Erkin Qədirli: ”Sanksiyalar tətbiq olunsa…”

”Konqresin fevral ayında baxacağı gözlənilən sanksiyalar layihəsinə də çox ehtiyatla yanaşmağımız gərəkdir, hətta dövlət şirkətlərini və bankları da içinə alır”

Source:


”Konqresin fevral ayında baxacağı gözlənilən sanksiyalar layihəsinə də çox ehtiyatla yanaşmağımız gərəkdir, hətta dövlət şirkətlərini və bankları da içinə alır”

Amerika Birləşmiş Ştatlarının Azərbaycana sanksiya tətbiq etməsi hansı problemlər yarada bilər? Artıq bir neçə gündür ki, cəmiyyət bu sual ətrafında müzakirə aparır. Məzələ Milli Məclisin iclasında da müzakirə olunub. Bəs, doğrudan da, Konqres sanksiyaları reallaşdırsa, Azərbaycanı nə gözləyəcək?

ReAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli növbəti dəfə öz Facebook səhifəsində  sanksiyalarla bağlı şərh verib:

“Bizim, ReAl olaraq, istəyimiz sadəcə bu iqtidarın getməsi deyil. Biz öz hökumətimizi quracağımızı düşünürük. Odur ki, bu iqtidarın hansı şərtlər altında hökumətdən gedəcəyi bizi dərindən düşündürür. Bu iqtidarın nəyin bahasına olursa-olsun getməsini arzulamaq – məsuliyyətli müxalif mövqe deyil. Çünki bu iqtidarın hökumətdən getdiyi yerdən (şərtlərdən) başlamalı olacaqsan. Bu, sadə hesablamadır, amma bu hesabı mütləq aparmağımız gərəkdir.

ABŞ sanksiyaları layihədə yazıldığı kimi tətbiq edərsə, YAP-dan sonrakı hökumətə də mənfi təsiri olacaq. Sanksiyalar qanunla təyin olunacaq və ancaq qanunla ləğv oluna bilər. Bu isə o deməkdir ki, YAP-ın hökumətdən getməsi ABŞ-da həmin qanunu qüvvədən salası deyil. Qanunu qüvvədən salmaq üçün Konqresin iki otağında (Nümayəndələr və Senat) yeni qanun qəbul etmək lazım gələcək – yenə komitələrdə müzakirələr, yenə üç oxunuş (hərəsi iki dəfə – otaq sayına görə), sonra yekun səsvermə və Prezidentin imzası. Bu layihə qəbul olunarsa, onun sonradan ləğvinə nail olmaq Azərbaycanın yeni (demokratik) hökuməti üçün çox çətin olacaq. 907 saylı düzəlişin təcrübəsində bunun hələ də mümkünsüz olduğunu görürük”.

Erkin Qədirli şərhind örnək də göstərib: “”907″ demişkən, sizə konkret bu sanksiyanın təsirinə dair şəxsi örnəyimi verim. 907 saylı düzəlişin tətbiq olunduğu (indi tətbiqi dayandırılıb, amma hər an bərpa oluna bilər) illərdə Amerikaya elmi araşdırma üçün getmək istəmişdim. Sənədlərimi, tələb olunduğu qaydada ABŞ səfirliyinə verdim, amma elə sənədlərin qəbulu mərhələsində rədd olundum (heç içinə baxmadılar). BDU-da işlədiyimi gördülər və buna görə mənə imtina verdilər. Çünki 907 saylı düzəliş bütün dövlət təsisatlarına aid olunurdu, mən də, BDU müəllimi kimi, dövlət büdcəsindən maaş aldığıma görə 907 saylı düzəlişin təyin etdiyi sanksiyaların təsiri altına düşdüm (mənim kimi də minlərlə başqa adamlar). Şəxsən mənim heç bir günahım olmayıb, heç bir qanunu və ya başqa qaydanı pozmamışdım, hökumətin yürütdüyü siyasətə, ümumiyyətlə, aidiyyatım olmayıb (əksinə, mən elə o illərdə də iqtidara qarşı tənqidi fikirdə olmuşam) və s. Bununla belə, 907 saylı düzəliş məni də vurmuşdu (mənim kimi də minlərlə başqa adamları) – sadəcə dövlət büdcəsindən maaş aldığımıza görə. Mənim üçün yaxşı dərs oldu və mən nəticəmi o vaxtdan çıxarmışam. Ona görə də sanksiyalar məsələsinə çox həssas yanaşıram.

Konqresin fevral ayında baxacağı gözlənilən sanksiyalar layihəsinə də çox ehtiyatla yanaşmağımız gərəkdir. Orada ölkəmiz üçün təhlükəli məqamlar var – humanitar, səhiyyə və kənd təsərrüfatı sahələrindən başqa bütün proqramların maliyyələşdirilməsi dayandırılır, dövlətimizə kreditlərin verilməsi qadağan olunur. Sanksiyalar ünvanlı (konret şəxslərə qarşı) olsaydı, bunu anlamaq olardı. Amma burada təsir dairəsi əsassız dərəcədə genişdir. Hətta dövlət şirkətlərini və bankları da içinə alır.

İndi təsəvvür edin ki, YAP gedir, yerinə siz gəlirsiniz. Neft ucuz, pul çox az, xalqın qarşısında sosial öhdəliklər, 2020-ci ildən başlayaraq dövlətin xarici borclarının (üzərinə gəlmiş faizlərlə birlikdə) qaytarılması, infrastruktur problemləri, işğal və müharibə ehtimalı, köklü siyasi islahatlar zərurəti və s. – bütün bunlar üçün pul lazım olacaq. ABŞ isə sizə heç bir maddi yardım göstərə, maliyyə dəstəyi verə bilmir, çünki orada bunu qanun qadağan edir. Üstəlik, bu qanun Avropa ölkələrinə və beynəlxalq maliyyə qurumlarına da dolayı təsirini göstərəcək – oradan da yardım almaq çox çətin, ya da mümkünsüz olacaq.

Gəl indi bu şərtlər altında məsuliyyətli hökumət qur, demokratik təsisatlar yarat, xalqa xidmət et. Sizə indidən deyirəm ki, bu şərtlər altında demokratik hökumət qurula bilməyəcək, qurulsa da, tez zamanda devriləcək, çünki yeni hökumət xalq qarşısında sosial-iqtisadi öhdəliklərini yerinə yetirə bilməyəcək. Unutmayın ki, 1993-cü ildə Xalq Cəbhəsi hökumətinin düşməsində 907 saylı düzəlişin rolu az olmayıb. O düzəliş olmasaydı, Xalq Cəbhəsinin hökuməti ABŞ-dan birbaşa maliyyə və maddi yardım ala və onun hesabına hakimiyyətini qoruya bilərdi.

Təkrar edirəm, sanksiyalar haqqında qanun qəbul olunarsa, onun təsiri daha böyük və daha uzaqgedən olacaq. Günahı heç şübhəsiz indiki iqtidarın üzərində olsa da, əziyyətini sonrakı hökumətlər və dolayısıyla xalq çəkəcək”.

Ana səhifəXəbərlərErkin Qədirli: ”Sanksiyalar tətbiq olunsa…”