirə bilirmi?
– Mən edirəm. Sadəcə, bölgədə vəziyyət elədir ki, Rusiya düşmənimizin müttəfiqidir, hərbi bazaları var. Putin uydurma soyqırım mərasiminə qatıldı, Amerika prezidenti isə heç “soyqırım” ifadəsini də işlətmədi.
–
Ancaq Azərbaycan rəsmiləri və hökuməti dəstəkləyən partiyalar, o cümlədən, media Rusiyaya qarşı həssasdırlar, Amerikaya isə əksinə. Hətta hakimiyyətin təsir dairəsində olan mediada Rusiyayla bağlı tənqidlərə qadağa qoyulduğu barədə fikirlər səsləndi. Bu həssaslığın səbəbi nədir?
– Çünki Rusiya kobud gücdür və bu ölkədə təkbaşına idarə olunan hakimiyyət forması var. Putin istədiyini edəndə heç bir müzakirə açmır, konfrans da keçirmir. Krımı gördük, bütün sağlam məntiq işğalın siyasi yanlışlıq olduğunu deyirdi. Rusiya Krım hadisələrindən sonra 160 milyard dollar itirdi, özləri də etiraf edirlər. Guya, məqsəd NATO-nun Ukraynaya girməsinin qarşısını almaq idi, nəticədə əksinə oldu, ABŞ Qara və Baltik dənizlərinə hərbi bazalarını yerləşdirdi. Sonradan ziyanın Rusiyanın çəkdiyi bilindi, amma onların ziyanı özlərinə qalsın. Bu ziyan bizə də dəyir. Ona görə hakimiyyətin Rusiya ilə bağlı ehtiyatlı davranışını çox aydın görürəm. Həqiqətən də Rusiya ilə ehtiyatla davranmaq lazımdır. Amma bu, o demək deyil ki, Rusiyanı tarazlaşdıra biləcək başqa bir güclü tənqid lazımdır və bu, daha rahatdır. Hansı ki, Amerikada hansısa qərarın qəbulu mürəkkəb prosedurlardan keçir. Bu baxımdan Qərbə qarşı bu cür davranış yanlışdır. Çünki Amerikanın daha böyük planları var. Əslində, bizim marağımızdadır ki, Rusiyanı tarazlaşdıra biləcək başqa bir güclə yaxınlıq edək. Bu isə Amerikadır. Başqa bir güc varsa, desinlər. Fakt budur ki, başqa güc Amerikadır, söhbət amerikapərəstlikdən getmir. Sağlam məntiq əsas problemimiz Qarabağ olduğunu deyir, işğalçı Ermənistanın arxasında isə Rusiya dayanır. Bəs nə edək? Onu çəkindirəcək başqa güclə yaxınlaşaq.
–
Bizim hökumət isə Qərbi tənqid edir…
– Tənqid etmək olar, bunu mən də edirəm. Artıq bu, tənqid deyil, vəziyyət açıq-aşkar qarşıdurma anlamına gəlir.
–
Bəziləri bu qarşıdurmanı Rusiyanın təzyiqlərindən qorunmaq üçün bir siyasi oyun da hesab edir…
– Oyundursa, çox səliqəsiz oyundur. Əgər bunu siz anlayırsızsa, Rusiya anlamır? Və bu dərəcədə səliqəsiz oynanılırsa, ruslar bunu oxuya bilməyəcək? Bu qədər alət və vasitələr olduğu halda, bunu anlamağa nə var ki?!
–
Ümumiyyətlə, hakimiyyət Qərblə bu dərəcədə qarşıdurma riskinə getməklə nə qazanır?
– Məsələ ondadır ki, bu problemlərin kökü içimizdədir. Həmin o hüquq təsisatlarının, bazar iqtisadiyyatının, sivil toplumun mexanizmlərinin olmamasındadır. Hökumət böyük neft pulları hesabına ayıblarını örtürdü, insanların narazılığının qarşısını da onun vasitəsilə alırdılar, hətta tabeliyindəkiləri də neft gəlirlərilə idarə edirdilər. Loyallıq pulla alınırdı, çünki azad media, şəffaf seçki, müstəqil məhkəmə, qanunun aliliyi yoxdur, vətəndaş cəmiyyətinin təsisatları işləmir. Belə olanda, sabah Qərbin təzyiqləri qarşısında dayana bilməyəcəklər, yəni təzyiq olanda güclü müxalifət və cəmiyyətin buna imkan vermədiyini ortaya qoya bilməyəcəklər. Səbəb də budur ki, güclü müxalifətin və cəmiyyətin inkişafına, parlamentə daxil olmasına imkan verilməyib.
–
Məlum məqalədə Qərbin başlayacağı kampaniyanın “İnsan haqları naminə idman” adlandırıldığı bildirilir. Vaxtilə Rəsul Cəfərov “İnsan haqları naminə musiqi” kampaniyası aparmışdı və bu gün həbsdədir. Əgər mətbuatın əksəriyyəti hakimiyyətin nəzarətindədirsə, azad QHT sektoru dağıdılıbsa, belə kampaniya mümkündürmü?
– Bu barədə heç nə deyə bilmərəm. Sual kampaniyanı hazırlayanlara ünvanlanmalıdır. Ancaq Qərbdə olan müstəqil təşkilatlar ilk dəfə deyil ki, belə tədbirlər keçirirlər. Biz “Eurovision”da gördük. Çox zəif və sönük oldu. Məgər həmin kampaniya mahnı yarışmasının keçirilməsinə mane oldu?
–
Ancaq müəyyən mənada basqılar oldu, müxtəlif təşkilatların tədbirləri keçirildi…
– Oldu, amma nəticə hanı?
–
Nəticəsi o oldu ki, Rəsul Cəfərov, İntiqam Əliyev, Xədicə İsmayıl həbs edildi…
– Deməli, xeyri olmadı. QHT-lər də bəlli bir bürokratiyadır, onların da içində görülən işə xərclədiyi pulun hesabatlılığı var, bu, aydındır. Sadəcə, hökumət bunlara çox aşırı reaksiya verir. Əgər bu səviyyədə tədbir keçirib məqsədin diqqəti cəlb etməkdirsə, bilməlisən, yalnız müsbət diqqət olmur, mənfi məqmalara da diqqət olur. Adi bir şey, google-də Azərbaycan haqqında ingiliscə axtarış verin, görün, nə qədər pozuntularla rastlaşacaqsınız. İnternet dövründə bunları necə gizlətmək olar?!
–
Konkret olaraq cavab verin, hakimiyyət nədən narahatdır? Doğrudanmı, Qərb, yaxud Rusiya ölkədə vəziyyəti dəyişmək istəyir?
– Qərb indiki hakimiyyəti niyə devirsin ki? Bu, elə Qərbin hakimiyyətidir və Qərbə tam uyğundur. Bütün strateji məsələlərdə Qərbin maraqlarına uyğun davranır. Hansı vacib məsələlərdə Avropaya “yox” deyiblər? Əslində, cəmiyyətdə gərginliyi daha çox müstəqil məhkəmənin, azad medianın, demokratik seçkinin olmaması yaradır. İqtidar da bu gərginliyi görür və onu önləyə bilmir. Bu gedişlə vəziyyət nəzarətdən çıxacaq, çünki pul azalır. İndiyə qədər hekayə quruculuğu ilə məşğul olmayıblar, indi də çalışırlar spontan hekayə qursunlar. Bu da Qərbin əleyhinə yönələn hekayə kimi görünür. Azərbaycan daxilən demokratik dövlət olmadığından qurduğu hekayə də özü kimi avtoritar ölkələrin hekayəsinə bənzəyir. Məsələn, Rusiyadan götürürlər. Venesuelaya baxın, son vaxtlara qədər Amerikanı imperialist dövlət sayırdılarsa, indi Vaşinqtonla anlaşırlar. Kuba onilliklərlə dirəşdi, hətta SSRİ çökəndən sonra davam etdi. Sonra zamanın axarını, iqtisadi şərtlərin olduğunu anladılar. Artıq Kuba və Amerika prezidentləri görüşür.
–
Bizim hökumət də həmin müstəviyə gəlib çatacaqmı?
– Əslində, hakimiyyət durumu indiki hala gətirməməliydi. Çünki problem xaricdən qaynaqlanmır və hökumət Qərbin istədiyi vacib şeyləri edib. İnvestisiya yatırımları, ərazimizdən Əfqanıstana uçuş, NATO ilə əməkdaşlıq və s. Bunlar hamısı düzdür və buna görə biz də bir söz demirik. Amma bunu “Qərb bizim əleyhimizədir” kimi hekayə şəklində təqdim edəndə, yumşaq desək, inanmağımız gəlmir.